İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dərin dövlət” in adamı Azərbaycanı hədəfə çıxarır

Gürcüstanda hakimiyyət daxilində qarşıdurma getdikcə daha təhlükəli mərhələyə keçir. Keçmiş baş nazir İrakli Qaribaşvilinin həbsxanadan göndərdiyi son məktublar artıq sadəcə “Gürcü Arzusu” daxilindəki siyasi çəkişmə deyil, Gürcüstan-Azərbaycan münasibətlərinə qədər uzanan böyük qalmaqala çevrilə bilər.

Musavat.com “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, hazırda həbsdə olan sabiq baş nazir Qaribaşvili baş nazir İrakli Kobaxidzeyə qarşı ağır ittihamlar səsləndirib və bu ittihamların mərkəzinə Azərbaycanın adını, daha dəqiq desək, David Qareci monastır kompleksi ətrafındakı mübahisəli məsələni gətirib.


Söhbət Gürcüstan-Azərbaycan sərhədində yerləşən David Qareci monastır kompleksinin bir hissəsinin Azərbaycana verilməsi ilə bağlı yayılan iddialardan gedir.

Bu iddianı ilk dəfə insan hüquqları müdafiəçisi Lazare Corbenadze “Asaval-Dasavali” qəzetinə müsahibəsində səsləndirib. O, Kobaxidzenin Azərbaycanla gizli razılaşma imzaladığını və Qareci ərazisinin bir hissəsinin Azərbaycana verildiyini iddia edib. Qaribaşvili həbsxanadan yazdığı məktubda Corbenadzenin ölümünün rəsmi versiyasını şübhə altına alıb və onun Qareci ilə bağlı məlumatlara görə aradan götürülmüş ola biləcəyini irəli sürüb. Qaribaşvili iddia edir ki, onun özü də məhz bu məsələ ilə bağlı siyasi təzyiqlərlə üzləşib. Keçmiş baş nazirin sözlərinə görə, hakimiyyət onun Qareci məsələsi ilə bağlı yayılan məlumatlarla əlaqəsini araşdırmağa çalışıb.


Picture background

Beləliklə, Gürcüstanda siyasi qarşıdurmanın mərkəzinə Azərbaycanla sərhəd məsələsi və David Qareci kompleksi gətirilib.

Kobaxidze isə son açıqlamasında bu iddialara sərt cavab verib. Baş nazir bildirib ki, son illərdə heç bir ölkə ilə, o cümlədən Qareci istiqamətində sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı nə yazılı, nə də şifahi razılaşma əldə olunub. O, yayılan məlumatları “yalan və spekulyasiya” adlandırıb.

Kobaxidzenin mövqeyi olduqca konkretdir: onun sözlərinə görə, Qareci istiqamətində hər hansı real irəliləyiş olmayıb və heç bir ərazi ilə bağlı razılaşma imzalanmayıb. Burada diqqət çəkən əsas məqam odur ki, Azərbaycanın adı Gürcüstandakı daxili siyasi savaşın alətinə çevrilir.

Bununla belə, Garibaşvili susmaq niyyətində deyil. Garibaşvili bildirib ki, hökumət konkret faktlar və ortaya atılan suallarla bağlı vaxtında və şəffaf izahat vermək əvəzinə, bir sıra “ciddi olmayan araşdırmalar” aparmağa başlayıb.

Onun sözlərinə görə, bu araşdırmaların əsas məqsədlərindən biri onu “Vahid Milli Hərəkat”la (VMH) əlaqələndirmək və bütün prosesi radikal müxalifətlə əvvəlcədən planlaşdırılmış və koordinasiya edilmiş fəaliyyət kimi təqdim etmək olub. “Bundan əlavə, bu yaxınlarda öyrəndim ki, mən həm “dərin dövlət”in, həm də Fransanın agentiyəm. Mənə ‘bəxtim gətirib’ ki, başqa xarici dilləri bilmirəm. Əks halda, yəqin ki, məni digər ölkələrin də ‘agenti’ elan edərdilər”, – deyə Garibaşvili bildirib.

Rəsmi Bakı bu məsələyə heç bir reaksiya vermir və bu ortaya atılan iddialara ciddi yanaşılmadığı deməkdir. Amma “Gürcüstan hakimiyyətindəki daxili hesablaşmalarda niyə məhz Azərbaycan və David Qareci məsələsi əsas siyasi silahlardan birinə çevrilib” sualı da açıq qalıb...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Sentyabr 2026

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR