Onlayn ictimai-siyasi qəzet
Hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularının aşkar edilərək qarşısının alınması, profilaktikası və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və digər aidiyyəti qurumlarla birgə kompleks tədbirlər davam etdirilir.
Musavat.com xəbər verir ki, açıqlanan məlumatlara əsasən, 2026-cı ilin yanvar ayından hazırkı dövrədək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən SHXÇDX-nin təqdim etdiyi rəsmi məlumatlar və vətəndaş müraciətləri əsasında 124 vəzifəli şəxs və qanunazidd əməllərdə iştirakı ehtimal olunan 121 şəxs barəsində araşdırmalar aparılıb.
Bundan başqa, keçirilmiş 4 əməliyyat-axtarış tədbiri nəticəsində aşkar olunan faktlar üzrə cinayət işləri başlanaraq İstintaq idarəsinə göndərilib. Ümumilikdə, həmin dövrdən etibarən SHXÇDX-nin vəzifəli şəxsləri və digər şəxslər barəsində 8 cinayət işinin ibtidai istintaqı həyata keçirilib.
Aparılan istintaq çərçivəsində 8 şəxs (7 vəzifəli şəxs və 1 vətəndaş) barəsində 5 cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
Məhkəməyə göndərilən işlər üzrə təqsirləndirilən 6 şəxs barəsində həbs və vəzifədən kənarlaşdırma, 2 şəxs barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda 3 cinayət işi üzrə ibtidai istintaq davam edir və onlardan 1-i üzrə 2 şəxs barəsində həbs və vəzifədən kənarlaşdırma qərarları tətbiq olunub.
İbtidai istintaq zamanı 3 cinayət işi üzrə 9 çağırışçı barəsində komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib. Rəylərə əsasən, 1 şəxs hərbi xidmətə yararlı hesab olunub, 2 şəxsə möhlət hüququ verilib, digər 6 şəxs üzrə isə ekspertiza prosesi davam edir.
Araşdırmalar zamanı tibbi müayinələrin tam aparılmaması və yanlış diaqnozlar səbəbindən səhhətində problem olan çağırışçıların xidmətə göndərilərək sonradan vaxtından əvvəl tərxis olunması, habelə SHXÇDX-nin yerli qurumlarında daxili yoxlamalarla qanun pozuntularının törədilməsi faktları müəyyən edilib.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara (SHXÇDX-yə 18, Səhiyyə Nazirliyinə 6, TƏBİB-ə 4, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə 3, MN-in Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə 1) ümumilikdə 32 təqdimat göndərilib.
Görülmüş tədbirlər nəticəsində SHXÇDX-nin 2 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 4 həkimə, 10 vəzifəli şəxsə və 1 fiziki şəxsə xəbərdarlıq edilib. Hazırda 5 təqdimat üzrə icraat davam etdirilir.
Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində şəffaflığın təmin edilməsi və neqativ halların qarşısının alınması istiqamətində tədbirlərin qətiyyətlə davam etdiriləcəyini bildirib.
E.Məmmədəliyev,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ