İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan üçün son SINAQ - Putin o sözü BU GÜN deyəcəkmi?

Bu gün - avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçiriləcək. Xəbər verildiyi kimi, sammitə Ermənistan Baş naziri Nikol Paşinyan da dəvətlidir. Tədbir çərçivəsində onun Putinlə görüşü nəzərdə tutulub. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, görüşdə “Ermənistan müxalifətinin bəzi liderlərinin həbsi məsələsi" də müzakirə olunacaq.

Moskvadan uzaqlaşan İrəvan – Kremlin dəyişməyən təzyiq metodu - ŞƏRH

Moskva-İrəvan xəttində artan gərginlik fonunda bu görüş Ermənistana və konkret olaraq Nikola nə vəd edir? Paşinyanın mövqeyi 7 iyun seçkilərindən sonra Rusiya qarşısında nə dərəcədə güclənib? Putin nəhayət onu təbrik edəcəkmi? Çünki bu onların arasında seçkilərdən sonra ilk görüş olacaq...

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli yada salıb ki, Putin əvvəlki görüşdə Samvel Karapetyana və bütövlükdə Rusiyameyilli qüvvələrə seçkilərdə iştirak şəraiti yaradılmasını xahiş etmişdi. Onun sözlərinə görə, Paşinyanın ona cavabı isə kifayət qədər aydın idi - Ermənistan vətəndaşı olmayan şəxs qanunvericiliyə əsasən seçkilərdə namizəd kimi iştirak edə bilməz.

Köçəryan, Sarukyan və Karapetyanın həbsi tələb edildi

Samir Əsədli hesab edir ki, Putin bu dəfə isə Köçəryanın və Sərkisyanın barəsində istintaq aparılmasını müzakirə edəcək: "Köçəryan 2018-ci ildə həbs olunanda Putinin xahişi ilə azad olundu. Kreml liderinin ikinci dəfə belə bir müraciət etməsi istisna deyil, amma Paşinyan bildirəcək ki, bu iş istintaq orqanlarının səlahiyyətindədir. Yəni baş nazir prezidentə müsbət cavab verməyəcək. Bu da Rusiyanın Ermənistana iqtisadi basqılarının daha da artmasına gətirib çıxara bilər. Hazırda erməni malları Rusiya bazarlarına çıxarılmır və qadağa var. Bu sanksiyaların davamı gələcək. O baxımdan, erməni mediası yazır ki, Paşinyan siyasi bazarlıq da edə bilər. Yəni Köçəryan və oğlu barəsində aparılan istintaq tədbirləri yumşala, əvəzində erməni məhsullarının Rusiyaya ixracı üçün "yaşıl işıq" yana bilər. Hər halda, Bişkek görüşü o qədər asan olmayacaq və liderlərin müzakirə etməli bir çox mübahisəli məsələləri var".

Vətəndaş Həmrəyliyi Partiyası hər zaman seçkilərə hazırdır” — Samir Əsədli

Samir Əsədli Rusiya-Ermənistan münasibətlərində gərginliyin davam edəcəyi, Bişkek görüşü ilə problemin köklü şəkildə həll olunmayacağı qənaətindədir: "Çünki erməni hökuməti Avropa ilə yaxınlaşma niyyətini gizlətmir. Belə bir strateji seçim təbii ki, Moskva ilə əlaqələrdə daimi gərginlik deməkdir. Sadəcə, Rusiya Ermənistanda hakimiyyəti dəyişə bilmir. Ona görə müxtəlif təzyiq vasitələrindən istifadə edir. Paşinyan da çalışır ki, münasibətlər tamamilə böhran həddinə çatmasın. Lakin gedişat böhrandan xəbər verir. Bişkek görüşündə bəzi razılaşmalar əldə olunarsa, gərginlik müvəqqəti azala bilər. Ancaq problemlərin birdəfəlik aradan qalxacağını gözləmirəm. Bunun üçün Paşinyan Kremlin hər dediyini etməlidir. Qərb isə buna imkan verməz".

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR