Onlayn ictimai-siyasi qəzet
Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydaya əsasən, ictimai nəqliyyatda fəaliyyət göstərən daşıyıcılara məsafə əsaslı subsidiya ödəniləcək. Məqsəd daşıyıcıların xidmət dəyəri ilə sərnişinlərdən toplanan gediş haqqı arasındakı mənfi fərqi kompensasiya etməkdir. Yeni mexanizmin həm daşıyıcıların fəaliyyətinə, həm də sərnişinlərə göstərilən xidmətin keyfiyyətinə necə təsir edəcəyi maraq doğurur.
Yeni qayda sərnişinlər üçün gediş haqlarının sabit qalmasına kömək edəcəkmi?
Nəqliyyat eksperti Aslan Əsədov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: "Bu məsələdə xarici dövlətlərin təcrübəsinə söykənsək, daha doğrusu ondan faydalansaq görərik ki, bir neçə ölkədə fərqli metodlardan istifadə olunur. Əsas odur ki, bu üsullar gediş haqqının ödənilməsi zamanı şirkətin və ya daşıyıcının üzləşdiyi maliyyə itkisinin aradan qaldırılmasına hesablanıb. Çünki ictimai nəqliyyat dayanlıqlı formada fəaliyyət göstərəndə daşıyıcıların konseptual problemləri olmur. Əsasən də daşıyıcı şirkətlər xidmət sahəsində fəaliyyət göstərənlərdir. Misal üçün, bir sahədən digərinə yüklərin daşınması, məhsulların müəyyən nöqtəyə çatdırılması və s. Yəni öz-özlüyündə bu gün nəqliyyat vasitələrinin funksional daşıyıcılığı üçün bu və ya digər formada bu cür konsepsiyalardan istifadə etmək mümkündür".
Ekspert vurğulayıb ki, Azərbaycan reallığında daşıyıcıların, xüsusən də məsafədən asılı olan, yəni rayonlararası daşımalar həyata keçirənlərin qiymətləri tənzimlənir və nəzərə alınır:"Şəhərlərarası daşımada isə yanacağın subsidiyalaşdırılmasını təmin etmək, yəni yanacaq təminatını əsaslandırmaq olar. Və ya elektriklə işləyən avtobusların ölkəyə gətirilməsini subsidiyalaşdırmaq olar ki, bununla da nəqliyyat vasitələrinin subsidiyalaşdırılması əsaslandırılar.
Bu kimi amillər əsas faktor olaraq qiymətləndirilə bilər. Bu da öz-özlüyündə nəqliyyat vasitələrinin rentabellik və sabitliyini qoruyub saxlayacaq. Əks halda bu məsələlər öz praktik həllini tapmayacaq. Yəni subsidiyalanan maşınların ölkəyə gətirilməsi, qənaətcil elektron sistemlə çalışan avtobusların fəaliyyəti, yaxud daim elektriklə işləyəcəksə, tramvay və trolleybusların sayının və ya hərəkət qrafikinin daha tez çəkilişi, istismar müddətinin azaldılması, şəhərə tramvay və trolleybusların daha tez qaytarılması kimi addımlarla sərfəli olmayan nəqliyyat vasitələrini tədricən dövriyyədən çıxara bilərik. Bunlar hamısı konsepsiya daxilində olan vasitələrdir və bunlardan faydalanmağımız daha məqsədəuyğun olardı".

Nəqliyyat eksperti Eldəniz Cəfərov da Musavayət.com-a deyib ki, yeni qaydanın əsas məqsədlərindən biri ictimai nəqliyyatın avtobus seqmentində çalışan daşıyıcı şirkətlərə subsidiyalar ayırmaqla sərnişinlərin vaxtı-vaxtında, təhlükəsiz və rahat daşınmasını təşkil etməkdir:"Yəni hər hansı mövcud marşrutda sərnişin sayının çoxluğundan və ya azlığından, eləcə də həmin xəttin rentabelli olub-olmamasından asılı olmayaraq, daşıyıcı şirkətlərə dövlət dəstəyi göstəriləcək. Bu dəstək sayəsində onlar həmin marşrut üzrə fəaliyyətlərini davam etdirəcək və sərnişinləri vaxtlı-vaxtında mənzil başına çatdıracaqlar.
Həmçinin bu, öz-özlüyündə bir stimullaşdırıcı, həvəsləndirici addımdır ki, daşıyıcı şirkətlər dövlətdən subsidiya almaq üçün marşrutlarındakı avtobusları yeniləsinlər, intervalların azalması üçün avtobus sayını artırsınlar, daşımanı vaxtı-vaxtında təşkil edə bilsinlər, eləcə də səfərlər daha təhlükəsiz, daha rahat və komfortlu avtobuslarla həyata keçilsin.
Məlum olduğu kimi, Bakı şəhərində fəaliyyət göstərən daşıyıcı şirkətlərin qarşısında xüsusi tələblər qoyulub: avtobuslar müəyyən ekoloji tələblərə cavab verməli, yeni və təhlükəsiz olmalı, nağdsız ödənişləri dəstəkləməlidir və s.
Yəni köhnə sistemlə çalışan, nağdsız ödənişləri həyata keçirə bilməyən və bugünkü müasir tələblərə cavab verməyən marşrutlardakı avtobuslara görə daşıyıcılara subsidiya ayrılmayacaq. Subsidiya yalnız bu tələblərə cavab verən şirkətlərə ayrılacaq"
Ekspertə görə, yeni qaydalarda sərnişinlər üçün gediş haqlarının sabit qalması məsələsindən danışmaq hələ tezdir:"Hələ ki sabit qalacaq. Düşünmürəm ki, yaxın vaxtlarda müəyyən dəyişiklik olsun".
Afaq Mirayiq,
Musavat.com
03 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ