Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Kipr Respublikasının prezidenti Nikos Xristodulideslə Şimali Kipr Türk Respublikasının lideri Tufan Ərhürman arasında təxminən üç saat davam edən görüş keçirilib.
Görüş BMT-nin himayəsi altında baş tutub və Kipr nizamlama prosesinin irəlilədilməsi səylərinin bir hissəsi olub. "Birləşmiş Millətlər Təşkilatının Baş katibinin dediklərinə əsaslanaraq, biz düzgün istiqamətdə irəliləyirik", - deyə Nikos Xristodulides görüşün keçirildiyi BMT missiyasının ofisindən çıxarkən bildirib. Bölünmüş Kiprin liderləri, xüsusən də Nikosiyanın bufer zonasındakı aeroport ərazisindəki BMT-nin Xeyirxah Ofislər Missiyasının ofislərində mövqelərin yaxınlaşması, metodologiya və etimadın artırılması tədbirləri ilə bağlı əsaslı məsələləri müzakirə aparıblar.
Prezident Xristodulides prezident sarayına gəlişindən sonra verdiyi açıqlamada, liderlər arasında təkbətək danışıqların müsbət keçdiyini bildirib. "Yaxşı bir görüş baş tutdu, buna görə də görüş təxminən üç saat davam etdi və Kipr türk lideri ilə görüşün böyük hissəsini təkbətək keçirdik", - deyə o qeyd edib. Rəsmi olaraq bildirilib ki, həftədə bir dəfə görüşmək barədə razılaşma əldə ediblər. Bundan əlavə vətəndaş cəmiyyətlərinin Məşvərət Şurasının koordinasiya komitəsinin üzvləri də təyin olunub. Yəni bu o deməkdir ki, Şimali Kiprlə Yunan Kiprinin ictimaiyyət nümayəndələrinin arasında da danışıqlara başlamaq üçün start verilib.
Bu gedişat Türkiyənin Şimali Kiprin suverenliyindən geri çəkilməsinə gətirib çıxara bilərmi? Azərbaycanın mövqeyi necə olacaq?
Nəzərə alaq ki, Türk Kiprinin əvvəlki rəhbəri ölkəmizdə olub, əlaqələrdə yaxınlaşma müşahidə edilib. Həmçinin, Şimali Kiprin TDT-yə dəvət olunması gündəmdədir.

Deputat Elçin Mirzəbəyli Musavat.com-a bildirdi ki, təxminən üç saat davam edən görüş Kipr məsələsində sıradan bir protokol xarakterli təmas deyil: “Lakin bu prosesə “Kipr məsələsi həll olunur” və ya “Türkiyə Şimali Kiprin suverenliyindən geri çəkilir” kimi qəti nəticələrlə yanaşmaq yanlışdır. Hazırkı mərhələ yekun status danışıqlarından çox, tərəflərin hansı əsasda və hansı təminatlarla yenidən ciddi danışıqlara başlaya biləcəyini müəyyənləşdirən hazırlıq mərhələsidir. Düşünürəm ki, “Annan planı” bu mövzunun əsas siyasi və mənəvi istinad nöqtəsidir”.
Onun sözlərinə görə, 2004-cü ilin 24 aprelində keçirilən referendumda Kipr türklərinin 64,9 faizi planı dəstəkləyib: “ Yunanların isə 75,8 faizi plana qarşı səs verdi. Yəni ŞKTC vətəndaşları beynəlxalq inteqrasiya, federativ həll və ortaq siyasi gələcək naminə kompromisə hazır olduqlarını nümayiş etdirdilər, planın baş tutmaması isə onların “yox” deməsi ilə bağlı deyildi. Bu faktın ən ağır nəticəsi sonrakı siyasi asimmetriya oldu. 1 may 2004-cü ildə Kipr Respublikası Avropa İttifaqına üzv qəbul edildi, lakin Aİ hüququnun tətbiqi adanın şimalına – ŞKTC-yə şamil edilmədi. Beləliklə, yunanlar planı rədd etsə də, onların Aİ üzvlüyü üstünlüyü və adanı təmsil etmək hüquq qorundu, “hə” deyən Kipr türklərinin təcridi isə aradan qalxmadı. Hətta BMT-nin Baş katibi Kofi Annan referendumdan sonra beynəlxalq ictimaiyyəti türk kiprliləri təcrid edən və inkişafına mane olan lazımsız məhdudiyyətlərin aradan qaldırılmasına çağırış etsə də, bu çağırış praktikada yetərli siyasi nəticə vermədi. Bu tarix nəzərə alınmadan bugünkü danışıqları düzgün qiymətləndirmək mümkün deyil”.
Deputatın sözlərinə görə, 2004-cü ildən sonra dəyişən məqamları da nəzərə almaq lazımdır: “Əvvəla, 2017-ci ildə İsveçrənin Krans-Montana şəhərində Kipr probleminin həlli ilə bağlı kifayət qədər ciddi danışıqlar aparılsa da təhlükəsizlik, Türkiyənin zəmanətçilik hüququ və hərbi mövcudluq məsələlərində razılıq əldə olunmadı. Bundan sonra, xüsusilə də 2020–2025-ci illərdə ŞKTC-də iki dövlətli həll və suveren bərabərlik tezisi daha qabarıq siyasi xəttə çevrildi. Bu xətt Kipr türklərinin uzun və sonsuz danışıqlar prosesindən yorulmasının, həmçinin “Annan planı”ndan sonra yaranmış etimadsızlığın nəticəsi idi. Nəzərə almaq lazımdır ki, Tufan Ərhürmanın 2025-ci ildə prezident seçilməsi federativ çərçivədə danışıqlara daha açıq siyasi üslub gətirib. Ancaq bunu ŞKTC-nin statusundan, Türkiyə ilə ittifaqından və ya təhlükəsizlik ehtiyacından imtina kimi təqdim etmək doğru deyil. Ərhürmanın mövqeyi belədir ki, Kipr türklərinin siyasi bərabərliyi müzakirə predmeti ola bilməz”.
E.Mirzəbəyli bildirib ki, BMT 2025-ci ildən etibarən prosesi yenidən hərəkətə gətirməyə çalışır: “Cenevrə və Nyu-York görüşlərində əsasən yeni keçid məntəqələri, minalardan təmizləmə, enerji, ətraf mühit, mədəni irsin qorunması və vətəndaş cəmiyyəti kimi etimad quruculuğu tədbirləri gündəmdə olub. Bunlar vacibdir, amma hələ suverenlik, zəmanətlər, ərazi, mülkiyyət və federal idarəetmə kimi əsas mübahisələri həll etmir. Türkiyə heç bir halda geri çəkilmir və çəkilməsi mümkün də deyil. Əksinə, Ərhürman danışıqların Türkiyə ilə koordinasiyada aparıldığını və Kipr türklərinin bərabərlik, təhlükəsizlik və siyasi iradəsindən geri çəkilməyəcəyini vurğulayıb. Unutmaq lazım deyil ki, danışıqlara qayıtmaq diplomatik taktika və status-kvonun yaratdığı riskləri azaltmaq cəhdidir”.
Deputat əlavə edib ki, Azərbaycan Türkiyə ilə birlikdə Kipr türklərinin iradəsinə, bərabər statusuna və real təhlükəsizlik təminatlarına əsaslananan həll variantını dəstəkləyə bilər.
Cavanşir Abbaslı
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ