Onlayn ictimai-siyasi qəzet
Fransanın ən böyük 24 saatlıq xəbər kanallarından olan BFMTV minalanma həyəcanı ilə üz-üzə qalıb.
Musavat.com xəbər verir ki, günortadan sonra kanala daxil olan bir anonim məlumat ölkənin media sektorunu silkələyib: naməlum sosial şəbəkə istifadəçisi telekanalın yerləşdiyi binanın saat 15:15-də partladılacağını iddia edən paylaşım yayıb. Ardınca təhlükəsizlik xidmətləri dərhal hərəkətə keçib, BFMTV əməkdaşları isə canlı efiri yarımçıq qoyaraq studiyanı tərk etmək məcburiyyətində qalıb.
Paris polisinin məlumatına görə, hadisə şəhərin XV rayonunda baş verib. Əraziyə polis qüvvələri və minaların zərərsizləşdirilməsi üzrə ixtisaslaşmış qruplar cəlb olunub. Həyacanlı anlar, qısa zamanda Fransada informasiya təhlükəsizliyi ilə bağlı yeni suallar doğurub. Ölkənin ən çox izlənilən xəbər kanallarından birinin bu şəkildə hədəfə alınması həm ictimai rəyə, həm də media azadlığına yönəlik təhdid kimi dəyərləndirilir.
BFMTV-nin efiri tamamilə dayanıb və kanal məcburi şəkildə arxiv sənədli filmlərin yayımına keçib. Telekanal X hesabında yayımladığı açıqlamada proqram axınındakı dəyişikliklərin “təhlükə barədə daxil olan ciddi məlumat”la bağlı olduğunu bildirib. RMC BFM media qrupu isə bütün kanallarda yayımın müvəqqəti dayandırıldığını təsdiqləyib və texniki komandanın efiri tezliklə bərpa etməyə çalışdığını qeyd edib.
Son aylarda Fransada media qurumlarına, ictimai binalara və məktəblərə minalanma həyəcanlarının artması xüsusi narahatlıq yaradıb. Hökumət bu cür hədələrin çoxunun feyk və ya kiber təxribat xarakterli olduğunu desə də, təhlükəsizlik qurumları hər dəfə ciddi protokol tətbiq edir. BFMTV kimi böyük bir media qurumunun belə hədəfə alınması isə məsələni daha da aktuallaşdırır.
Hazırda binanın yoxlanılması davam edir, minalanma iddiasının real olub-olmaması barədə rəsmi açıqlama verilməyib. Lakin baş verənlər bir daha göstərir ki, informasiya müharibəsi və kiber təxribatlar dövründə media qurumları həm fiziki, həm də rəqəmsal təhlükələr qarşısında əvvəllər olmadığı qədər həssas vəziyyətdədir.
Şahanə Rəhimli,
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ