İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əgər novator olsaydım, nazir olmazdım" – Mikayıl Cabbarov

“Əgər mən novator olsaydım, nazir olmazdım. Bu zalda və zalın xaricində olan novatorlar daha yaxşı novatordurlar və elə buna görə də onlar buradadırlar”.

Musavat.com xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bunu “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan innovasiya ekosisteminin inkişafına böyük səylər göstərir və bu sahədən ciddi gözləntilər var. Onun sözlərinə görə, burada əsas məsələ yalnız konkret məhsul və ya xidmətin yaradılması deyil, innovasiyanın inkişaf edə biləcəyi mühitin formalaşdırılmasıdır.

“Biz bu ekosistemə böyük səylər göstəririk və böyük ümidlər bəsləyirik. Çünki bir tərəfdən sürətlə irəliləmək bacarığı, digər tərəfdən isə bunun bizim üçün çox mühüm regional təsiri var”, – deyə Mikayıl Cabbarov qeyd edib.

Nazir vurğulayıb ki, müasir dünyada hər hansı ölkənin, şirkətin və ya şəxsin hər şeyi bildiyini və bütün sahələrdə ən yaxşı olduğunu iddia etməsi doğru yanaşma deyil. Onun fikrincə, innovasiyanın inkişafı üçün inteqrasiya, ideya axını, insan mübadiləsi, sərhədlərarası əməliyyatlar və investisiyalar mühüm rol oynayır.

“Günümüzün bir-birindən asılı dünyasında hər hansı bir kəsin hər şeyi bildiyini və ya hər şeydə ən yaxşısı olduğunu iddia etməsi çox təhlükəli olardı. Bu, inteqrasiya, ideya axını, insan mübadiləsi, sərhədlərarası əməliyyatlar və investisiyalar deməkdir”, – nazir bildirib.

Mikayıl Cabbarovun sözlərinə görə, innovasiya ekosisteminin uğuru təhsil və innovasiyanın real iqtisadi subyektlərin tələbatı və imkan yaradan dövlət siyasətləri ilə bir araya gəlməsindən asılıdır.

“Əgər təhsil və innovasiyanın, real iqtisadi subyektlərin və tələbatın, eləcə də imkan yaradan siyasətlərin bir araya gəldiyi bir ekosistemə sahibsinizsə, mənim üçün geridə qalanlar vaxt və dırnaqarası “ehtimal” məsələsidir. Çünki ortaya nəyinsə çıxacağı çox böyük ehtimaldır”, – iqtisadiyyat naziri deyib.

O əlavə edib ki, innovasiya siyasətinə yalnız konkret bir məhsul və ya xidmətin yaradılması prizmasından yanaşmaq məhdud baxış olardı.
“Bizə məhz müəyyən bir xidmət və ya məhsulun lazım olduğunu demək çox dar baxış olardı; bu, daha çox mühitlə bağlıdır. Mühit düzgündürsə, ağaclar böyüyər”, – deyə Mikayıl Cabbarov vurğulayıb.

Nazir çıxışının sonunda insan kapitalının və istedadların əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, innovasiya ekosisteminin əsas kapitalı məhz insanlardır.
“Bu mənada, zənnimcə, insanlar və istedadlar ən yaxşı kapitaldır”, – Mikayıl Cabbarov qeyd edib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR