İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya, qış olub üstümə niyə gəlirsən?..

Doğrusu, əvvəl lirik şery yazmaq istədim. Çünki beynimdə bir fikir dolaşırdı: hər şeyin başlağıcı olduğu kimi bir sonu da olur. Görən, “Dünya mənimdir” deyənlər bunun fərqindədirlərmi? Dini bayramlar vaxtı hamıdan əvvəl qaçıb kilsədə şam yandıran cənab Putin heç ağlına gətirirmi ki, o şamda bir həqiqət varsa, o kilsədə əgər məna varsa, ondan nə vaxtsa öldürdüyü ukraynalı uşaqların hesabını soracaqlar. Adam heç bunun fərqindədirmi?..

Putin cəhənnəmə, Dünya sanki özü də yazı, gül-çiçəyi unudub, şaxtalı qışa bürünübdür, çölümüz istisindən yanırsa, içimiz də soyuğundan ölür.
Mən yaza vurğunam, qışı neylərəm?

Qış olub üstümə niyə gəlirsən?..

İki böyük şairimizin (Bəxtiyar Vahabzadə və Musa Yaqub) iki məşhur misrasını birləşdirəndə belə bir möhtəşəm şey alınır... O ki qaldı Putin həzrətlərinə, əslində o, dövlət başçısı kimi həm iflas olub, həm də biabır. Ona görə iflas olubdur ki, ölkəni heç kimə lazım olmayan, mənasız, ən əsası da qanlı müharibəyə sürükləyib, hansı ki, getdikcə bir-iki sərsəm ölkədən savayı HAMININ RUSİYAYA QARŞI müharibəsinə çevrilib və yaxud da çevrilməkdədir - əgər indi olmasa da gələcəkdə proseslər tamamilə buna doğru gedəcək.

O səbəbdən biabır olub ki, artıq beşinci ildir müharibə davam edir. Bunu Vladimir Putin əvvəldə “xüsusi əməliyyat” adlandırmışdı və düşünürdü ki, bir-iki həftəyə tamamlayacaq. Amma nə oldu? Böyük bir FİASKO! Ukraynanın müqaviməti ildən ilə güclənir, hazırda Rusiyanı çox ciddi şəkildə sıxışdırmaqdadır və belə getsə Moskva üçün gələcəkdə çox çətin olacaq...

Ötən həftə dedilər ki, guya Putin kriminal elementləri də müharibəyə cəlb etmək üçün fərman imzalayıb. Bu adam sanki hər şeydə Stalini təqlid etmək istəyir. Amma alınmır və alına da bilməz, çünki vəziyyət, şərait müxtəlifdir.

Sovetin əsas müharibəsi vaxtında cərimə batalyonları vardı, onlar hamıdan öndə vuruşurdular. Bəli, ona görə vuruşurdular ki, arxalarında NKVD qoşunları dayanırdı, geriyə addım atanı yerində güllələyirdilər.

Stalin qərar vermişdi ki, sovet hərbçiləri əsir ola bilməz, ona görə də hamı bilirdi ki, əsir düşsələr belə çox ağır keçəcək onlar üçün. Stalin milyonlarla insan üçün bir yol saxlamışdı: ya vuruşmaq, ya da ölmək!

Bunu indiki şəraitdə etmək mümkündürmü? Düşünmürük. Putin artıq hərbi cani elan olunub məncə. Bir az da həddini aşsa onu Hitlerə bərabər edəcəklər. Əslində buna çox qalmayıb. Soruşmaq da olmur ki, axı sən nə istəyirsən bu Ukrayna xalqından? Əlbəttə, hər deyilən şey gerçək olmur, amma ona qarşı “Ukrayna tribunalı” qurulsa, soruşula bilər. Yada salaq ki, vaxtında Yuqoslaviya canilərinə belə bir tribunal qurulmuşdu. Onda da əvvəl çoxu inanmırdı, amma sonradan inanmağa məcbur oldular...

Bu adamın ümid yeri Dünyadakı indiki çox qabarıq ziddiyyətlərdir. Düşünür ki, ABŞ Maduronu yatağından götürürsə, Qrenlandiyaya iddia edirsə, Yaxın Şərqdə müharibə aparırsa, mən niyə bunu etməyim?

Amma, birincisi, maraqlanın, görün, Venesueladakı “bir gecəlik xüsusi əməliyyat” zamanı neçə adam öldü? İkincisi, Putinin Ukraynada müharibə aparmasını kimsə istəyirmi? İnanın, istəmirlər, heç ruslar bunu istəmir. Sadəcə, etiraz etməyə qorxurlar. Oradakı sorğulara – filana baxmayın, ölkələr var orada heç düzgün sorğu da keçirmək olmur, belə ölkələrin başında da Rusiya gedir. Ziyalılar etiraz etməyə dəfələrlə cəhd ediblər, amma hamısını dərhal, özü də ən yaxşı haldaca “xarici agentlər” adlanıdırır, indi isə, ümumiyyətlə, cinayət işi açırlar...

Fəqət, mənasızdır. Bilirsiniz, Qərblə bağlı problemlər çoxdur, amma hamı anlayır ki, məsələ böyük və kiçik-cırtdan diktatorların dediyi kimi də deyil; bu dünyada bütün mənalarda yaxşı bir ünvan və ya məkan varsa, bu da yenə elə Qərbdir, az-çox humanizm orada qalıbdır. Zəifinki isə hümanizmdir, hüquqdur və ədalətdir. Bunlar olsa, işlər yaxşı olacaq və hər şey qaydasında gedəcəkdir. Olmasa, fəna olacaq.

Rusiya bir neçə anti-Qərb koalisiyası yaratmağa cəhd etdi. Faydası nə oldu, nəsə alındımı? ŞƏT-dən, BRİCS-dən bir şey çıxdımı? Əlbəttə ki, yox! Misal var, deyir ki, camaat çörəyi qulaqlarına yemir, hamı dünyanın reallıqlarını bilir, hamı başa düşür ki, nə hər şeyi siyasətə, nə də siyasəti hər yetən şeyə qurban vermək olmaz.

Odur, şəxsən mən Amerika xalqlarını, xüsusən də ispandilliləri başa düşə bilmirəm. Bunlar ölkələrində Maduroları hakimiyyətə gətirir, sonra da ABŞ-a yaşamaq üçün qaçırlar! Ona görə də Maduroların keçirdikləri seçkilərə də inanmıram. ABŞ belə əməliyyatları artıq bir neçə dəfə keçirib, amma heç kim ona vətəndaş müharibəsi, ya partizan savaşı elan etməyib (soyuq müharibə dövründəki epizodları çıxmaqla!). Bunun özü düşündürücüdü, deyilmi? Axı yaxşı hökumətin əlindən harasa qaçmırlar!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2026

13 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR