İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan İLGİNC mövqe – Azərbaycan bir olsun, amma necə?

Deputat Fazil Mustafa Musavat.com-a müsahibəsində deyib ki, güneylilər İranda sistemin əsas qoruyucularıdır. Onun sözlərinə görə, bununla yanaşı, azərbaycanlılar dünyəvi modelin qurulmasında maraqlıdır.

F.Mustafa bildirib ki, azərbaycanlıların aksiyalarda zəif iştirakının səbəbi də məhz onların dövlət idarəçiliyində mühüm vəzifələr tutmasıdır: “İsrail və ABŞ əsasən silahlı kürd qruplarını dəstəkləyir. Azərbaycanlılar isə sistemin içində olan qüvvələrdir. Belə demək mümkünsə, azərbaycanlılar sistemin qoruyucusu kimi çıxış edirlər. Çünki hakimiyyət başında olanlar da azərbaycanlılardır. Əslində, indi Pezeşkiana imkan verilməlidir ki, islahatlar aparsın. Amma nə qədərki ölkəni dini rejim və onun başında duran molla idarə edir, islahatlar aparmaq mümkün olmayacaq”.

Qeyd edək ki, son bir neçə gündə Azərbaycan şəhərləri də ayağa qalxıb, lakin türklər farslar, bəluclar, kürdlər qədər fəal deyil. Bu, deputatın toxunduğu səbəblərdənmi irəli gəlir?

Siyasi İslamın 50 illik dövrü - Kənan Rövşənoğlu

Yaxın Şərq siyasəti üzrə yazar Kənan Rövşənoğlu Musavat.com-a deyib ki, Fazil Mustafanın qeyd etdiyi məqamlar doğrudur:

“Nəzərə almaq lazımdır ki, İranda hazırda ali dini lider, prezident və ordu baş qərargah rəisi (general Əmir Hatəmi) azərbaycanlıdır. Təbii ki, həlledici olmasa da, bu amillərin təsiri var. İranda əsas fəal olan kürd, bəluc və ərəb separatçılarıdır. Farslar isə belə demək olarsa, monarxiya tərəfdarı kimi fəallıq edir. Əlbəttə, o da unudulmamalıdır ki, İranda iqtisadi və sosial vəziyyətdən ciddi narazılıq var, küçəyə çıxanlar, xüsusilə də ilk vaxtlarda çıxanlar sosial problemlərə etiraz edir. Ancaq sonrakı etapda radikallaşan kütlə daha çox siyasi tələblər irəli sürdü. Bu zaman pəhləvi mövzusu ortaya çıxdı”.

Onun fikrincə, Rza Pəhləvinin İranda şah olması azərbaycanlılar üçün heç bir müsbət perspektiv vəd etmir:

“Çünki şahzadə federasiya və muxtariyyət vəd etmir, üstəlik onun atasının heç də yaxşı xatirələri qalmayıb. O zaman niyə azərbaycanlılar küçəyə çıxıb, qan töküb şahı gətirsin? Digər həssas məsələ budur ki, İranda təhlükəli kürd separatizmi var və onlar Azərbaycan ərazilərinə iddia edirlər. Bu vəziyyətdə azərbaycanlıların ehtiyatlı yanaşma nümayiş etdirməsi normaldır. Amma yenə deyirəm, iqtisadi və sosial vəziyyətdən narazılıq var və bu da etirazlar üçün əsas stimuldur”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR