İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentində Bakı qeybəti

Bakıda saxlanılan erməni hərbi caniləri mövzusu Paşinyan hakimiyyətinə hücum üçün əsas olub, iclas yarılmçıq bitib  

Ermənistanda yeni seçilmiş parlamentin ilk iclası hakimiyyət üçün sakit və təntənəli başlanğıca çevrilməyib.

Musavat.com erməni medisına istinadən xəbər verir ki, iyunun 7-də keçirilmiş parlament seçkilərindən sonra formalaşan parlamentin 9-cu çağırışının avqustun 2-də keçirilən ilk iclası elə ilk saatlardan hakimiyyət və müxalifət arasında kəskin qarşıdurma ilə yadda qalıb.

Nikol Paşinyanın partiyası parlamentdə 64 mandatla təmsilçiliyi ilk iclasda siyasi rahatlığa çevrilmədi. Əksinə, müxalifət parlament tribunasından Paşinyan hakimiyyətinin legitimliyini, seçkilərin nəticələrini, kilsəyə münasibəti, siyasi təqibləri, ərazi məsələlərini və Bakıdakı hərbi canilərin taleyini gündəmə gətirdi.

İlk iclasın ən diqqətçəkən məqamlarından biri Ermənistan Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin Katolikosu II Qareginin parlamentdə olmaması oldu. Müxalifət bunu adi protokol məsələsi kimi deyil, hakimiyyətin kilsəyə münasibətinin göstəricisi kimi qiymətləndirdi.
“Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan iclas zamanı birbaşa “Bizim ruhani liderimiz haradadır?” sualını səsləndirdi.

Müxalifət deputatı Edgar Kazaryan isə parlamentin reqlamentinə istinad edərək Katolikosun çıxış hüququnun olduğunu bildirdi və onun iclasa dəvət edilib-edilmədiyinin aydınlaşdırılmasını tələb etdi. “Ermənistan” blokunun deputatı Sevak Xaçatryan da Katolikosun iştirakının qarşısının alınmasını qəbuledilməz hesab etdi.

Beləliklə, yeni parlamentin ilk iclasında siyasi hakimiyyətlə Ermənistan Apostol Kilsəsi arasında onsuz da mövcud olan gərginlik yenidən parlament səviyyəsinə daşındı.


Picture background

Hakimiyyət nümayəndəsinin katolikosun dünyəvi adı ilə müraciət edərək onu təhqir etməsi isə qarşıdurmanı daha da kəskinləşdirdi. Bu mənzərə Ermənistanın siyasi sistemində kilsə-hakimiyyət münasibətlərinin artıq sadəcə dini məsələ olmadığını göstərir.

İlk iclasın digər əsas xətti müxalifətin seçkilərin nəticələrini və Paşinyanın hakimiyyətdə qalmasını legitim saymaması idi. “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan Paşinyanı vaxtilə Serj Sərkisyanın üçüncü müddət hakimiyyətdə qalmasına qarşı çıxmaqda, lakin sonradan özünün üçüncü müddətə getməkdə ittiham etdi.

Müxalifətə görə, hakim partiyanın seçkilərdə əldə etdiyi nəticənin arxasında müharibə qorxusu, inzibati resurs, dövlət vəsaitlərindən istifadə və siyasi təzyiqlər dayanıb. Parlamentin ilk iclasında Ermənistanın ərazi bütövlüyü və xüsusilə Süniklə bağlı narahatlıqlar da gündəmə gətirildi.

Müxalifət nümayəndələri Paşinyan hakimiyyətinin ölkənin ərazi maraqlarını müdafiə etmək qabiliyyətini dəfələrlə sual altına qoyublar. Hakimiyyət nümayəndələri isə müxalifətin uzun müddətdir Sünikin və digər ərazilərin “təhvil veriləcəyi” barədə xəbərdarlıqlarını istehza ilə qarşılayılbar.

Bu qarşıdurma təsadüfi deyil. Çünki Ermənistan müxalifəti üçün ərazi məsələsi Paşinyan hakimiyyətinin əsas zəif nöqtələrindən biri olaraq qalır.

İlk iclasın ən “emosional” mövzularından biri isə Bakıda hazırda apelyasiya şikayəti üzrə məhkəmələri keçirilən erməni separatçıları olub. “Güclü Ermənistan” fraksiyasının deputatı Syuzanna Avetisyan parlament tribunasına üzərində Azərbaycanda saxlanılan ermənilərin fotoları olan köynəklə çıxaraq hökumətin bu məsələdə siyasətini sərt tənqid edib. Bakının qeybəti bu mövzuda digər deputatların çıxışında da davam edib.

Beləliklə, müxalifətin parlamentdə formalaşdırdığı ümumi siyasi tezis aydındır: hakimiyyət yalnız seçkilərin nəticələrinə görə deyil, həm də siyasi rəqiblərinə, kilsəyə və milli məsələlərə münasibətinə görə legitimlik böhranı yaşayır. İlk iclasın gedişi siyasi qarşıdurmanın nə qədər dərin olduğunu göstərən başqa bir faktla da yadda qaldı.

Saat 18:00-a qədər parlament təşkilati məsələləri belə tamamlaya bilməyib. “Ermənistan” blokunun deputatları iclas başa çatmadan zalı tərk ediblər.

Parlament sədrliyinə hakim “Mülki müqavilə”nin namizədi Ruben Rubinyanın namizədliyinin səsverməsi isə bu günə təxirə salınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR