Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan üçün itkin düşmüş şəxslərə taleyi dərin humanitar və milli zərər kəsb problem olaraq qalır. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş kimi qeydiyyatdadır”. Bu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri üzrə rəhbəri Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı "X" hesabında paylaşımda qeyd edilib.
"Məsələ ilə bağlı Zati-aliləri Prezident İlham Əliyevin daim diqqət və qayğısı altındadır. yerləri araşdırılır, kütləvi məzarlıqlar qazılır və aşkar edilmiş qalıqlar məhkəmə və DNT müayinəsi ilə araşdırılır. Bu günə qədər 32 kütləvi məzar tapılıb və 328 nəfər itkin DNT müayinəsi ilə müəyyən edilib. Bununla əlaqədar olaraq, Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, o cümlədən dəfn yerləri barədə dəqiq və müəyyən edilmiş məlumatların verilməsi vacib olaraq qalır. Belə ilk növbədə humanitar idarədir və ailənin onilliklər boyu davam edən qeyri-müəyyənliyə son qoymaq üçün vacibdir. Çətin relyefə, hava şəraitinə, təhlükəsizlik də mina və partlamamış avadanlıq sursatlarının təhlükələrə qarşı, axtarış əməliyyatları bütün mövcud ehtiyatlar və texnologiyalarla davam edir. Ailənin yaxınlarının taleyini hər kəsə hüququ var. Hər itkin düşmüş adı var. Hər ailə cavab almağa layiqdir", - Prezidentin köməkçisi qeyd edib.
Qeyd etmək lazımdır ki, Bakı ilə İrəvan arasında təmaslar var, etimad mühiti formalaşdırır, ən əsası möhkəm mətni paraflanıb. Bəs Ermənistan 4 min azərbaycanlının yerini niyə gizlədir? Azərbaycan bu yöndə hansı addımlar ataraq qarşı tərəfi məcbur etmək olar?

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, burada məsələyə ilk növbədə siyasi və humanitar baxımdan yanaşmaq lazımdır: “Azərbaycan üçün 4 min 10 itkin vətəndaşın taleyi sıradan bir məsələ deyil. Bu, Birinci Qarabağ müharibəsindən bu günə qədər həll olunmamış ən böyük humanitar problemlərdən biridir. Ən maraqlısı isə odur ki, Azərbaycan öz ərazisində bu məsələ ilə bağlı sistemli araşdırma aparır. Kütləvi məzarlıqlar aşkarlanır, insan qalıqları müəyyən edilir, DNT ekspertizaları keçirilir və ailələrə illər sonra cavab verilir. Deməli, Azərbaycan tərəfi öz üzərinə düşən işi görür. İndi eyni sualı Ermənistan qarşısında qoymaq lazımdır -Ermənistan öz əlində olan məlumatlarla bağlı nə edir? Əgər Ermənistanın arxivlərində, hərbi strukturlarında, keçmiş hərbçilərdə və digər mənbələrdə Azərbaycan itkinləri ilə bağlı məlumatlar varsa, niyə həmin məlumatlar təqdim olunmur? Burada söhbət artıq siyasi polemikadan getmir. Söhbət insan taleyindən gedir”.
Siyasi şərhçi deyib ki, 4 min 10 insanın hər birinin ailəsi var: “Bu ailələrin hər biri illərdir bir cavab gözləyir. Ona görə də mən hesab edirəm ki, Ermənistan bu məsələyə münasibətini dəyişməlidir. Bu gün Azərbaycanla Ermənistan arasında sülh prosesindən danışılır. Sülh sənədi paraflanıb, tərəflər arasında müəyyən təmaslar mövcuddur. Amma sülh yalnız sənədin imzalanması ilə təmin olunmur. Mən əvvəllər də demişəm ki, Azərbaycan milli maraqlarına cavab verən və regionda davamlı sülh yarada biləcək sazişin tərəfdarıdır. Amma davamlı sülh üçün etimad lazımdır. Etimad isə birtərəfli olmur. Əgər Ermənistan Azərbaycandan sülh üçün müəyyən addımlar gözləyirsə, Azərbaycan da Ermənistanın üzərinə düşən məsələlərin həllini tələb edə bilər. İtkinlərin taleyi də həmin məsələlərdən biridir. Mən bunu hətta sülh prosesinin humanitar komponenti kimi qiymətləndirərdim. Çünki bir tərəfdən deyirsən ki, keçmiş münaqişəni geridə qoyaq, digər tərəfdən isə həmin münaqişənin qurbanlarının taleyi ilə bağlı məlumatları gizli saxlayırsan. Bu, ziddiyyətdir. Keçmişi bağlamaq istəyirsənsə, əvvəlcə keçmişdə nə baş verdiyini ortaya qoymalısan”.
Onun sözlərinə görə, Ermənistan deyə bilər ki, hadisələrdən 30 ildən artıq vaxt keçib, sənədlər yoxdur, məlumatlar itirilib və s: “Amma bu arqument keçərli deyil. Çünki hərbi əməliyyatların aparıldığı dövr haqqında müəyyən sənədlər olur. Hərbi hissələrin hesabatları, xəritələri, əməliyyat məlumatları, döyüş iştirakçıları, yerli əhali, şahidlər olur. Əgər Azərbaycan bu qədər müddətdən sonra öz ərazisində kütləvi məzarlıqları tapa bilirsə, Ermənistanın əlində olan məlumatların da araşdırılması mümkündür. Ona görə də Ermənistanın qarşısına konkret tələb qoyulmalıdır ki, axivləri açınlar və məlumatları təqdim etsinlər, keçmiş hərbi strukturların məlumatlarını ortaya qoysunlar. Bu, Ermənistan üçün hansısa alçaldıcı tələb deyil. Əksinə, əgər Ermənistan yeni siyasi mərhələyə keçmək istəyirsə, bu, onun üçün fürsətdir. Çünki sülhə gedən yolun ən mühüm elementlərindən biri də həqiqətin ortaya çıxarılmasıdır”.

Müsahibimiz deyib ki, Azərbaycan tərəfinin açıqladığı rəqəmlər də göstərir ki, bu məsələ artıq yalnız ehtimallar üzərində qurulmur: “32 kütləvi məzarlığın aşkarlanması çox ciddi göstəricidir. DNT müayinələri nəticəsində yüzlərlə şəxsin kimliyinin müəyyənləşdirilməsi də Dövlət Komissiyasının apardığı işin nəticəsidir. Amma 328 nəfərin müəyyənləşdirilməsi o demək deyil ki, məsələ bitib. Bəs qalan 4 min 10 insanın taleyi necə olacaq? Bu insanların ailələrinə kim cavab verəcək? Əgər həmin insanların qalıqları Ermənistan ərazisindədirsə, onların harada dəfn olunduğunu kim deyəcək? Əgər bu barədə məlumat Ermənistanın dövlət strukturlarında varsa, həmin məlumat niyə Azərbaycan tərəfinə verilməsin? Bütün bunlar çox ciddi suallardır. Əlbəttə, ikitərəfli mexanizm olmalıdır. Amma paralel olaraq beynəlxalq təşkilatlar da prosesə cəlb edilməlidir. Beynəlxalq Qızıl Xaç Komitəsinin imkanlarından istifadə etmək olar. BMT çərçivəsində məsələni gündəmdə saxlamaq olar. Beynəlxalq ekspertlərin iştirakı ilə arxivlərin, kütləvi məzarlıqların və digər materialların araşdırılması mümkündür. Əsas məqsəd Ermənistanı hansısa formada siyasi küncə sıxışdırmaq yox, məlumat əldə etməkdir. Bu fərqi düzgün qoymaq lazımdır. Çünki bizim qarşımızda minlərlə ailə var, onların siyasi məqsədi yoxdur. Onlar torpaq tələb etmir, müharibə istəmirlər. Onlar sadəcə öz yaxınlarının taleyini bilmək istəyirlər.Bu baxımdan Azərbaycan bu məsələni beynəlxalq ictimaiyyət qarşısında çox aydın formada təqdim etməlidir. Mən hesab etmirəm ki, itkinlərin taleyinin müəyyənləşdirilməsi sülh sazişinə alternativ məsələdir. Əksinə, bu, sülh sazişinin humanitar tərəfidir. Siyasi sənəd imzalanır, sərhədlər müəyyənləşir, dövlətlər bir-birinin ərazi bütövlüyünü tanıyır. Bunlar vacibdir. Amma insanların taleyi də həll olunmalıdır. Çünki dövlətlər arasında sülh ilə cəmiyyətlər arasında barış eyni şey deyil. Dövlətlər razılaşa bilər, amma bir ailənin evində 30 ildən artıqdır itkin düşmüş oğulun şəkli divardan asılıbsa, həmin ailə üçün müharibənin nəticələri hələ bitməyib. Ona görə də mən hesab edirəm ki, itkinlərin məsələsi iki ölkə arasında etimadın formalaşdırılması üçün mühüm mexanizmə çevrilə bilər. Ermənistan bu məsələdə müsbət addım atsa, Azərbaycan cəmiyyətində də bunun müvafiq qarşılığı olacaq”.
Siyasi şərhçi deyib ki, sülh prosesi onsuz da müxtəlif siyasi maneələrlə üzləşib:
“Ermənistanın sülh məsələsində qeyri-müəyyən davranışlarının region üçün risk yaradır. İtkinlərin taleyi məsələsində də Ermənistan qeyri-müəyyən mövqe tutsa, bu, etimadı daha da zəiflədə bilər. Azərbaycanın 4 min 10 itkinin taleyinin müəyyənləşdirilməsini tələb etməsi Ermənistandan hansısa siyasi güzəşt istəməsi demək deyil. Bu, Azərbaycanın öz vətəndaşlarının hüquqlarını müdafiə etməsidir. Azərbaycan heç kimdən qeyri-mümkün bir şey tələb etmir”.
E.Məmmədəliyev,
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ