Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiyanın neft emalı zavodlarına zərbələrin dayandırılması barədə razılığa gəldiyinə dair açıqlaması neft bazarına təsir edib.
Musavat.com xəbər verir ki, həftənin ilk hərraclarında Brent və WTI nefti 1,5 dollardan çox ucuzlaşıb. Hazırda Brent 103,2, WTI isə 90,3 dollara ticarət olunur.
Bloomberg-in yazdığına görə, Rusiyadan yanacaq tədarükünün mümkün artması bazar qıtlığı ilə bağlı narahatlıqları azaldıb.
Eyni zamanda, analitiklər xəbərdarlıq edirlər ki, razılaşmaların təsdiqlənməsi və onların nə qədər davam edəcəyi barədə anlaşma olmadan bu amilin qiymətlərə təsiri məhdud ola bilər.
Qiymətlərin düşməsinə baxmayaraq, Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi səbəbindən neft bazarı təzyiq altında qalır.
Yəmən husiləri şənbə günü Səudiyyə Ərəbistanının Ər-Riyad beynəlxalq hava limanına edilən və insanların ölümünə səbəb olan hücuma görə məsuliyyəti öz üzərinə götürüblər.
Səudiyyə Ərəbistanı hakimiyyəti bazar günü hava limanına yeni bir hücum barədə də məlumat verib.
Bundan əlavə, son həftələrdə Hörmüz boğazı yaxınlığında tankerlərə hücumlar barədə məlumatlar yayılıb. Xüsusilə bir tankerə Omanın Sohar lövbər salma məntəqəsində dron hücumu edilib, digər bir gəmi isə boğazdan keçərkən naməlum mərmi ilə zədələnib.
Bu hadisələr Yaxın Şərqdən neft tədarükünün pozulması ilə bağlı narahatlıqları artırır. Hörmüz boğazı qlobal enerji ticarəti üçün əsas marşrutdur, ona görə də ərazidə təhlükəsizliyin pisləşməsi qiymətlərin daha da dəyişməsinə səbəb ola bilər.
Donald Tramp da ABŞ-ın Səudiyyə Ərəbistanının husilərə qarşı hücumlarına qoşulmağı düşündüyünü bildirib.
Bütün bunlar bazara çıxarılan neft həcmlərinin azalmadı riski yaradır ki, bu da qiymətlərin 100 dollardan aşağı düşməsinin qarşısını alır.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ