Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Gorus şəhərində küçələrdən birinə İranın Nain şəhərinin adı verilib. Bu, Tehran-İrəvan münasibətlərində diqqətçəkən yeni addım kimi gündəmə gəlib.
Musavat.com xəbər verir ki, İranın Ermənistanla münasibətlərini təkcə diplomatik səviyyədə deyil, xüsusilə Azərbaycanın sərhədlərinə yaxın ərazilərdə müxtəlif layihələr və simvolik addımlarla möhkəmləndirməsi ciddi suallar doğurur.
Təbii ki, bu kimi təşəbbüslər Tehrandan gəlir. İrəvana qalsa, o, Qərbə meylləndiyi vaxtda regiondakı gərginliyin mümkün qədər səngiməsində maraqlıdır.
Mövzu ilə bağlı Musavat.com-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun fikrincə, Ermənistanın Zəngəzur bölgəsində yerləşən Gorus şəhərindəki küçələrdən birinə İran İslam Respublikasının Nain şəhərinin adının verilməsi, zahirən şəhərlərarası mədəniyyət və "qardaşlaşma" təşəbbüsü kimi qələmə verilsə də, Cənub Qafqazda 44 günlük Vətən müharibəsindən sonra bərqərar olmuş yeni geosiyasi reallıqlar və beynəlxalq hüquq normaları müstəvisində dərin siyasi-hüquqi təhlil tələb edən gedişdir.
"Şərqi Zəngəzur iqtisadi rayonu ilə bilavasitə həmsərhəd olan və regional nəqliyyat-logistika dəhlizlərinin kəsişmə nöqtəsində yerləşən Gorus şəhərində rəsmi Tehranın simvolik varlığının bu formada nümayiş etdirilməsi, rəsmi diplomatik bəyanatlarda tez-tez vurğulanan sülh və regional əməkdaşlıq tezisləri ilə təzad təşkil edərək, cənub qonşumuzun Zəngəzur istiqamətindəki geosiyasi status-kvonu öz milli maraqları xeyrinə saxlamaq və Ermənistandakı təsir imkanlarını institusional müstəviyə keçirmək niyyətindən xəbər verir. Beynəlxalq hüquq baxımından hər bir suveren dövlət öz ərazisindəki toponimlərin müəyyən edilməsi və daxili inzibati-ərazi bölgüsü məsələlərində müstəqil səlahiyyətlərə malik olsa da, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Beynəlxalq Hüquq Normativalarında təsbit olunmuş "xoş qonşuluq münasibətləri" və "regional sabitliyə hörmət" prinsipləri dövlətlərin həmsərhəd zonalarda bir-birinin milli təhlükəsizlik və suveren maraqlarına xələl gətirə biləcək fəaliyyətlərdən çəkinməsini diktə edir", - deputat deyib.
B.Məhərrəmovun sözlərinə görə, Azərbaycanın Zəngəzur dəhlizi kimi strateji kommunikasiya xətlərinin açılması ilə güclənən hüquqi və siyasi mövqeyinin qarşısını almaq məqsədilə İran tərəfinin məhz sərhəd zonasına yaxın ərazilərdə bu növ simvolik və ideoloji jestləri dəstəkləməsi ikitərəfli müqavilə-hüquq bazasının ruhuna, eləcə də regionda etimadın möhkəmləndirilməsi prosesinə ziddiyyət təşkil edir: "Tehranın bu addımları vasitəsilə verdiyi siyasi mesaj, aydındır ki, birinci növbədə, Azərbaycanın regionda artan geosiyasi çəkisini balanslaşdırmaq, ikincisi isə Ermənistanın cənub sərhədlərini özünün "qırmızı xətti" elan edərək strateji mövqeyini nümayişkaranə şəkildə möhkəmləndirmək məqsədi daşıyır. Bu cür cılız təşəbbüslər qarşısında, təbii ki, Azərbaycan ilk növbədə diplomatik təmkinini hazırda olduğu kimi qoruması ilkin mərhələ üçün uğurlu cavab tədbiri sayıla bilər. Paralel olaraq, rəsmi Bakı tərəfindən ikitərəfli diplomatik kanallar vasitəsilə həmsərhəd zonalarda tətbiq olunan bu növ simvolik-strateji gedişlərin ikitərəfli münasibətlərin gələcəyinə və regiondakı dayanıqlı sülh prosesinə vurduğu zərər barədə hüquqi-diplomatik mövqeyinin çatdırılması, eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonunda mülki, hərbi və logistik infrastrukturun daha da gücləndirilməsi vasitəsilə sərhəd təhlükəsizliyinin inzibati və praktiki baxımdan təmin olunması ən effektiv strategiyadır".
Cavanşir Abbaslı
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ