İnsanlara hürriyət, millətlərə istiqlal!

“Davidin ulduzu” altında qurulan saxta təşkilat: Bakıda Hersoqun qəbuluna saxta müşavir kimi getmək istəyib –Anatoli Rafailovun adı keçir

“Magen David Azerbaijan” saytına artıq giriş mümkün deyil. Hələ ötən həftə həmin saytdan təşkilatın “hüquq müdafiə və xeyriyyə qurumu” olduğu, onun nəzdində “hüquq departamenti”, “yüksək texnologiyalar” istiqaməti və “Azərbaycan-İsrail Ticarət Evi” layihəsinin fəaliyyət göstərdiyi barədə məlumat almaq mümkün idi. Bütün bunlara isə “beynəlxalq hüquq müdafiəçisi David Seliverstov”un rəhbərlik etdiyi bildirilirdi.

David Seliverstovun kim olduğu barədə Musavat.com yaxınlarda yazıb. Azərbaycanda bu adda və soyadda vətəndaş yoxdur. Bu adla özünü təqdim edən şəxs Kazım Elşən oğlu Abbasovdur. KİV-in məlumatına görə, o, 2011-ci ildə dələduzluğa görə məhkum edilib. Daha sonra saxta sənədlərdən istifadə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ittihamları ilə də məsuliyyətə cəlb olunub. 2014-cü ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsi onu külli miqdarda narkotiklə bağlı cinayət işi üzrə həbsə göndərib.

Yaxın günlərdə onun, yumşaq desək, heç də şəffaf olmayan fəaliyyəti barədə yayılan məlumatlardan sonra ölkəni tərk etdiyi bildirilir. Sosial şəbəkələrdə onun Ben-Qurion hava limanında olduğunu iddia etdiyi görüntülər yayılıb. Guya məqsəd Azərbaycana investisiya cəlb etmək üçün İsrailə işgüzar səfər etmək olub. Lakin ölkədən qəfil getməsi bu versiyaya o qədər də uyğun gəlmir.

“Seliverstov”un qəbuldan çıxarılması

Bu hadisə üç il ərzində ictimaiyyətə açıqlanmayıb.

Haqqin.az-ın məlumatına görə, hadisə 2023-cü ilin may ayının sonunda, İsrail prezidenti İsxak Hersoqun Azərbaycana səfəri zamanı baş verib.

İsrail prezidentinin şərəfinə təşkil olunan qəbulda Azərbaycanın yəhudi icmalarının rəhbərləri, hökumət nümayəndələri və ictimai xadimlər iştirak ediblər. Dəvət olunanlar arasında Milli Məclisin deputatı Anatoliy Rafailov da olub.

Onun adından İsrail səfirliyinə əvvəlcədən məlumat verilib ki, deputatı “müşavir Seliverstov” müşayiət edəcək. Girişdə sənədləri ŞABAK (İsrail Təhlükəsizlik Xidməti) əməkdaşları yoxlayıb. “Müşavir” şəxsiyyət vəsiqəsini təqdim edib. Sənəddə Kazım Abbasov adı qeyd olunub. Lakin qonaqlar siyahısında belə bir şəxsin adı olmayıb.

“Seliverstov” dərhal ərazini tərk etmək əvəzinə qalmaqal yaradıb və deputatdan İsrail prezidentinə çatdırmağı tələb edib ki, öz “müşaviri” olmadan tədbirə qatılmayacaq. İsrail təhlükəsizliyi isə belə məsələlərdə güzəştə getməyib. Şəxsdən binanı tərk etməsi istənilib və o, oranı tərk etməyə məcbur olub. Hadisənin şahidləri ölkədəki yəhudi icmalarının rəhbərləri olub və onlardan baş verənləri gizli saxlamaları xahiş edilib.

Hersoq ölkədən ayrıldıqdan sonra İsrailin o vaxtkı səfiri Corc Dik bir neçə icma nümayəndəsi vasitəsilə Azərbaycan Daxili İşlər Nazirliyindən “Seliverstov” barədə məlumat istəyib. Səfir bundan sonra həmin şəxslə şəxsən görüşməyib, yalnız bəzi ümumi tədbirlərdə eyni məkanda olublar.

“Magen David”: təşkilat adı altında təşkilatsızlıq

“Seliverstov”un təqdim etdiyi titulların sayı çox olub. Lakin araşdırmaya görə, onların heç birinin real əsası olmayıb.

“David Seliverstov” adına heç bir sənədi olmayan şəxs özünü “beynəlxalq hüquq müdafiəçisi”, “Magen David Azerbaijan” beynəlxalq xeyriyyə təşkilatının rəhbəri və “Azərbaycan Qafqaz yəhudiləri birliyinin” sədri kimi təqdim edib. Beləliklə, faktiki olaraq mövcud olmayan bir neçə təşkilatın rəhbəri statusunu daşıyıb.

Bu “vəzifələr” ona müxtəlif qapıları açıb. O, konfrans və forumlarda, Azərbaycan-İsrail münasibətlərinə həsr olunan tədbirlərdə iştirak edib, beynəlxalq strukturların nümayəndələri ilə eyni platformada yer alıb. Onu nə qədər çox görürdülərsə, bir o qədər az sual yaranırdı. Tanış sima olduğuna görə yoxlanılmış şəxs kimi qəbul edilirdi.

Qalan əsas sual isə “Magen David Azerbaijan”ın dünyaca məşhur İsrail təcili tibbi yardım xidməti “Magen David Adom”la əlaqəsinin olub-olmaması idi.

İsrailli jurnalistlər bu məsələ ilə bağlı “Magen David Adom”a müraciət ediblər. Qurumun mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın, eləcə də Abbasovun strukturunun fəaliyyət göstərdiyi Gürcüstanın heç birində onların törəmə təşkilatı və ya tərəfdaşı yoxdur.

“Magen David Adom”un qırmızı “David ulduzu” təcili yardım maşınlarını, səhra xəstəxanalarını və yaralıları atəş altından çıxaran insanları təmsil edir. Bakıda isə bu addan mövcud olmayan bir təşkilatı ört-basdır etmək üçün istifadə edilib.

Nazirliklərdə tanınmayan “müşavir”

“Seliverstov”un İsraildəki tərəfdaşı kimi təqdim olunan şəxs Pavel Yelizarovdur. O, “Likud” fəalı və partiya ilkin seçkilərinə qatılan namizəd kimi təqdim olunur.

Onun da təqdim etdiyi titullar az deyil: “XİN rəhbərinin Qafqazdan olanlarla iş üzrə müşaviri”, “müdafiə nazirinin müşaviri” və “Knessetdə dağ yəhudilərinin lobbi qrupunun baş direktoru”.

Araşdırmaya görə, İsrail Xarici İşlər Nazirliyində “Qafqazdan olanlarla iş üzrə müşavir” vəzifəsi mövcud deyil. Xarici İşlər Nazirliyi digər dövlətlərlə münasibətlərə cavabdehdir. Söhbət gedən Qafqaz əsilli şəxslər isə İsrail vətəndaşlarıdır və onların məsələləri XİN-in səlahiyyətlərinə aid deyil.

Nazirliyin mətbuat xidməti Pavel Yelizarov adlı şəxsi tanımadıqlarını və onun naziri təmsil etmədiyini bildirib. İsrail Müdafiə Nazirliyindən də oxşar cavab verilib. Nazirliyin sözçüsü A. Dahan Yelizarovun quruma məlum olmadığını açıqlayıb.

Dağ yəhudilərinin lobbi qrupuna gəlincə, Knessetin saytında qeyd olunur ki, bu qrup sonuncu dəfə 2020-ci ildə, 23-cü çağırış parlamentdə fəaliyyət göstərib və ona deputat Tali Ploskov rəhbərlik edib. Ploskov artıq uzun müddətdir Knessetdə deyil və lobbinin altı ildir rəhbəri yoxdur.

Yelizarovun öz QHT-si də var – “Qafqaz yəhudiləri (dağ yəhudiləri) Assosiasiyası”. Təşkilatın qeydiyyat nömrəsi 580471548-dir. O, bu qurumu “Ümumİsrail Qafqaz yəhudiləri birliyi” adlandırır. Təşkilatın son hesabatını 2023-cü ildə təqdim etdiyi bildirilir. Bu QHT-ni Azərbaycanda kim təmsil edir? Cavab olaraq yenə “Seliverstov”un adı göstərilir.

Daha bir maraqlı məqam da var. İvrit dilində Yelizarovun İsraildə kiminsə müşaviri olması barədə heç bir məlumat yayılmayıb. Bu barədə bütün yazılar rus dilində hazırlanıb. Onun Knessetə qanun layihələri təqdim etdiyi barədə məlumatlar da eyni qaynaqlardan yayılıb. Halbuki deputat olmadığı üçün onun Knessetə qanun layihəsi təqdim etməsi mümkün deyil.

Fəxri sədr

2023-cü il dekabrın 26-da mediada Yelizarovun Azərbaycana səfəri çərçivəsində Qubada keçirilən görüş barədə məlumat yayılıb. Görüşdən yayılan fotoda deputat Rafailovun yanında “Seliverstov”un dayandığı görünür. O, “Ümumİsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri” və “Magen David Azerbaijan”ın direktoru kimi təqdim olunub.

2025-ci ilin oktyabrında yerli mediaya müsahibəsində “Seliverstov” bildirib ki, “Magen David Azerbaijan İnsan Hüquqlarının Müdafiəsi və Xeyriyyə Cəmiyyəti” 2021-ci il avqustun 16-da Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri Anatoliy Rafailovun təşəbbüsü ilə yaradılıb.

Eyni məlumat təşkilatın saytında da yer alıb və deputat onun fəxri sədri kimi göstərilib.

İnternetdə onların birgə fotoları çoxdur, ümumi layihələr barədə məlumatlar da yayılıb. Bu vəziyyətdə deputata ünvanlanan suallar öz-özünə ortaya çıxır: O, İsrail prezidentinin qəbuluna apardığı şəxsin kim olduğunu bilirdimi? Bilirdisə, bunu nə vaxtdan bilirdi?

Sayt bağlanıb. “Seliverstov” xaricdədir. Amma suallar qalıb. Üstəlik, artıq bu suallar təkcə ona ünvanlanmır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR