İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc yaşında olan deputatların sayı ŞOK etdi

2 fevral 1997-ci ildən bəri Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Azərbaycanda “gənc” kateqoriyası əsasən 14-29 yaş aralığını əhatə edir. Bəs ölkədə gənclər əhalinin neçə faizini təşkil edir?

Musavat.com xəbər verir ki, ötən ilin rəsmi statistikasına görə, Azərbaycan əhalisinin təxminən 22.7 %-ni gənclər təşkil edir. Bu göstərici Dövlət Statistika Komitəsinin məlumatına əsasən, təxminən 2.3 milyon gəncin ölkə əhalisi içindəki payını göstərir.

Ekspertlərin qənaətincə və müşahidələrə görə, Azərbaycanda gənclərin elmə, təhsilə marağı hər il artır. Onların əksəriyyəti karyeralarını özəl sektorda, dövlət qurumlarında işləməklə yüksəltməyi seçməyə meylidirlər. Maraqlıdır ki, Azərbaycan gəncləri siyasətə elə də böyük maraq göstərmirlər. Onlar siyasətdə olmağı karyeralarına xidmət edə biləcək faktor kimi qəbul etmirlər. Bu reallığı Azərbaycan Milli Məclisinin tərkibində gənclərin sayının yüksək olmaması da təsdiqləyir.

2024-cü ilin sentyabrın 1-də seçilmiş VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının cəmi 1 nəfəri 29 yaşa qədər gənc olub. Milli Məclisin VII çağırış deputatları sırasında ən gənci 1995-ci il təvəllüdlü Mahir Süleymanlıdır. Deputat seçiləndə 29 yaşı olan M.Süleymanlının indi 31 yaşı var. Bu isə o deməkdir ki, hazırda parlamentdə 29 yaşa qədər gənc kateqoriyasına düşə biləcək deputat yoxdur. 29-40 yaş araılığında olan deputatların sayı isə 8 nəfərdir. Bu, deputatların ümumi sayının 6.4 %-i edir.

Onu da qeyd edək ki, rəsmi olaraq “gənc deputat” anlayışı parlamentdə müəyyən yaş həddi ilə təsbit olunmur.

Milli Məclisin ən gənc deputatı Mahir Süleymanlı Gənclər Günü ilə bağlı təmsil etdiyi Yeni Azərbaycan Partiyasının saytına yazdığı məqalədə qeyd edib ki, müasir dövrdə insan kapitalı dedikdə ölkənin intellektual potensialı nəzərdə tutulur, bu potensialın formalaşmasında isə gənclərin rolu əvəzsizdir: “Gənc nəsil cəmiyyətin dəyişkən çağırışlarına çevik reaksiya verir, yeni ideyalar və təşəbbüslərlə çıxış edir, eləcə də gələcəyin strateji layihələrini irəli aparır. Ona görə də gənclərə qayğı göstərmək dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindən biridir. Sağlam, savadlı, vətənpərvər və təşəbbüskar gənclərin yetişdirilməsi ölkənin parlaq gələcəyinin təminatıdır”.

Etibar Seyidağa,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR