İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dumanlı Albion”da açıq alış-verişlər – Bir də dumanlı müsadirələr...

AZAL-ın keçmiş rəhbəri Cahangir Əsgərovun qızı xaricdə 7,5 milyon dollarlıq əmlak alması xəbəri təəccüblü, sensasiya sayılacaq qrafadan deyil. Bu cür alış-verişlər “proletariat”a fantastik görünə bilər, elit zümrə üçün rutindir.

Heç bundan əvvəl başqa bir Cahangirin - Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Hacıyevin həyat yoldaşı Zamirənin Londonda 30 milyonluq əmlak alması da heyrətamiz məsələ deyildi.

Uzun illərdir ölkəmizin yüksək mənsəbli şəxslərinin vəzifədən götürülməsindən sonra xaricdə milyonuq əmlakları üzə çıxır. Məlum olur ki, onların ya özləri, ya həyat yoldaşları, ya da övladları xaricdə böyük varidata sahibdirlər.

Özü də bu “xaric” heç də başqa bir yer deyil, əsasən Britaniyadır, Londondur. Bu üzdən biz artıq Londonu oliqarxlarımızın ikinci “doğma, əziz” şəhəri adlandıra bilərik.

Hazırkı və keçmiş məmurlardan kimi soruşursan, səsi Londondan gəlir. Onlar London-Bakı reysini “İçərişəhər”- “Həzi Aslanov” xətti kimi istifadə edirlər.

Bir bizimkilər deyil, dünyanın əksər ölkələrinin öz xalqını, dövlətini çapıb-talayan, özü və övladları üçün milyonlar birikdirən oliqarxlar kastasının ehtiyat aerodromu Londondur. Hamısı oğurluq sərvətlərini buraya gətirir, milyonluq əmlaklar alır, biznes qurur, bu oğurluqlara görə həbs edilmək qorxusu yaşamadan zövq-səfa içində ömür sürürlər.

Yalnız hərdən onların bəziləri “çirkli pulların yuyulması” ittihamı ilə üzləşirlər. Britaniyanın hüquq-mühafizə orqanları oğru oliqarxın öz varidatını London banklarına köçürdüyü günlərdə işə qarışmır, amma sonradan həmin pulların “çirkli” və ya “təmiz” olduğunu araşdırmağa başlayırlar.
Bu da onların siyasətidir: kim ölkəyə çoxlu pul gətirir, qoy gətirsin, ziyanı yoxdur, sonra o pulun mənşəyini araşdırıb taparıq və...

Gerçəkdən də araşdırırlar və həqiqət üzə çıxır: pullar talançılıqla toplanıb.

Bəs sonra nə olur? İngilislər həmin “çirkli pullar”ı və onlarla alınmış varidatları müsadirə edir, hərraca çıxarır, sataraq, zərərçəkən ölkəyə qaytarırmı?

Xeyr. “Çirkli pullar” məşhur ifadə ilə desək, “landromat”da “təmizlənir” və Birləşmiş Krallıq dövlətinin nəfinə müsadirə olunur. “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” məsələsi...

Heç görmədik müsadirə edilmiş milyonluq əmlakların satışından əldə olunan pullar soyulmuş, talanmış ölkəyə qaytarılsın. Olsa da, belə hadisələr nadirən olur.

Məsələn, yuxarıda adını çəkdiyimiz Cahangir Hacıyevin o qədər pulu Azərbaycan dövlətindən, xalqından oğurladığı heç kəsə sirr deyildi. Adam bu işin üstündə 10 ildən çoxdur həbsxanada cəza çəkir. Onun həyat yoldaşı isə Londonda rahat yaşamağındadır. Arada onu xərclədiyi böyük pulların mənşəyini soruşmaq üçün məsuliyyətə cəlb etmişdilər, sorğu-suala tutur, məhkəmələrdə süründürürdülər.

Axırı necə oldu? Bu barədə son informasiya belədir: “Zamirə Hacıyeva Naytsbricdəki 14 milyon funt sterlinq (30 238 019 AZN) qiymətində olan evi və Askotdakı qolf klubunun müsadirə olunmasına razılıq verib”.

Məlum olur ki, Britaniyanın milli cinayətkarlıqla mübarizə aparan agentləri 6 il boyunca araşdırma aparıb ortaya faktlar qoyublar və Z.Hacıyeva etiraf edib ki, əmlaklara verdiyi, xərclədiyi pullar oğurluqdur.
Beləcə, Zamirə Hacıyevanın son on il ərzində xərclədiyi 16 milyon funt-sterlinq (34,811,200 AZN) yanına kar qalıb, yerdə qalan əmlakı isə “izahsız sərvət” olduğu üçün müsadirə edilib.

Bəs bu haqq-hesabdan varidatı talanmış Azərbaycan dövləti nə qazandı? Belə çıxır ki, heç nə. Qazanan o əmlakları, konkret olaraq Naytsbricdəki 11,5 milyon funtluq evi müsadirə edənlər oldu.

Az qala hər gün “Dumanlı Albion”da bu kimi “korrupsiya-müsadirə” işləri olur və dünyanın korrupsiyada ad çıxarmış ölkələrinin ali zümrələrinin nümayəndələri ada dövlətinə daşıdıqları sərvətin bir hissəsini (yarısını, yarıdan çoxunu) itirirlər.

Ancaq bu, onların xələflərini, yeni-yeni pullanan, oliqarxlaşan korrupsioner məmurları çəkindirmir. Onlar da bahalı varidat tədarük etmək, övladlarına biznes qurmaq üçün Britaniyaya üz tuturlar.

Cahangir Əsgərovun qızı Məlahətin iki ay öncə Çelsidə 7,5 milyon dollara əmlak alması bu üzdən təəccüblü deyil. O Çelsidən daha kimlər keçməyib ki? Rusiyalı milyarder Abramoviçin o səmtdə milyardlıq əmlakı qaldı, heç nə edə bilmədi.

C.Əsgərovun qızı istəsə Çelsidə, Londonun başqa səmtlərində daha bahalı əmlaklar ala bilər. Ailənin buna yetəcək pulu var.

Yeri gəlmişkən, keçmiş MTN rəhbəri Eldar Mahmudovun oğlu, eləcə də digər sabiqlərin övladları oralarda olmalıdır. Bizimkilər yavaş-yavaş Londonu alırlar. Bircə ona çalışmalıdırlar ki, bu ölkədə əziyyətlə (başqalarına verdikləri əziyyətlər nəzərdə tutulur) əldə etdikləri pulları əllərindən aldırmasınlar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR