Onlayn ictimai-siyasi qəzet
Tayvanda qeyri-adi məhkəmə işi böyük rezonans doğurub. Bir kişi kameralı robot-tozsorandan istifadə edərək həyat yoldaşının başqa kişi ilə münasibətini qeydə alıb.
Musavat.com xəbər verir ki, kişi arvadının ona xəyanət etdiyindən şübhələndikdən sonra robot-tozsoranı mobil tətbiq vasitəsilə uzaqdan işə salıb. Cihazın kamerası qadının başqa kişi ilə intim görüşünü qeydə alıb.
Kişi həmin görüntüləri məhkəməyə təqdim edərək həyat yoldaşına və onun sevgilisinə qarşı mülki iddia qaldırıb. Məhkəmə onun xeyrinə qərar çıxarıb və qarşı tərəfin 500 min Tayvan dolları - təxminən 17 min ABŞ dolları məbləğində təzminat ödəməsinə qərar verib.
Lakin məsələ bununla yekunlaşmayıb. Daha sonra kişinin özü həyat yoldaşının şəxsi həyatını onun razılığı olmadan qanunsuz şəkildə qeydə aldığına görə məsuliyyətə cəlb edilib.
Məhkəmə bildirib ki, nikah münasibətləri şəxsin məxfilik və şəxsi həyat hüququnu aradan qaldırmır. Görüntülərin məqsədli şəkildə və qadının xəbəri olmadan çəkildiyi müəyyən edilib.
Nəticədə kişi arvadının xəyanətinə görə təzminat almağa nail olsa da, qanunsuz çəkilişə görə beş aylıq həbs cəzasına və cəriməyə məhkum edilib.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ