İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir ölkə vizasız oldu, turist axınına nə mane olur? – Ekspertdən CAVAB

Azərbaycan və Dominikan arasında viza rejiminin ləğv edilməsi azərbaycanlı turistlər üçün yeni səyahət imkanları yaradır. Karib hövzəsində yerləşən Dominikan Respublikası xüsusilə dəniz turizmi, çimərlikləri və kurortları ilə tanınır. Viza prosedurunun aradan qaldırılması isə bu istiqamətə səfərləri daha əlçatan edə bilər.

Bəs viza rejiminin ləğvi Dominikan Respublikasını azərbaycanlı turistlər üçün həqiqətən cəlbedici istiqamətə çevirə bilərmi? Uzaq məsafə, uçuş xərcləri və istirahət qiymətləri nəzərə alındıqda bu istiqamət Azərbaycan turizm bazarında nə qədər tələb görə bilər?

Məlumat üçün bildirək ki, Azərbaycan 2026-cı ildə bir sıra ölkə və ərazilərin vətəndaşları üçün vizasız gediş-gəliş rejimi tətbiq edib. Xarici İşlər Nazirliyinin məlumatına görə, cari il ərzində 9 ölkə və ərazi üzrə ümumvətəndaş pasportu sahibləri üçün birtərəfli qaydada vizasız rejim qüvvəyə minib. Yeni qaydalar çərçivəsində həmin ölkələrin vətəndaşları müəyyən edilmiş müddətlər ərzində Azərbaycana vizasız daxil olmaq, il ərzində 3 dəfə səfər etmək və hər giriş zamanı 30 günədək ölkədə qalmaq hüququ əldə ediblər. Vizasız rejimin əhatə etdiyi istiqamətlər sırasında Asiya, Yaxın Şərq və Avropanın bir sıra ölkələri, həmçinin Çin Xalq Respublikasının Honkonq və Makao Xüsusi İnzibati Regionları yer alır. Beləliklə, 2026-cı ildə Azərbaycan bir sıra xarici ölkələrin vətəndaşları üçün ölkəyə səfər imkanlarını genişləndirib.

"Skal Baku Turizm peşəkarları təşkilatı"nın sədri Ceyhun Aşurov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

17678790282412354130_1200x630.jpg (68 KB)

“Ümumiyyətlə, Dominikan Respublikası ilə Azərbaycan arasında viza rejiminin ləğv edilməsi müəyyən dərəcədə azərbaycanlı turistlər üçün diqqət cəlb edə bilər. Çünki Karib dənizi sahilləri, dəniz turizmi, çimərlikləri və kurortları ilə Dominikan Respublikası tanınan turizm destinasiyasıdır. Amma nəzərə alsaq ki, burada kifayət qədər böyük məsafə var və birbaşa uçuşlar yoxdur, təkcə vizanın olmaması kütləvi turist axınına və ya ciddi artıma səbəb ola bilməz. Daha çox zəngin turist kütləsi üçün cəlbedici bir məkan ola bilər. Xüsusi paketlər hazırlanaraq həmin istiqamətə getmək imkanları artırıla bilər”.

Ekspertə görə, ümumilikdə turist axınını artırmaq üçün təkcə vizanın olmaması əsas faktor deyil:

“Ehtimal ki, bu, sadəcə olaraq ölkələr arasında siyasi yaxınlaşmanın, qarşılıqlı gələcək, iqtisadi sahədə hansısa əməkdaşlıq formasında yaxınlaşmanın ilkin mərhələsidir. Bunun nəticəsi olaraq viza prosedurları sadələşdirilir və ya aradan qaldırılır. Azərbaycan Kolumbiya və bəzi Afrika ölkələri ilə də vizaların aradan qaldırılması ilə bağlı addımlar atıb. Amma statistikaya nəzər salsaq, 2023-cü ildə ümumiyyətlə Dominikandan Azərbaycana gələnlərin sayı 100-ü keçməyib. 2023-cü ildə bu rəqəm 32 nəfər olub. 2024-cü ildə artım qeydə alınıb. Ehtimal ki, bu, COP29 ilə əlaqədar olan artımdır. Həmin il Dominikandan Azərbaycana 87 nəfər gəlib. 2025-ci ildə isə yenidən 32 nəfər Dominikandan Azərbaycana gələn olub. Bu gəliş-gedişlər daha çox diplomatik səviyyədə qarşılıqlı səfərlərin nəticəsidir. Amma ümumilikdə, turistik nöqteyi-nəzərdən bunun üçün yəqin ki, müəyyən qədər zamana və birbaşa uçuşlara daha çox ehtiyac var. Həm də Azərbaycan üçün bunun nə qədər hədəf bazarı olduğu müzakirə oluna bilər. Amma ümumilikdə ölkəmizin viza prosedurlarının aradan qaldırılması və daha çox ölkə ilə sağlam, dostluq əlaqələrinin genişlənməsi ölkənin imici üçün də müsbət hesab olunur”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR