İnsanlara hürriyət, millətlərə istiqlal!

Etibar Məmmədovdan sensasion “kölgə siyasətçiləri” açıqlaması

AMİP-in fəxri lideri belə vəziyyətin dövlət siyasətinin həyata keçirilməsinə və islahatların nəticə verməsinə ciddi maneə yarada biləcəyini deyib

AMİP-in fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az-a açıqlamasında ölkədə aparılan islahatların həyata keçirilməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. O bildirib ki, bundan öncəki söhbətində Mərkəzi Seçki Komissiyası ilə bağlı qeyd etdikləri neqativ proseslər sanki ölkənin digər dövlət qurumlarına da sirayət edib.

Etibar Məmmədovun sözlərinə görə, ölkə rəhbərliyi tərəfindən müxtəlif istiqamətlər üzrə islahatlar elan edilir və həyata keçirilməsi nəzərdə tutulur. Lakin onun fikrincə, bir çox hallarda həmin islahatların qarşısını elə məmurların özləri alırlar.  “İnsanlara ölkə iqtisadiyyatının gücləndirilməsi, sosial vəziyyətin yaxşılaşdırılması ilə bağlı islahatların həyata keçiriləcəyi elan olunur. Ancaq faktiki olaraq göz qabağında olan odur ki, məmurlar bunları sabotaj etməklə məşğuldurlar, islahatların qarşısını alırlar”, - deyə AMİP lideri bildirib. O, bu vəziyyəti vaxtilə mövcud olmuş “kölgə iqtisadiyyatı” anlayışı ilə müqayisə edib:

 “Vaxtilə, sovet dövründə "kölgə iqtisadiyyatı" deyilən bir anlayış var idi. Yəni rəsmi iqtisadiyyatdan başqa, gəlir və iqtisadi fəaliyyətlərin vergidən və dövlət uçotundan gizlədildiyi qeyri-rəsmi iqtisadiyyat da mövcud idi. Azərbaycan müstəqil olduqdan sonra da beynəlxalq qurumlar tərəfindən ölkəyə qarşı irəli sürülən əsas iradlardan biri “kölgə iqtisadiyyatı”nın mövcudluğu ilə bağlı idi.  Və bu, əsasən məmurların əlində cəmləşmişdi və onlar dövlətin iqtisadi inkişafına böyük maneələr yaradırdılar. Vergilərin yığılması, dövlət büdcəsinin və xəzinənin doldurulması bir kənarda qalırdı, əldə olunan vəsaitlər öz ciblərinə işləyirdi..." Bunları diqqətə çatdıran istiqlalçı deputat hesab edir ki, son dövrlərdə “kölgə iqtisadiyyatı” ilə yanaşı, “kölgə siyasəti” də formalaşıb: “Bu "kölgə siyasəti"nin nəticəsində rəsmi elan olunan dövlət siyasəti sanki sabotaj olunur, elan olunan islahatların həyata keçirilməsinə maneçilik törədilir. Onların kimliyi də məlum olmur. Yerlərdə rəhbər məmurlara bu barədə sual verəndə hamısı barmaqları ilə yuxarını göstərir və bildirirlər ki, guya oradan gələn göstəriş əsasında filan qərarlar qəbul olunur".

Etibar Məmmədov belə vəziyyətin dövlət siyasətinin həyata keçirilməsinə və elan olunan islahatların nəticə verməsinə ciddi maneə yarada biləcəyini vurğulayıb.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, dünyada gedən proseslər ölkəmizdə də islahatların aparılmasını zəruri edir. İslahatlara mane olan hallar aradan qaldırılmalıdır: “İnformasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin geniş yayılması istehsal və  idarəetmədə dəyişikliklərə gətirib çıxarır. Azərbaycanda da zamanın tələblərinə adekvat olaraq bir sıra addımlar atılır. İkinci Vətən müharibəsindən sonra bu istiqamətdə xeyli yeniliklər müşahidə etməkdəyik. İlkin olaraq korrupsiya və rüşvətxorluğa, məmur özbaşınalığına qarşı mübarizəni qeyd etmək olar. İcra başçılarının və bir çox başqa məmurların həbsi, vəzifədən uzaqlaşdırılması buna bariz nümunədir. Bundan başqa idarəetmədə xeyli yeniliklər baş verib. Bürokratiyanı azaltmaq, vətəndaşların rəy, təklif və fikirlərinin idarəetmədə nəzərə alınması üçün regional idarəetmə formasına keçid başlayıb. Artıq bir çox dövlət qurumları regionlar üzrə fəaliyyət göstərirlər. İşğaldan azad olunmuş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi vəzifəsi təyin olunub və əsas icra işləri onlara həvalə edilib. Biz bura bir sıra komitələrin ləğvini, nazirliklərin tərkibinə verilməsini və hətta nazirliklərin birləşdirilməsini əlavə edə bilərik".

Partiya sədri qeyd etdi ki, aparılan islahatlar zamanı məmurların, xarici təsirlər altında olan bir sıra şəxslərin bu prosesə mane olması mümkündür: “Lakin onu dayandıra bilməzlər. Buna görə də bəzi addımlar gözlənilən effekti verməyə bilər. Təbii ki, bütün bunlar ölkədə idarəetmənin konstitusion səviyyədə əsaslarının hazırlanmasını tələb edir. Bununla bağlı hazırda həm cəmiyyətdə, həm də hakimiyyət daxilində muzakirələrin getdiyi müşahidə olunur. Müsbət istiqamətli işlərin nəticələrinin uğurlu olmasına mane olan istənilən çatışmazlıqların aradan qaldırılması zəruridir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR