Onlayn ictimai-siyasi qəzet
Xüsusi Təyinatlı Polis Dəstəsinin – OMON-un keçmiş komandiri Rövşən Cavadovun nəvəsi, onun mərhum oğlu Laçın Cavadovun adını daşıyan Laçın xanım (fotoda ön tərəf, sağda) ilk dəfə Laçın rayonunun Hoçaz kəndinə ayaq basıb. Hoçaz Rövşən Cavadovun doğma kəndidir.
Musavat.com xəbər verir ki, bu barədə əslən Hoçaz kəndindən olan Müsavat Partiyasının üzvü, siyasi fəal Raqif Kərimli özünün Facebook səhifəsində məlumat yayıb.
Hazırda doğma kəndində yaylaq mövsümünü keçirən R.Kərimli Cavadovlar ailəsinin üzvlərini Hoçazda qonaq edib. Görüşdə Rövşən Cavadovun həyat yoldaşı Zemfira xanım, qızı Jalə xanım və bacısı Şəhla xanım da iştirak ediblər.
Raqif Kərimli paylaşımında yazıb:
“Bu gün Hoçazın ən doğma, əziz adamı Rövşən Cavadovun oğlu Laçının yeganə yadigarı, atasının adını daşıyan Laçın balamız ilk dəfə Laçına – Hoçaza qədəm basdı. Nənəsi Zemfira xanım, bibisi Jalə xanım və Rövşənin bacısı Şəhla xanım da qonağımız oldu.
Bir az kövrək anlar yaşansa da, Rövşənin uğrunda savaşdığı torpaqların azad olunmasına şükür etdik, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı dilədik. ‘Dövlətimiz, Ordumuz var olsun’, – dedik. Tanrı bir də ölkəmizə, xalqımıza pis günlər göstərməsin.
Hamımızın ən ümdə arzusu Hoçazın tezliklə abadlaşdığını görmək oldu. Tanrı hamını xoş arzularına çatdırsın”.
Qeyd edək ki, polkovnik Rövşən Bəxtiyar oğlu Cavadov 1951-ci ildə Laçında anadan olub. Əslən Hoçaz kəndindən olan Cavadov Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri, daxili işlər nazirinin müavini olub və Birinci Qarabağ müharibəsində iştirak edib. O, 1995-ci il martın 17-də Bakıda baş verən silahlı qarşıdurma zamanı aldığı güllə yarasından Daxili İşlər Nazirliyinin hospitalında vəfat edib.
Rövşən Cavadovun yeganə oğlu Laçın Cavadov isə 1974-cü ildə Bakıda doğulub. Musavat.com-un arxiv məlumatına görə, o, 19 dekabr 2003-cü ildə, 29 yaşında Moskvada müəmmalı şəraitdə vəfat edib.
Raqif Kərimlinin təqdimatından belə anlaşılır ki, Laçın Cavadovun ölümündən az sonra qızı dünyaya gəlib. Onun da adını Laçın qoyublar.
Beləliklə, fotolarda görünən Laçın Rövşən Cavadovun nəvəsi, Laçın Cavadovun öz qızıdır. O, ulu babalarının doğma yurdu Hoçaza ilk dəfə səfər edib.
Fotonu təqdim edirik:

Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ