İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Əmrullayevdən etiraf: "Bu kəndlərdə təhsilin keyfiyyəti zəifdir"

Azərbaycanda bir sıra bölgələrdə, xüsusilə kiçik kəndlərdə təhsilin keyfiyyəti ilə bağlı problemlər qalmaqdadır.

Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı deyib.

Nazirin sözlərinə görə, təhsildə regional fərqlərə bir neçə amil təsir edir. O, xüsusilə valideynlərin, o cümlədən anaların təhsil və savadlılıq səviyyəsinin mühüm faktor ola biləcəyini bildirib.

“Böyük şəhərlərdə anaların təhsil səviyyəsinə, savadlılığına baxsanız, ali təhsilli analar bölgələrə nisbətən daha çoxdur. Bu, təsir edəcək”, – E.Əmrullayev deyib.

Nazir qeyd edib ki, sertifikatlaşdırma imtahanlarının nəticələri bir çox bölgələrdə ibtidai təhsilin vəziyyətinin zəif olduğunu göstərib.

“İbtidai təhsil zəifdirsə, onun üzərində siz heç nə qura bilməzsiniz. Riyaziyyat müəllimi nə etsin, uşaq ibtidai sinifdən hazır gəlməyib”, – nazir vurğulayıb.

E.Əmrullayev müəllimlərin işə qəbulunda yüksək nəticə göstərən namizədlərin sistemə cəlb edilməsinin də uzunmüddətli perspektivdə nəticələrə təsir edəcəyini bildirib. Onun sözlərinə görə, son 5 ildə Azərbaycan məktəblərində müəllimlərin təxminən 20 faizi yenilənib.

Nazir vurğulayıb ki, təhsildə aparılan dəyişikliklərin nəticəsi qısa müddətdə görünməyəcək:

“İbtidai təhsildə indi görülən işlərin nəticəsini təxminən 10 il sonra görəcəyik”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR