Onlayn ictimai-siyasi qəzet
Almaniya xüsusi xidmət orqanları və ordusu kibertəhlükəsizlik sahəsində yeni kadrları videooyun həvəskarlarının arasından seçməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) və Bundesver avqustun 26-dan 30-dək Kölndə keçiriləcək “Gamescom 2026” videooyun sərgisində xüsusi stendlərlə təmsil olunacaq.
Məqsəd kritik infrastruktur obyektlərinə qarşı kiberhücumlarla mübarizə apara biləcək potensial mütəxəssisləri müəyyənləşdirməkdir.
“The Telegraph”ın BND əməkdaşlarına istinadən yaydığı məlumata görə, Almaniya kəşfiyyatı öz stendində geymerlərə “BND Legends” adlı xüsusi videooyunu sınaqdan keçirməyi təklif edəcək. Oyun vasitəsilə iştirakçıların kibertəhlükəsizlik və hakerlik sahəsində bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulur.
BND nümayəndələri bildiriblər ki, videooyun həvəskarlarının malik olduğu bəzi bacarıqlarla kəşfiyyat xidmətinin axtardığı potensial əməkdaşların kompetensiyaları arasında “əhəmiyyətli kəsişmə” mövcuddur.
“Gamescom 2026”da Bundesverin də ayrıca stendi fəaliyyət göstərəcək. Almaniya Silahlı Qüvvələrinin işə qəbul kampaniyası 17 yaşdan yuxarı maraqlanan şəxslərə yönəldilib. Almaniyada 17 yaş könüllü hərbi xidmətə başlamaq üçün qanunla müəyyən edilmiş minimum yaş həddidir.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ