Onlayn ictimai-siyasi qəzet
Vaxtilə Azərbaycanla birlikdə SSRİ-nin tərkibində olmuş Estoniya həbsxanalarındakı boş yerləri başqa ölkələrə icarəyə verməyə başlayıb.
Musavat.com xəbər verir ki, İsveçdən gətirilən ilk dörd məhbus Estoniyanın Tartu həbsxanasına yerləşdirilib. Onların hamısı İsveç vətəndaşı olan kişilərdir.
Estoniya ilə İsveç arasında bağlanmış razılaşmaya əsasən, Tartu həbsxanasında 600-ə qədər isveçli məhbusun saxlanılması nəzərdə tutulur. Proqram mərhələli şəkildə həyata keçiriləcək və bir il ərzində məhbusların sayının maksimum həddə çatdırılması planlaşdırılır.
Bu qeyri-adi qərarın əsas səbəbi Estoniya həbsxanalarında çoxlu boş yerlərin olmasıdır. Ölkədə məhbusların sayının azalması nəticəsində həbsxana infrastrukturunun yarıboş vəziyyətdə saxlanılması dövlət üçün əlavə xərcə çevrilib. İsveç isə əksinə, həbsxanalarda yer çatışmazlığı problemi ilə üzləşib.
Tallinn bu vəziyyətdən gəlir əldə etmək qərarına gəlib. Razılaşmaya əsasən, İsveç Estoniyaya məhbusların saxlanılması müqabilində ildə təxminən 31 milyon avrodan 61 milyon avroyadək vəsait ödəyəcək. Məbləğ Tartu həbsxanasına yerləşdirilən məhbusların sayından asılı olacaq.
Estoniya İsveçin göndərmək istədiyi məhbusları əvvəlcədən yoxlamaq və onların qəbuluna razılıq verib-verməmək hüququnu özündə saxlayır. Müəyyən kateqoriyalara aid məhbusların ölkəyə göndərilməsi nəzərdə tutulmur.
İsveçdən Estoniyaya gətirilən məhbuslar cəzalarını Tartu həbsxanasında çəksələr də, azadlığa Estoniya ərazisində buraxılmayacaqlar. Cəza müddətinin başa çatmasına yaxın onlar yenidən İsveçə qaytarılacaqlar.
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ