Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında mənzili yandıran şəxs saxlanılıb. Hadisə avqustun 23-də Məhəmməd Hadi küçəsi 72 ünvanında yerləşən yaşayış binasının üçüncü mərtəbəsində baş verib.
Məlumata görə, 47 yaşlı mənzil sahibi şəxsi münaqişə zəminində yaşadığı evi yandırıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri, həmçinin polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğın qısa müddətdə məhdudlaşdırılıb və alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. Mənzili yandıran şəxs polis tərəfindən saxlanılıb. Ruhi xəstə olduğu bildirilən 47 yaşlı kişi əsəb dispanserinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Maraqlıdır ki, bu, son aylarda Bakıda evin qəsdən yandırılması ilə bağlı ilk belə hadisə deyil. May ayında Binəqədinin Sulutəpə qəsəbəsində daha dəhşətli olay yaşanıb. 1974-cü il təvəllüdlü Gülarə Quliyeva 21 bıçaq zərbəsi ilə qətlə yetirilib. Bundan sonra onun yaşadığı ev yandırılıb. Cinayətdə şübhəli bilinən qadının qeyri-rəsmi nikah münasibətində olduğu 1962-ci il təvəllüdlü Heydər Qarayev saxlanılıb.
Bundan əvvəl isə Binəqədidə başqa bir ailə dramı faciə ilə nəticələnib. 1968-ci il təvəllüdlü Rafət Həsənovla bağlı hadisədə bir ev, ona bitişik digər yaşayış sahəsi və həyətdəki “BMW” avtomobili yanıb. Hadisənin təfərrüatlarında ailə münasibətləri və ağır cinayət ehtimalları ön plana çıxıb. Yanğın nəticəsində bir neçə tikilinin konstruksiyaları da zərər görüb.
Beləliklə, Bakıda son dövrdə münaqişə evin yandırılması xətti üzrə bir neçə hadisənin qeydə alınması narahatedici mənzərə yaradır. Ən son Xətai hadisəsində isə təhlükə xüsusilə böyük olub. Çünki söhbət həyət evindən deyil, çoxmərtəbəli binanın üçüncü mərtəbəsində yerləşən mənzildən gedir. Belə vəziyyətdə yanğının qonşu mənzillərə, hətta bütün binaya yayılması ağır nəticələrə səbəb ola bilərdi.
Hadisələrin motivləri və hüquqi qiyməti, əlbəttə, istintaqın nəticəsindən sonra dəqiqləşəcək. Lakin son nümunələr göstərir ki, ailə-məişət münaqişələrinin nəzarətdən çıxması bəzən yalnız tərəflərin özləri üçün deyil, ətrafdakı onlarla insan üçün də real təhlükəyə çevrilir. Xüsusilə də psixoloji problemləri olan şəxslərin aqressiv davranışlarının vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması məsələsi yenidən gündəmə gəlir.
Vəkil Cavad Cavadov Musavat.com-a açıqlamasında Bakıda son günlərdə baş verən ev yanğınlarının hüquqi tərəflərinə aydınlıq gətirib.

Onun sözlərinə görə, əmlakın qəsdən yandırılması ilə bağlı məsuliyyət ilk növbədə yandırılan əmlakın kimə məxsus olmasından və hadisənin hansı nəticələrə səbəb olmasından asılıdır.
Cavad Cavadov bildirib ki, Azərbaycan Cinayət Məcəlləsinin 186-cı maddəsi özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməyə görə məsuliyyət müəyyən edir. Əmlakın yandırmaqla, partlatmaqla və ya digər ümumi təhlükəli üsulla məhv edilməsi, yaxud ağır nəticələrə səbəb olması daha ağır məsuliyyət yaradır. Bu halda 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Ziyan xüsusilə külli miqdarda olduqda isə 7 ildən 10 ilədək həbs cəzası tətbiq edilə bilər.
Vəkil xüsusilə vurğulayıb ki, şəxs özünə məxsus evi və ya mənzili yandırıbsa, bu faktın özü avtomatik olaraq Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə cinayət məsuliyyəti yaratmır. Çünki həmin maddədə söhbət özgənin əmlakının məhv edilməsindən gedir.
“Lakin şəxs öz mənzilini yandırarkən qonşuların mənzillərinə, binanın ümumi əmlakına və ya digər şəxslərin əmlakına ziyan vurubsa, məsələ artıq başqa müstəvidə qiymətləndirilir. Həmçinin yanğın insanların həyatı və sağlamlığı üçün real təhlükə yaradıbsa, istintaq orqanları hadisənin bütün hallarına hüquqi qiymət verməlidir”, – deyə Cavad Cavadov qeyd edib.
Onun sözlərinə görə, çoxmərtəbəli binada mənzilin qəsdən yandırılması xüsusi təhlükəli vəziyyət yaradır. Çünki alovun və tüstünün digər mənzillərə yayılması nəticəsində başqa şəxslərin əmlakına zərər dəyməsi, insanların xəsarət alması və hətta daha ağır nəticələrin baş verməsi mümkündür.
Cavad Cavadov hadisədə şəxsin psixi vəziyyətinin də mühüm hüquqi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, şəxsin “ruhi xəstə” olması barədə məlumatın mövcudluğu avtomatik olaraq onun cinayət məsuliyyətindən azad edilməsi demək deyil.
“Burada əsas məsələ şəxsin əməli törətdiyi zaman öz hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini dərk edib-etməməsi, həmçinin öz davranışına rəhbərlik etmək imkanının olub-olmamasıdır. Bu məsələ yalnız müvafiq məhkəmə-psixiatrik ekspertizasının nəticəsi ilə müəyyən edilə bilər”, – deyə vəkil bildirib.
Vəkil əlavə edib ki, şəxs əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olubsa, ona cinayət cəzası əvəzinə qanunvericilikdə nəzərdə tutulan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
“Deməli, Xətai hadisəsində həmin şəxsin ruhi dispanserə yerləşdirilməsi hələ onun işinin hüquqi baxımdan yekunlaşması demək deyil. İstintaq həm yanğının səbəb və motivlərini, həm vurulmuş zərəri, həm də şəxsin hadisə zamanı psixi vəziyyətini müəyyən etməlidir”, – Cavad Cavadov vurğulayıb.
E.Məmmədəliyev,
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ