Onlayn ictimai-siyasi qəzet
Suriya və İsrail ABŞ-ın vasitəçiliyi və İordaniyanın ev sahibliyi ilə hərbi gərginliyi azaltmaq və təhlükəsizlik sazişini bərpa etmək məqsədilə yüksəksəviyyəli danışıqlar keçirib.
Musavat.com xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA agentliyi Xarici İşlər Nazirliyindəki diplomatik mənbəyə istinadən məlumat yayıb.
Danışıqlar zamanı İsrailin Suriya ərazisinə endirdiyi zərbələrin, həbslərin və hədəfli hərbi əməliyyatların dayandırılması üçün praktiki mexanizmlərin işlənməsi, habelə gələcək geniş tərəfdaşlığa zəmin yaradacaq təhlükəsizlik sazişinin yenidən müzakirə olunması diqqət mərkəzində olub. Səfər çərçivəsində tərəflər İsrail və Türkiyə arasında artan gərginliyin Suriya ərazisinə keçməsinin qarşısını almaq yollarını da ətraflı müzakirə ediblər. Diplomatik mənbələr bildirir ki, ABŞ-ın nəzarəti altında İordaniyada mümkün hərbi toqquşmaları vaxtında önləmək üçün "xüsusi əməliyyat otağı"nın yaradılması razılaşdırılıb.
Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani "Reuters" agentliyinə müsahibəsində İsrailə qarşı inamsızlığın hələ də yüksək olduğunu desə də, Şam rəhbərliyinin tezliklə təhlükəsizlik danışıqlarını bərpa edəcəyini və İsrail qoşunlarının 2024-cü il dekabrın 8-dən əvvəlki mövqelərinə çəkilməsini tələb etdiyini xüsusi vurğulayıb.
Musavat.com
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ