İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhali qanunsuz silahları necə və niyə əldə edir – Vəkildən xəbərdarlıq

İyunun 8-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyi vətəndaşlara qanunsuz saxlanılan odlu silah-sursatları könüllü qaydada polis orqanlarına təhvil verməyin bir daha vacibliyini xatırladaraq çağırış edib.

“Qanunsuz saxlanılan silah və sursatlar bədbəxt hadisələrə, ağır cinayətlərə və insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər. Vətəndaşlardan belə hallarla qarşılaşdıqda dərhal polisə məlumat vermələri və ictimai təhlükəsizliyin təmin olunmasına dəstək göstərmələri xahiş edilir. Qanunvericiliyə əsasən, qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polis orqanlarına təhvil verən şəxslər müvafiq məsuliyyətdən azad olunurlar”, - müraciətdə bildirilib.

Maraqlıdır, vətəndaşlarda bu qədər silah-sursat hardandır? Onu necə əldə edirlər? Silah əldə etməyi məhdudlaşdırmaq üçün hansı addımlar atılmalıdır?

Tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a deyib ki, Azərbaycanda əhalinin kütləvi silahlanmasından danışmaq doğru olmaz:

“Çünki ölkədə silahlara nəzarət sistemi kifayət qədər sərtdir və qanunvericilik bu sahəni ciddi şəkildə tənzimləyir. Lakin polis tərəfindən mütəmadi olaraq avtomat, tapança, qumbara və digər hərbi təyinatlı vasitələrin aşkarlanması göstərir ki, müəyyən şəxslər illər əvvəl əldə etdikləri və ya gizlətdikləri silahları hələ də qanunsuz şəkildə saxlayırlar”.

Ceyhun Yusifov bildirib ki, qanunsuz silahların əsas mənbələri bir neçə istiqamət üzrə qruplaşdırıla bilər: “Birinci mənbə yaxın tariximizdəki müharibələrdir. Azərbaycan uzun illər müharibə şəraitində yaşayıb. Birinci Qarabağ müharibəsi dövründə və sonrakı illərdə müxtəlif yollarla dövriyyəyə çıxmış silahların müəyyən hissəsi hələ də tam aşkar edilməyib. Bəzi şəxslər həmin silahları ehtiyat üçün, özünü müdafiə məqsədilə və ya sadəcə xatirə kimi saxlayıblar. İkinci mənbə qaçaqmalçılıqdır. Regionda baş verən silahlı münaqişələr, sərhəd ərazilərində cinayətkar qrupların fəaliyyəti müəyyən hallarda qanunsuz silah dövriyyəsinə şərait yarada bilir. Hüquq-mühafizə orqanları mütəmadi əməliyyatlarla bu kanalları ifşa etsə də, risk tam aradan qalxmır. Üçüncü mənbə isə cinayətkar mühitdir. Narkotik dövriyyəsi, quldurluq və digər ağır cinayətlərlə məşğul olan şəxslər qanunsuz silah əldə etməyə çalışırlar. Bu silahlar sonradan digər şəxslərə də ötürülə bilir”.

Tanınmış vəkilə Gömrük Komitəsində yüksək vəzifə verildi

Ceyhun Yusifovun fikrincə, burada psixoloji amillər də mühüm rol oynayır: “Bəzi insanlar silahı təhlükəsizlik vasitəsi hesab edir. Onlar düşünürlər ki, evdə və ya avtomobildə silah saxlamaq onları mümkün təhlükələrdən qoruyacaq. Halbuki statistika göstərir ki, qanunsuz saxlanılan silahların böyük hissəsi sonradan ya bədbəxt hadisələrə, ya ailədaxili münaqişələrə, ya da ağır cinayətlərə səbəb olur. Digər qrup şəxslər isə silahı nüfuz göstəricisi kimi qəbul edirlər. Xüsusilə bəzi kriminal meyilli şəxslər arasında silah saxlamaq güc nümayişi vasitəsinə çevrilir ki, bu da ciddi təhlükə yaradır. Ən böyük risk silahın məsuliyyətsiz şəxsin əlində olmasıdır. Çünki qanunsuz saxlanılan bir tapança və ya avtomat ailə münaqişəsində istifadə oluna bilər. Uşaqların əlinə keçə və təsadüfi atəş nəticəsində ölümə səbəb ola bilər. Bakıda ara-sıra yaşanan yol mübahisəsini qətllə nəticələnən hadisəyə çevirə və ya kriminal qruplar tərəfindən istifadə edilə bilər. Dünyanın müxtəlif ölkələrinin təcrübəsi göstərir ki, qanunsuz silahların sayı artdıqca qəsdən adam öldürmə, quldurluq və ağır xəsarətlə nəticələnən cinayətlərin sayı da artır”.

Bakı, silah, insident, qətl, cinayət, market, cəmiyyət

Vəkil  deyib ki, silah əldə etməyi məhdudlaşdırmaq üçün bu istiqamətdə bir neçə vacib addım atılmalıdır: “Polis tərəfindən keçirilən profilaktik tədbirlər davamlı olmalı, əhali arasında maarifləndirmə işi aparılmalıdır. Könüllü təhvilvermə kampaniyaları daha fəal şəkildə təşkil edilməlidir. İnsanlara izah edilməlidir ki, qanunsuz silahı gizlətmək cinayət məsuliyyəti yaradır, könüllü təhvil vermək isə məsuliyyətdən azad edir. Sərhəd və gömrük nəzarəti daha da gücləndirilməlidir. Müasir texnologiyalar, skan sistemləri və operativ məlumat mübadiləsi qanunsuz silah axınının qarşısını almaqda mühüm rol oynayır. Sosial şəbəkələr və internet üzərindən silah alqı-satqısına nəzarət artırılmalıdır. Son illər bir çox ölkələrdə qanunsuz silah ticarətinin müəyyən hissəsi məhz onlayn platformalara keçib. Qanuni silah sahiblərinə nəzarət mexanizmləri də daim təkmilləşdirilməlidir. Silah saxlama qaydalarının pozulması halları vaxtında aşkarlanmalı və qarşısı alınmalıdır”.

Müsahibimizə görə, Daxili İşlər Nazirliyinin müraciət təsadüfi deyil: “Bu, cəmiyyətə ünvanlanan ciddi təhlükəsizlik mesajıdır. Bir gündə 5 avtomat, 3 tapança, 1 qumbara və yüzlərlə patronun dövriyyədən çıxarılması göstərir ki, hüquq-mühafizə orqanlarının bu istiqamətdə fəaliyyəti davam edir. Lakin problemin tam həlli yalnız polis əməliyyatları ilə mümkün deyil. Burada vətəndaş məsuliyyəti, ictimai nəzarət, maarifləndirmə və qanunlara hörmət əsas rol oynayır. Qanunsuz silahın evdə saxlanılması təhlükəsizlik təminatından daha çox ailə və cəmiyyət üçün potensial təhlükə mənbəyidir. Bunu qanunsuz silahı olan hər kəs bilməli və həmin silahı təhvil verməlidir”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR