İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlətə və xalqa xəyanət belə yaranır - Millət vəkilinin hadisə kimi yazısı

İnsan əvvəlcə dövlətinə deyil, öz mənəvi bütövlüyünə xəyanət edir...

Bu baxış bucağı ilk baxışda bir qədər sərt görünə bilər. Lakin son 200 ildə siyasi və sosial psixologiya, fəlsəfə və davranış elmləri sahəsində aparılmış fundamental tədqiqatlar göstərir ki, şəxsiyyətin əxlaqi dayaqları sarsılmadan onun özünü mənsub olduğu kollektivə qarşı qoyması olduqca nadir hadisədir. Mahiyyət etibarilə, fərd əvvəlcə öz kimliyini yenidən formalaşdırır, sonra isə həmin yeni kimliyin tələblərinə uyğun davranmağa başlayır.

Bu baxımdan, mənsub olduğun xalqa, dövlətə xəyanəti ani qərar kimi deyil, mərhələlərlə baş verən mənəvi deqradasiyanın nəticəsi kimi təqdim etməyin daha doğru olduğunu düşünürəm.

Bu prosesin başlanğıcı çox vaxt səssiz olur və bir qayda olaraq, mənsubiyyət hissinin zəifləməsi ilə başlayır. İnsan özünü artıq mənsub olduğu xalqın, millətin, cəmiyyətin ayrılmaz hissəsi kimi deyil, ondan kənarda dayanan müşahidəçi kimi görməyə başlayır. Sonra müşahidəçi xroniki narazılığa yoluxmuş “tənqidçi”yə, “tənqidçi” isə zaman keçdikcə mənsub olduğu ailəni, toplumu düşmən obrazında təsəvvür edən saxta ideoloji subyektə çevrilir. Bu andan sonra isə fərdin davranışları artıq əvvəlki mənəvi ölçülərlə izah olunmur. Alman filosofu Karl Yaspersə görə, insanın əsl mahiyyəti ekstrimal keçid mərhələlərində üzə çıxır. Müharibə, böhran, təhlükə və ya çətin seçim anları insanın xarakterini dəyişdirmir. Onun daxilində mövcud olan mənəvi strukturu gün işığına çıxarır. Sədaqət də məhz belə sınaqlarda öz dəyərini büruzə verir, mənəvi seçimə çevrilir. Fridrix Niçşe isə hesab edir ki, uzun müddət yığılan acizlik, qısqanclıq və özünü reallaşdıra bilməmək kompleksi yaradıcı enerjiyə çevrilmədikdə, insan həmin enerjini dağıdıcı nifrət formasında xaricə yönəldir. Belə insan uğursuzluqlarının səbəbini özündə deyil, kənarda axtarmağa başlayır. O, əvvəlcə öz taleyinə etiraz edir, sonra isə həmin etirazı mənəvi mövqe təqdim etməklə özünə haqq qazandırmağa çalışır. Qeyd edim ki, Niçşenin bu müşahidəsi müasir dövrdə  siyasi psixologiya sahəsində aparılan tədqiqatların nəticələri ilə də səsləşir. Bu xüsusda Ziqmund Freydin insan psixikasının özünü necə aldatdığını nümayiş etdirən fikirlərinə də nəzər salmağın zəruri olduğunu düşünürəm. Freydin təsvir etdiyi müdafiə mexanizmləri – inkar, proyeksiya, rasionallaşdırma fərdi münasibətlərlə yanhaşı, siyasi davranışda da özünü göstərir. İnsan fı ilə davranışı arasındakı ziddiyyəti sonsuzadək daşıya bilmir. O, ya davranışını dəyişməli, ya da həmin davranışı əxlaqi baxımdan qəbul edilən norma kimi təqdim etməlidir. Məhz bu nöqtədə xəyanət çox vaxt "ədalət uğrunda mübarizə", "ali məqsəd", "zəruri seçim" və ya "tarixi missiya" kimi yozulmağa başlayır.

Karl Qustav Yunq bu prosesi başqa bir rakursdan izah edir. Onun "Kölgə" arxetipi haqqında düşüncələri göstərir ki, insan qəbul etmək istəmədiyi xüsusiyyətlərini çox vaxt başqalarına proyeksiya edir. Şəxsi narazılıqlar, daxili konfliktlər və həll olunmamış psixoloji problemlər bəzən kollektiv obrazlara – dövlətə, xalqa və ya tarixi keçmişə yönələn ittihamlar şəklində ifadə olunur.

Təbii ki, bütün bu nümunələri gətirməkdə niyyətim konkret insanlara psixoloji diaqnoz qoymaq deyil. Söhbət mənəvi böhran hallarının, deqrodasiya prosesinin elmi ədəbiyyatda təsvir olunan ümumi mexanizmlərindən gedir. Bu yazını qələmə almaqda isə məqsədim, məhz həmin mexanizmlərin sistemli izahını verməkdən ibarətdir.

Bu yazıda dövlətə və xalqa xəyanətin, yalnız hüquqi kateqoriya kimi deyil, sosial identikliyin deformasiyası, mənəvi məsuliyyət hissinin aşınması, informasiya təsirlərinin psixoloji nəticələri və şəxsiyyətin daxili transformasiyası kontekstində təqdim etməyə çalışmışam.

Bu yanaşmanın daha bir mühüm səbəbi var: Müasir dövrdə müharibələr təkcə cəbhədə aparılmır. Dövlətlərin rəqabəti və ya qarşıdurması, eyni zamanda informasiya məkanına, kollektiv yaddaşa və insanın identiklik hissinə yönəlib. Belə bir şəraitdə milli təhlükəsizlik anlayışı, yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır. Cəmiyyətin psixoloji dayanıqlığı, vətəndaşın mənəvi immuniteti və milli kimlik hissi də təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilir.

Məhz buna görə dövlətə xəyanət fenomenini öyrənmək keçmişi anlamaqla bərabər gələcəyi qorumaq üçün də vacib şərtdir. Təbii ki, əgər xəyanətin psixoloji anatomiyasını anlaya bilsək, onun yaranma mexanizmlərini də daha yaxşı dərk edərik. Bu isə təhsil, mədəniyyət, informasiya siyasəti və vətəndaş tərbiyəsi sahəsində daha təsirli yanaşmalar formalaşdırmağa imkan verə bilər.

Sədaqət borcu

Dövlətə xəyanət haqqında danışarkən ən çox yol verilən metodoloji səhvlərdən biri bu təzahürün yalnız hüquq müstəvisində dəyərləndirilməsidir. Lakin hüquq xəyanətin nəticəsini qiymətləndirir, fəlsəfə isə onun mahiyyətini araşdırır. Bu fərq kifayət qədər prinsipialdır.

Cinayət Məcəlləsi dövlətə xəyanətin hüquqi tərifini verə bilər. Lakin heç bir hüquq norması "niyə insan sədaqətli olmalıdır?" sualına cavab vermir. Hüquq öhdəlik yaradır, amma bu öhdəliyin mənəvi mənbəyini izah etmir.

Əgər dövlət sadəcə inzibati institut olsaydı, ona sədaqət də sadəcə müqavilə xarakteri daşıyardı. Və belə olan halda vətəndaşın dövlətlə münasibəti işçi ilə işəgötürən arasındakı münasibətdən prinsipial şəkildə fərqlənməzdi. Dövlət öz funksiyalarını yerinə yetirmədikdə, vətəndaşın da ona bağlılığı sona çatar, sədaqət isə bazar münasibətlərində olduğu kimi qarşılıqlı fayda prinsipi ilə ölçülərdi. Lakin tarix göstərir ki, xalqlar dövlətlərini məhz çətin anlarda anlarda müdafiə edirlər. Müharibələr, işğallar, siyasi böhranlar və milli faciələr zamanı milyonlarla insan şəxsi maraqlarını deyil, toplumsal taleyi seçir. Bu seçim isə iqtisadi hesablamaların, maraqların yox, mənəvi identikliyin nəticəsidir. Deməli, dövlət anlayışını yalnız hüquqi konstruksiya kimi izah etmək yetərli deyil. Dövlət, ilk növbədə, ortaq yaddaşın, ortaq məsuliyyətin və ortaq taleyin siyasi ifadəsidir.

Bu nəticəyə gəlmək üçün isə siyasi fəlsəfənin əsas mənbələrinə müraciət etmək zəruridir.

Dövlət insan ruhunun böyüdülmüş surətidir

Qərb siyasi fəlsəfəsində dövlət haqqında ilk sistemli nəzəriyyəni Platon yaradıb. Filosof "Respublika" adlı dialoqunda diqqəti olduqca maraqlı bir məqama yönləndirir. Güclü və ədalətli dövlət yalnız qanunlarla yaranmır. Güclü dövlət ilk növbədə insanların dünyagörüşündən, mənəvi dünyasından boy atır, inkişaf edir. Məhz bu baxımdan, Platon dövləti insan ruhunun böyüdülmüş modeli hesab edirdi. Necə ki, insanın ruhunda ağıl, iradə və ehtiras arasında harmoniya pozulduqda daxili xaos yaranır, dövlət də eyni qanunauyğunluğa tabedir. Bu analogiya xəyanətin başa düşülməsi üçün son dərəcə vacibdir. Əgər dövlət insanın mənəvi aləminin kollektiv təzahürüdürsə, onda dövlətə qarşı yönəlmiş dağıdıcı fəaliyyət də siyasi aktdan daha çox, mənəvi harmoniyanın pozulmasının sosial ifadəsidir.

Aristotel "Siyasət" əsərində insanın təbiət etibarilə siyasi varlıq olduğunu yazır. Qeyd edim ki, bu ifadə bəzən yanlış anlaşılır. Yəni Aristotel demir ki, insan mütləq siyasətlə məşğul olmalıdır. O deyir ki, insan yalnız kollektiv həyat şəraitində öz mahiyyətini reallaşdıra bilir. Aristotelə görə ailə, icma, xalq inkişafın təbii ardıcıllığıdır. Deməli, dövlət insanın yaratdığı təsadüfi institut deyil, insan təbiətinin davamı hesab olunmalıdır. Bu baxımdan, dövlətə sədaqət də xaricdən tətbiq edilən öhdəlik yox, insanın öz mahiyyətinə sədaqətidir. Düşünürəm ki, Aristotelin yanaşması maraqlı bir nəticəyə gətirib çıxarır. Əgər dövlət insanın təbii inkişaf formasıdırsa, onda dövlətə xəyanət yalnız siyasi yox, həm də antropoloji anomaliyadır.

Qədim Roma filosofu, natiqi və parlamentarisi Siseron dövləti "Res Publica" (ümumi iş) adlandırırdı. Bu anlayışın mərkəzində isə hakimiyyət yox, ümumi mənafe dayanır. Siseron yazırdı ki, xalqı xalq edən onun ayrı-ayrı fərdlərinin eyni ərazidə yaşaması deyil, eyni hüquq və eyni maraq ətrafında birləşməsidir. Buradan mühüm bir nəticə ərsəyə gəlir: Dövlətə sədaqət ilk növbədə ümumi rifaha, vahid mənafeyə, ortaq dəyərlərə sədaqətdir.

Tomas Hobbs "Leviafan" əsərində qeyd edir ki, hakimiyyət olmadıqda insanın insana münasibəti "hər kəsin hər kəsə qarşı müharibəsi" formasını alır. Hobbsun dövlət nəzəriyyəsi çox vaxt təhlükəsizlik nəzəriyyəsi kimi təqdim olunur. Lakin burada daha dərin məqam var. Dövlət, sadəcə qnunların icrasını təmin edən aparat deyil. O, xaosu mənaya çevirən institutdur. Çünki insan öz təhlükəsizliyini təkcə silah vasitəsilə yox, həm də etimad, güvən vasitəsilə təmin edir. Etimad isə siyasi institutların mənəvi legitimliyinin təzahürüdür.

Bu xüsusda, Hegelin müasir siyasi fəlsəfənin zirvələrindən hesab olunan  fikirlərinə də diqqət çəkmək istəyirəm. Hegelə görə, "Dövlət əxlaqi ideyanın gerçəklikdə təcəssümüdür." Bu fikir çox vaxt yanlış şərh edilir. Hegel dövləti müqəddəsləşdirmir, o göstərir ki, ailə fərdi əxlaqı, vətəndaş cəmiyyəti, şəxsi maraqları, dövlət isə ümumi məsuliyyəti təmsil edir. Bu baxımdan, dövlət sadəcə inzibati aparat deyil. O, kollektiv vicdanın institusional formasıdır. Əgər belədirsə, o zaman dövlətə xəyanət həm də kollektiv vicdanın inkarı deməkdir.

Müasir geosiyasi qarşıdurmalarda əsas mübarizə yeni ərazilər qazanmaqdan daha çox identiklik uğrunda gedir. Deməli, əgər insanın "dost" və "düşmən" haqqındakı təsəvvürü dəyişdirilərsə, onun siyasi davranışını dəyişmək də mümkün olur. Burada xəyanət ilk növbədə davranış dəyişikliyi deyil, mənsubiyyət hissinin dəyişməsidir.

Burada mühüm suallar ortaya çıxır: Vətən nədir? Sadəcə doğulduğun torpaq? Vətəndaşı olduğun dövlətin ərazisi? Yoxsa dövlət sərhədi?

Fransız filosofu Pol Riker kollektiv yaddaş haqqında yazarkən qeyd edir ki, insanın kimliyi onun keçmişlə qurduğu əlaqələr vasitəsilə formalaşır. Bu baxımdan, vətən təkcə coğrafi məkan deyil, ortaq xatirələr, dil, mədəniyyət, itkilər və nailiyyətlər üzərində qurulan mənəvi yaddaşdır.

Bu yanaşma ilə Hegelin və Aristotelin fikirləri arasında dərin daxili əlaqə var. Dövlət həmin yaddaşın siyasi formasıdırsa, vətən onun mədəni və mənəvi məzmunudur. Dövlət və vətən fərqli anlayışlar olsa da, milli identiklikdə bir-birini tamamlayırlar.

İnsan niyə dövlətinə sədaqətli olmalıdır?

Platonun, Aristotelin, Siseronun, Hobbsun, Hegelin və Karl Şmittin fərqli yanaşmaları bizi ortaq nəticəyə gətirir: Dövlət ortaq yaddaşın, ortaq məsuliyyətin və ortaq gələcək ideyasının siyasi ifadəsidir. Deməli, dövlətə sədaqət, sadəcə qanuna tabe olmaq anlamına gəlmir. O, insanın öz mənsub olduğu tarixi, mədəni və mənəvi aləmlə bağını qoruyur. Bu səbəbdən, xəyanət də yalnız hüququn pozulması kimi başa düşülə bilməz. O, hər şeydən əvvəl mənəvi identikliyin aşınması, kollektiv yaddaşla bağın qırılması və fərdin özünü ortaq taledən ayırması prosesidir.

Məhz buna görə siyasi xəyanətin psixologiyasını anlamaq üçün insanın daxili dünyasına enmək zəruridir. Çünki dövlətə qarşı yönələn davranışın kökləri çox vaxt siyasətdə deyil, insanın öz "Mən"i ilə münasibətində gizlənir.

"İnsan dövlətinə xəyanət etməzdən əvvəl öz vicdanı ilə münasibətini dəyişir"

Siyasi tarix bizə çox şey öyrədir. O, imperiyaların necə dağıldığını, inqilabların necə başladığını, dövlətlərin necə zəiflədiyini izah edir. Lakin siyasi tarix bu prosesin iştirakçısı olan insanların daxilində baş verənlər haqqında danışmır. Halbuki dövlətə və xalqa qarşı yönəlmiş destruktiv davranışın başlanğıcı çox vaxt parlamentlərdə, siyasi partiya qərargahlarında, media subyektlərinin ofislərində və ya xarici siyasi mərkəzlərdə deyil, insanın öz daxili aləmində yaranan görünməz çatlarda axtarılmalıdır.

Çünki hər hansı davranışdan əvvəl onu mümkün edən psixoloji vəziyyət formalaşır. İnsan hərəkət etməzdən öncə daxilən öz hərəkətini mümkün hesab etməyə başlayır. Məhz bu səbəbdən, xəyanət ani, birdəfəlik qərar hesab oluna bilməz. O, mənəvi koordinatların tədricən dəyişməsi, vicdanın yeni izah mexanizmləri yaratması və şəxsiyyətin özünə baxışının transformasiyası ilə müşayiət olunan ziddiyyətli və uzun bir prosesdir. Bu prosesi anlamaq üçün siyasi hadisələrin deyil, insan psixikasının tarixinə nəzər salmaq lazımdır.

İnsan öz vicdanı ilə sonsuz mübarizə apara bilmir. Əgər onun davranışı ilə mənəvi dəyərləri arasında dərin ziddiyyət yaranarsa, psixika bu gərginliyi aradan qaldırmağa çalışır. Bunun isə iki yolu var. İnsan ya davranışını, ya da davranışını qiymətləndirən mənəvi meyarları dəyişməlidir. Tarix göstərir ki, ikinci yol çox vaxt daha asan görünür. Ziqmund Freyd psixoanalizin əsas ideyalarından birini məhz bu nöqtədən irəli sürür. Onun təsvir etdiyi müdafiə mexanizmləri, yəni inkar, proyeksiya və rasionallaşdırma insanın həqiqətdən qaçması deyil, öz "Mən"ini qorumaq cəhdidir. İnsan, hətta əxlaqsız olsa da belə özünü əxlaqsız hesab etmək istəmir. Buna görə də o, davranışını dəyişmədən əvvəl özünüçün həmin davranışın mənasını dəyişir. Siyasi müstəvidə bu mexanizm daha mürəkkəb formaya düşür. Fərd artıq "mən düzgün hərəkət etmirəm" demir. O, "mənim etdiyim əslində daha yüksək məqsədə xidmət edir" qənaətini özünümüdafiə elementi kimi önə çıxarır. Beləliklə, vicdan susdurulmur, vicdanın dili dəyişdirilir. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, insan çox vaxt yalanı başqalarından öncə özünə danışır. Özünə inanmağa başlayan şəxs isə sonradan başqalarını da inandırmağa çalışır.

Məhz bu səbəbdən, əgər Freyd vicdanın müdafiə mexanizmlərini izah edirsə, Fridrix Niçşe həmin müdafiənin emosional mənbəyini göstərməyə çalışırdı. Niçşenin kin (ressentiment) anlayışı adi inciklikdən fərqlənir. Bu, uzun müddət yığılan, lakin açıq şəkildə ifadə olunmayan narazılığın, acizliyin və özünü reallaşdıra bilməmək hissinin daxildə toplanaraq yeni dəyərlər sistemi yaratmasıdır. Belə insan əvvəlcə öz seçimlərinin uğursuzluğunu yaşayır. Sonra bu uğursuzluğun səbəbini özündə deyil, xarici aləmdə axtarır. Daha sonra həmin izahı əxlaqi çərçivəyə salır. Nəhayət, şəxsi narazılığını "prinsipial mövqe" kimi təqdim etməyə cəhd göstərir. Məhz bu mərhələdə mühüm psixoloji dönüş baş verir. İnsan artıq gerçəyi axtarmır, o, incikliyinə haqq qazandıracaq “həqiqəti” axtarır. Məhz burada ideologiya bəzən dünyanı anlama vasitəsi olmaqdan çıxaraq, daxili narazılığı əsaslandıran psixoloji sipərə çevrilir.

Karl Qustav Yunq hesab edir ki, hər bir insanın qəbul etmək istəmədiyi xüsusiyyətlər "kölgə" adlanan psixoloji sahədə toplanır. Bu xüsusiyyətlər yox olmur, onlar tez-tez başqa insanlarda, qruplarda və ya institutlarda təzahür edir. Qeyd edim ki, bBu nəzəriyyə siyasi davranışı izah etmək üçün əlverişli zəmin yaradır. Fərd öz daxilində qəbul etmək istəmədiyi zəiflikləri, qorxuları və ya məyusluqları bəzən kollektiv obrazlara yönəldir. Belə hallarda dövlət siyasi institut kimi deyil, şəxsi konfliktlərin simvolik ünvanına çevrilə bilər. Bu yanaşma konkret insanın davranışına avtomatik tətbiq edilə bilməz. Lakin o göstərir ki, siyasi münaqişələrin bir hissəsinin fərdin daxili psixoloji dinamikası ilə də əlaqələndirmək mümkündür.

İngilis psixoanalitiki Erik Erikson şəxsiyyətin inkişafını identiklik axtarışı ilə əlaqələndirir. Onun fikrincə, insan "Mən kiməm?" sualına sabit cavab tapa bilmədikdə, yeni mənsubiyyət formaları axtarmağa başlayır. Bu fikir müasir siyasi proseslər üçün xüsusi əhəmiyyət daşıyır. Çünki qloballaşma, miqrasiya və rəqəmsal informasiya mühiti insanın ənənəvi identiklik dayaqlarını dəyişdirə bilir. Milli kimlik zəiflədikdə yaranan boşluq müxtəlif maraq qrupları tərəfindən doldurulur. Beləliklə, siyasi mövqenin dəyişməsi bəzən sadəcə fikir dəyişikliyi deyil, daha dərin identiklik transformasiyasının əlaməti olur.

Karl Yaspersə görə, insan həyatında elə məqamlar olur ki, həmin anlarda əvvəlki izahlar hər hansı bir təsirə malik olmur. O, bu vəziyyətləri "sərhəd situasiyaları" adlandırır. Müharibə, ölüm təhlükəsi, məğlubiyyət, böyük böhran və mənəvi seçim məhz belə situasiyalardandır. Yaspersə hesab edir ki, insanın həqiqi siması rahatlıq şəraitində deyil, məhz bu sərhəd vəziyyətlərində nəzərə şarpır. Bu baxımdan, dövlətə sədaqət də əsl sınaq zamanı qəbul edilən mənəvi-etik qərardır. İnsanın hansı dəyərləri qoruduğu və hansılarından imtina etdiyi məhz bu məqamlarda üzə çıxır.

Göründüyü kimi, Freyd, Niçşe, Yunq və Erikson müxtəlif dillərdə danışsalar da, onların nəzəriyyələri eyni nöqtədə kəsişir. Şəxsiyyət öz daxilində bütövlüyünü itirməyə başlayanda ilk dəyişən insanın özünə verdiyi izah olur. Bu baxımdan, əvvəlcə vicdan yeni arqumentlər yaradır, sonra identiklik yeni dayaqlar tapir, daha sonra emosiyalar yeni düşmən obrazları formalaşdırır. Nəhayət, davranış həmin daxili transformasiyanın xarici ifadəsinə çevrilir. Məhz buna görə də xəyanət və ya dövlətə qarşı yönəlmiş destruktiv fəaliyyət çoxqatlı psixoloji proses kimi öyrənilməlidir.

Vicdanın yenidən “proqramlaşdırılması”

Psixologiyanın ən mühüm nəticələrindən biri budur ki, insanın öz "Mən" obrazı ilə davranışı arasında yaranan ziddiyyət davamlı vəziyyət ola bilməz. Yəni insan özünü “pis adam” hesab edərək uzun müddət eyni daxili mənəvi təzyiq altında yaşaması mümkün deyil. Əgər belə bir ziddiyyət yaranırsa, psixika onu aradan qaldırmağa çalışır. Ən sadə yol isə davranışı dəyişməkdir. Lakin bu, həmişə mümkün olmur. İkinci yol - davranışın mənasını dəyişmək - isə daha mürəkkəb, amma çox vaxt daha cəlbedici görünür. Məhz bu nöqtədə psixologiya siyasi davranışın ən dərin qatlarına enir.

Dövlətə və xalqa qarşı yönəlmiş destruktiv fəaliyyətin bir çox formalarında müşahidə olunan əsas xüsusiyyət ondan ibarətdir ki, fərd öz hərəkətini əxlaq pozuntusu kimi deyil, daha yüksək məqsədə xidmət edən seçim kimi təqdim etməyə başlayır. Bu, isə insanın öz daxilində qurduğu mənəvi müdafiə sisteminin ortaya çıxardığı saxta qənaətdən başqa bir şey deyil.

Amerikalı psixoloq Leon Festinger 1957-ci ildə "koqnitiv dissonans" nəzəriyyəsini irəli sürərkən insan davranışını izah edən ən mühüm qanunlardan birini formalaşdırıb. Onun fikrincə, insanın inancları ilə hərəkətləri arasında uyğunsuzluq yarananda psixoloji gərginlik meydana çıxır. Bu gərginliyin həlli üçün isə bir neçə əsas yol var: ya davranışı, əvvəlki inancı dəyişmək, ya da davranışı əsaslandıracaq yeni izah sistemi qurmaq.

Siyasi davranışın təhlili göstərir ki, AXIRINCI YOL xüsusilə təsirlidir. Fərd artıq "mən səhv etmişəm" demir. Əksinə, "mən başqalarının görmədiyi həqiqəti görmüşəm" düşüncəsinə sığınır. Beləliklə, vicdan davranışı mühakimə etmək əvəzinə onu yeni mənəvi koordinat sistemində qiymətləndirməyə başlayır. Bu halda insan özünü aldatdığını hiss etməyə də bilər. Çünki yeni izah sistemi zaman keçdikcə onun üçün psixoloji reallığa çevrilir.

Albert Banduranın "mənəvi uzaqlaşma" konsepsiyası göstərir ki, insan əxlaqi məsuliyyəti birdən-birə itirmir. O, məsuliyyəti tədricən yenidən bölüşdürür.

Bu proses isə müxtəlif formalarda təzahür edə bilir. Məsələn, insan davranışının hansısa mücərrəd "ali məqsəd" naminə edildiyini düşünür, yaxud məsuliyyəti şəraitin və ya başqalarının üzərinə yönəldir və ya qarşı tərəfi tamamilə mənfi obrazda təqdim etməyə çalışır. Bu mexanizmlər fərdin özünü "pis insan" kimi deyil, "zəruri qərar qəbul edən insan" kimi görməsinə kömək edir. Məhz bu durumda əxlaqın dili özgələşir. Əməl eyni qalsa da, onun mənəvi izahı dəyişir.

Şüurun kolonizasiyası və mənəvi uzaqlaşma

XXI əsrdə isə qlobal rəqabətin mühüm istiqamətlərindən biri insan şüuru, kollektiv yaddaş və ictimai identiklik uğrunda mübarizədir. Artıq məqsəd insanın öz dövlətinə, xalqına və tarixi yaddaşına münasibətini dəyişməkdir. Əgər fərdin mənsubiyyət hissi zəifləyirsə, onun davranışını istiqamətləndirmək də xeyli asanlaşır. Bu səbəbdən müasir informasiya müharibəsi ilk növbədə silahlara deyil, dəyərlərə qarşı aparılan mübarizədir.

Burada söhbət insanların tənqid etmək hüququndan getmir. Demokratik cəmiyyətlərdə tənqid siyasi həyatın ayrılmaz hissəsidir. Söhbət fərdin tənqidi düşüncəsinin tədricən elə informasiya təsirlərinə məruz qalmasından gedir ki, nəticədə onun mənsubiyyət hissi aşınır, öz dövləti ilə emosional bağları zəifləyir və kollektiv məsuliyyət hissi yerini yadlaşmaya verir.

“İnformasiya yalnız məzmun deyil, mühitdir”

Kanadalı media nəzəriyyəçisi Marşal Maklüenin qənaətinə görə, insanı dəyişdirən təkcə informasiyanın məzmunu deyil. İnformasiyanın təqdim olunduğu mühit də düşüncə tərzini formalaşdırır. Rəqəmsal platformalarda informasiya fasiləsiz, emosional və sürətli şəkildə istehlak olunur. Bu şəraitdə düşünmək üçün vaxt azalır, emosional reaksiya isə güclənir. Beləliklə, insan arqumentlərdən çox təsvirlərə, faktlardan çox emosional narrativlərə cavab verməyə başlayır. Bu, texnoloji dəyişiklikdən daha çox psixoloji dəyişiklikdir.

İspan sosioloqu Manuel Kastells qloballaşma dövrünü "şəbəkə cəmiyyəti" anlayışı ilə xarakterizə edir. Onun fikrincə, informasiya axınları coğrafi sərhədləri zəiflətdikcə insanlar yeni identiklik mərkəzləri axtarmağa başlayırlar. Əvvəllər milli dövlət fərdin əsas mənsubiyyət məkanı hesab olunurdusa, indi rəqəmsal platformalar alternativ kollektivlər yarada bilirlər. Beləliklə insan fiziki olaraq bir ölkədə yaşasa da, emosional və ideoloji baxımdan tamamilə başqa bir informasiya məkanına aid olur. Məhz bu vəziyyət də identiklik böhranını daha da dərinləşdirə bilər.

Milli identiklik və informasiya müharibəsi

Azərbaycan XXI əsrdə yalnız hərbi və geosiyasi təhdidlərlə deyil, eyni zamanda mürəkkəb informasiya-psixoloji təsirlər sistemi ilə üz-üzə qalmış dövlətlərdən biridir. Xüsusilə uzun illər davam etmiş işğal, ardınca 44 günlük Vətən müharibəsi və sonrakı regional proseslər göstərdi ki, müasir qarşıdurmalar təkcə döyüş meydanında deyil, informasiya məkanında, sosial şəbəkələrdə və ictimai şüurda da aparılır.

Bu reallıq yeni bir sual doğurur: Nə üçün bəzi insanlar ən ağır sınaqlar zamanı milli həmrəyliyin dayağına çevrilirlər, digərləri isə mənəvi və psixoloji baxımdan öz dövlətindən uzaqlaşmağa başlayırlar?

Milli identiklik bioloji xüsusiyyət, sosiallaşma prosesinin məhsuludur. Erik Eriksonun identiklik nəzəriyyəsi, Henri Teşfelin sosial identiklik modeli və Benedikt Andersonun "təsəvvür edilən siyasi birlik" konsepsiyası göstərir ki, insan millətin üzvü kimi doğulmur, o, bu mənsubiyyəti ailə, dil, məktəb, tarix, mədəniyyət və kollektiv yaddaş vasitəsilə mənimsəyir. Bu səbəbdən, milli identiklik davamlı olaraq, yenidən istehsal olunan sosial hadisədir.

Son söz əvəzi

Dövlətə və xalqa qarşı yönəlmiş destruktiv davranış birdən-birə yaranmır. O, şəxsiyyətin mənəvi koordinatlarının, identiklik sisteminin və emosional bağlılıqlarının tədricən transformasiyası fonunda formalaşa bilən mürəkkəb psixoloji və sosial prosesdir.

Bu nəticə heç bir fərdin davranışını əvvəlcədən müəyyən etmir və konkret insanlara psixoloji diaqnoz qoymağa əsas vermir. Lakin siyasi psixologiya, sosial psixologiya və fəlsəfi antropologiyanın birgə təhlili göstərir ki, cəmiyyətlərin dayanıqlığı yalnız hüquqi institutların gücü ilə deyil, vətəndaşların mənəvi məsuliyyəti, tənqidi düşüncəsi və ortaq taleyə bağlılıq hissi ilə də müəyyən olunur. Məhz buna görə milli təhlükəsizlik anlayışı XXI əsrdə təkcə sərhədlərin qorunmasını deyil, həm də insanın şüurunda vətəndaşlıq məsuliyyətinin, milli identikliyin və mənəvi bağlılığın möhkəmləndirilməsini əhatə edən daha geniş humanitar məzmuna malikdir.

XXI əsr təkcə texnologiyaların, süni intellektin və qloballaşmanın əsri deyil. Bu, eyni zamanda insan şüuru, milli identiklik və mənəvi dəyərlər uğrunda mübarizənin yeni mərhələsidir. Müasir geosiyasi qarşıdurmalar göstərir ki, indi dövlətlərin dayanıqlığı, müqavimət gücü təkcə iqtisadi potensial, hərbi qüdrət və ya diplomatik imkanlarla müəyyən olunmur. Ən mühüm amillərdən biri vətəndaşın öz dövləti, xalqı və tarixi ilə qurduğu mənəvi münasibətin möhkəmliyi, sarsılmazlığıdır.

MİRZEBEY.jpeg (77 KB)

Elçin Mirzəbəyli, millət vəkili

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR