Onlayn ictimai-siyasi qəzet
Ermənistan müxalifəti Kərki məsələsində yeni “mübarizə üsulu” tapıb: ərazidə ağac əkmək, turistlər üçün qlempinq (qlempinq – təbiət qoynunda, lakin hotel rahatlığı və müasir şəraitlə təmin olunan komfortlu düşərgə turizmi formasıdır) yaratmaq və yol kənarında bazar açmaq.
Musavat.com xəbər verir ki, “Güclü Ermənistan” parlament fraksiyasının rəhbəri Narek Karapetyan sentyabrın 21-də Kərkidə keçirdiyi ağacəkmə aksiyası zamanı ərazinin Azərbaycana qaytarılmasına qarşı olduqlarını açıqlayıb.
Karapetyan “bu ilin müstəqillik çağırışı”nın Kərkini Ermənistanın nəzarətində saxlamaq olduğunu söyləyib. Onun sözlərinə görə, təmsil etdiyi siyasi qüvvənin şüarı “təhvil vermək yox, inkişaf etdirməkdir”.
Görünür, “inkişaf” planı da kifayət qədər yaradıcıdır. Karapetyan ərazidə turistlər üçün qlempinq zonasının yaradılacağını, bununla bağlı layihənin yaxın vaxtlarda təqdim ediləcəyini bildirib. Plana restoran da daxildir. O, tikintinin böyük hissəsinə ayrıca icazə tələb olunmadığını, yalnız restoran üçün müvafiq icazəyə müraciət ediləcəyini deyib.
Bununla da kifayətlənməyən “Güclü Ermənistan” nümayəndələri yerli sakinlərə yol kənarında kənd təsərrüfatı məhsullarını sata biləcəkləri bazar yaratmağı vəd ediblər. Karapetyan evlərinin damında və digər məişət məsələlərində problemi olan sakinlərə öz mükafatlarından pul ayırmağa çalışacaqlarını da söyləyib.
Beləliklə, Azərbaycanla Ermənistan arasında delimitasiya danışıqlarının predmetlərindən biri olan Kərkinin taleyinə erməni müxalifətinin özünəməxsus həlli hazırdır: bir neçə ağac, qlempinq, restoran və yolkənarı bazar.
Karapetyan isə bütün bunların arxasında daha ciddi siyasi məqsədin dayandığını gizlətməyib. O, Kərkinin qaytarılmasına qarşı çıxaraq ərazinin Ermənistan qanunvericiliyinə və hazırkı inzibati-ərazi bölgüsünə görə Ermənistan ərazisi olduğunu iddia edib.
Halbuki Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 11-də bildirib ki, Kərki və digər keçmiş Azərbaycan anklavları Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinə daxil deyil. Baş nazir bununla yanaşı, anklavların praktiki taleyi ilə bağlı Azərbaycan və Ermənistan arasında hələ yekun razılaşmanın əldə edilmədiyini də açıqlayıb.
Azərbaycan və Ermənistanın delimitasiya komissiyaları isə hələ 2024-cü ildə delimitasiyanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılması və prosesin sonrakı mərhələlərində anklav-eksklav məsələlərinin də müzakirə edilməsi barədə razılığa gəliblər.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ