İnsanlara hürriyət, millətlərə istiqlal!

BBC-nin Azərbaycan “dosyesi”: Qarabağı unutdular, “siyasi məhbus”u xatırladılar-Londonun köhnə ssenarisi

 

BBC Azərbaycanla bağlı növbəti geniş material dərc edib. Əslində yazını oxuyan hər bir oxucunun ağlına öncəliklə bu fikir gəlir: “köhnə hamam, köhnə tas...”.

Bir sözlə “ürəyidolu” yazılan məqalə yeni heç nə demir. Sadəcə köhnə ittihamlar, hüquq müdafiəçilərinin birtərəfli mövqeləri və siyasi xarakterli qiymətləndirmələr bir mətnin içində birləşdirilərək Azərbaycan haqqında əvvəlcədən hazırlanmış mənzərə oxucuya təqdim olunur.

Materialın başlığından və ilk abzaslarından etibarən məqsəd aydındır: Azərbaycanı “getdikcə qapalılaşan”, siyasi təqiblərin artdığı, demokratiyadan uzaqlaşan ölkə kimi göstərmək.

Haqlı olaraq bu sual yaranır: BBC niyə Azərbaycanı yalnız bir pəncərədən göstərir? Nəyə görə Azərbaycanın 30 illik işğal, etnik təmizləmə, Xocalı faciəsi, bir milyondan çox məcburi köçkünün taleyi, şəhər və kəndlərin dağıdılması ilə üzləşmiş ölkə kimi keçmişinə demək olar ki, yer verilmir? Nə üçün 2020-ci il müharibəsi zamanı beynəlxalq medianın Azərbaycanla bağlı yaydığı bir sıra məlumatların necə birtərəfli təqdim edildiyi xatırlanmır? Niyə Azərbaycan Prezidentinin həmin dövrdə BBC-nin özünə verdiyi müsahibədə səsləndirdiyi arqumentlər bu materialda demək olar ki, görünmür?

Bu yerdə bir xatırlatma yerinə düşər ki, hələ 2020-ci ilin noyabrında Prezident İlham Əliyev “BBC News”-a müsahibəsində Qərb mediasının Qarabağ müharibəsinə yanaşmasını açıq şəkildə tənqid etmişdi. Dövlət başçısı həmin müsahibədə Azərbaycanla bağlı beynəlxalq mediada “qərəzli yanaşma” və “qara təbliğat” olduğunu bildirmiş, Gəncənin ballistik raketlərlə vurulması, Bərdəyə kasetli bombalarla hücum və Azərbaycanın mülki əhalisinin öldürülməsi barədə Qərb mediasında niyə eyni həssaslığın göstərilmədiyini sual etmişdi. Bu, çox mühüm məqamdır. Çünki bu gün “BBC Azərbaycanca”dakı ayrı-ayrı cinayət işlərini, hüquqi prosesləri və hüquq müdafiəçilərinin mövqelərini geniş şəkildə təqdim edərkən həmin dövrdə Azərbaycan tərəfinin beynəlxalq informasiya müharibəsində üzləşdiyi problemləri demək olar ki, kənarda saxlayır. Halbuki müharibə vaxtı İlham Əliyevin verdiyi müsahibələrə baxanda onun əsas mesajlarından biri məhz bu idi ki, Azərbaycanın mövqeyi beynəlxalq auditoriyaya çatdırılmır, hadisələrə ikili standartla yanaşılır. 2020-ci ildə Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa edirdi. Prezident həmin vaxt dəfələrlə bəyan edirdi ki, Ermənistan işğal olunmuş ərazilərdən çıxmaq barədə öhdəlik götürsə, Azərbaycan döyüşləri dayandırmağa hazırdır.

Bu gün isə BBC həmin tarixi konteksti arxa plana keçirərək oxucuya yalnız “qalib gəldikdən sonra repressiyalar artdı” tezisini təqdim edir.

Bu, jurnalistikadır?

Əlbəttə, jurnalistika yalnız bir tərəfin arqumentlərini toplamaqdan ibarət olmamalıdır.

Qarabağ məsələsi niyə bu qədər tez unudulur?

BBC-nin məqaləsində Azərbaycan hakimiyyətinin güclənməsinin əsas səbəbi kimi Qarabağ qələbəsi göstərilir. Lakin bu qələbənin Azərbaycan cəmiyyətində nə demək olduğu barədə obyektiv mənzərə yaradılmır. Otuz il ərzində işğal altında qalan torpaqların azad olunması Azərbaycan xalqı üçün sadəcə hərbi nəticə deyildi. Bu, ölkənin ərazi bütövlüyünün bərpası, milyonlarla insanın yaddaşında yaşayan bir ədalətsizliyin aradan qaldırılması, Xocalının, Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Şuşanın adının yenidən Azərbaycan xəritəsində tam mənada bərpa olunması idi.

Azərbaycanın bu reallığını görmədən ölkədəki siyasi prosesləri yalnız “hakimiyyət daha da sərtləşdi” çərçivəsində təqdim etmək qərəzli yanaşmadan başqa nədir?

Prezident İlham Əliyev dəfələrlə müharibədən sonrakı mərhələdə Azərbaycan tərəfinin intiqam yox, hüquq və sülh mövqeyindən çıxış etdiyini vurğulayıb. Sonrakı çıxışlarında da bildirdi ki, 2020-ci ildə Azərbaycan intiqamını döyüş meydanında alıb və Ermənistan xalqına qarşı onun Azərbaycana qarşı törətdiyi əməllərin təkrarlanmayacağını bəyan edib.

Bütün bunlara baxmayaraq, BBC niyə bu fikirləri Azərbaycan hakimiyyətinin mövqeyini izah edən əsas kontekst kimi təqdim etmir?

COP29 zamanı Azərbaycana qarşı kampaniya nə idi?

BBC-nin hazırkı materialında başqa bir mühüm məsələ də kölgədə qalır, COP29 ərəfəsində Azərbaycana qarşı aparılan beynəlxalq informasiya kampaniyası...

Azərbaycan COP29-a ev sahibi seçildikdən sonra ölkəyə qarşı bir sıra Qərb media qurumları, QHT-lər və siyasi dairələr tərəfindən ardıcıl tənqid kampaniyaları başladı. Prezident bunu açıq şəkildə bildirdi. COP29 Liderlər Sammitində dövlət başçısı Azərbaycanın ev sahibi seçilməsindən dərhal sonra “koordinasiya olunmuş” qarayaxma və böhtan kampaniyasının başladığını söylədi və Qərb mediasının, bəzi QHT-lərin və siyasətçilərin Azərbaycanla bağlı dezinformasiya yaydığını bildirdi. Daha sonra Dövlət Başçısı COP29-un boykot edilməsinə yönəlmiş cəhdlərin də olduğunu qeyd etdi. Onun sözlərinə görə, xüsusilə Fransa tərəfindən tədbiri gözdən salmaq üçün ciddi səylər göstərilmişdi. Buna baxmayaraq, 80 dövlət və hökumət başçısı Bakıya gəldi.

İndi isə həmin kampaniyanın mühüm hissəsi sanki heç vaxt olmayıbmış kimi davranılır. BBC Azərbaycanın üzərinə yönəlmiş beynəlxalq təzyiqləri araşdırmaq əvəzinə, Azərbaycandakı siyasi prosesləri həmin təzyiqlərdən tamamilə ayrı təqdim edir. Bu isə, ciddi informasiya boşluğudur. Çünki COP29 Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldiyi bir vaxtda ölkəyə qarşı informasiya savaşının da necə gücləndiyini göstərən mühüm nümunə idi.

BBC materialının ən ciddi problemlərindən biri “siyasi məhbus” anlayışının mübahisəsiz fakt kimi təqdim edilməsidir. Bir şəxsin siyasi məhbus elan edilməsi məhkəmənin yekun hüquqi qiyməti deyil. Bu, konkret hüquq müdafiə təşkilatlarının verdiyi qiymətləndirmədir. BBC isə həmin siyahılardan çıxarılan rəqəmləri fakt kimi təqdim edir. Bu isə jurnalistikanın ən mühüm prinsiplərindən birini-mənbənin mövqeyi ilə faktın özünü bir-birindən ayırmaq prinsipini-zəiflədir. Əgər bir təşkilat 328 nəfəri siyasi məhbus hesab edirsə, bu avtomatik olaraq 328 nəfərin siyasi səbəblərlə həbs edildiyini sübut etmir. Əksinə, hər bir iş ayrıca araşdırılmalıdır. İttihamın mahiyyəti, məhkəmə sübutları, müdafiə tərəfinin mövqeyi, apellyasiya prosesləri və digər hüquqi detallar ortaya qoyulmalıdır. BBC isə böyük rəqəmi ön plana çıxarır, daha sonra bu rəqəmdən siyasi nəticə çıxarır. Bu, artıq xəbərdən çox siyasi interpretasiyadır.

Materialın ən diqqətçəkən hissələrindən biri ekspertlərin “çünki edə bilər” yanaşmasıdır. Bu ifadə əslində məqalənin bütün fəlsəfəsini açır. Yəni ortada konkret siyasi qərarın səbəblərini sübut edən sənəd yoxdur, lakin ekspert ehtimalı faktın yerinə qoyulur. İqtisadi vəziyyət, enerji gəlirləri, Qarabağ qələbəsi, beynəlxalq vəziyyət və digər amillər bir-birinə bağlanaraq hakimiyyətin repressiya siyasəti apardığı barədə nəticə çıxarılır. Bu artıq fakt yox, siyasi şərhdir. Üstəlik, Azərbaycanın iqtisadi və sosial göstəricilərini təqdim edərkən də yalnız mənfi tərəfləri seçmək, ölkənin enerji layihələrini, nəqliyyat imkanlarını, regional rolunu, beynəlxalq təşkilatlarda fəaliyyətini və postmüharibə bərpa prosesini kənarda saxlamaq bütöv mənzərə yaratmır.

Azərbaycan “bağlı ölkə”dirsə, dünya niyə Bakıya gəlir?

Burada BBC-nin tezislərindən birinin öz-özünü təkzib edən tərəfi də ortaya çıxır. Azərbaycanı “getdikcə daha qapalı ölkə” kimi təqdim edən materialın müəllifləri eyni zamanda ölkənin beynəlxalq münasibətlərinin nə qədər geniş olduğunu da etiraf etməli olurlar. COP29-a 197 ölkədən on minlərlə iştirakçının gəlməsi, 80 dövlət və hökumət başçısının Bakıya səfər etməsi Azərbaycanın beynəlxalq sistemdən təcrid olunmuş ölkə olmadığını göstərən faktlardır. Azərbaycan eyni zamanda Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan biridir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan qazını alan ölkələrin əhəmiyyətli hissəsi Avropadadır.

Deməli, BBC-nin yaratmağa çalışdığı “tamamilə qapalı Azərbaycan” obrazı reallığın bütün mənzərəsini əks etdirmir. Tənqid etmək olar. Amma Azərbaycanı yalnız ittiham dosyesi kimi göstərmək olmaz

Əlbəttə, Azərbaycanda hüquq və azadlıqlarla bağlı problemlər barədə danışmaq olar. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da konkret məhkəmə işləri, jurnalist fəaliyyəti, vətəndaş hüquqları və dövlət-vətəndaş münasibətləri müzakirə oluna bilər. Amma obyektiv jurnalistika ittihamın yanında cavabı da göstərməlidir. Əgər BBC bir şəxsin dövlətə xəyanətdə ittiham edildiyini yazırsa, ittihamın hüquqi əsasları barədə də məlumat verməlidir. Jurnalistlərin maliyyə cinayətlərinə görə həbs edildiyi bildirilirsə, dövlətin konkret olaraq hansı hüquqi pozuntuları əsas gətirdiyi də göstərilməlidir. Hökumətin mövqeyi “siyasi təqib yoxdur, söhbət konkret cinayətlərdən gedir” şəklindədirsə, həmin mövqe sadəcə bir cümlə ilə keçilməməlidir. Əks halda ortaya jurnalist araşdırması yox, ittiham dosyesi çıxır.

Əslində problem yalnız bu yazıda deyil. Uzun illərdir Azərbaycanla bağlı Qərb mediasının müəyyən hissəsində eyni ssenarini görmək mümkündür. Əvvəl hakimiyyət tənqid edilir. Sonra ayrı-ayrı şəxslərin işi ümumiləşdirilir. Daha sonra hüquq müdafiə təşkilatlarının siyahıları əsas statistik göstəriciyə çevrilir. Ardınca ölkənin beynəlxalq siyasəti və geosiyasi mövqeyi “avtoritarizmin səbəbi” kimi təqdim edilir.

Bu bir faktdır ki, Azərbaycanın son illərdəki əsas reallıqlarından biri onun beynəlxalq çəkisinin artmasıdır. Qarabağ müharibəsində qələbə, ərazi bütövlüyünün bərpası, regional nəqliyyat və enerji layihələri, COP29-un keçirilməsi, müxtəlif dövlətlərlə artan əməkdaşlıq Azərbaycanın beynəlxalq gündəmdəki rolunu genişləndirib. Məhz buna görə Azərbaycanla bağlı informasiya savaşının da güclənməsi təsadüfi görünmür.

BBC-yə suallar: Niyə yalnız bir tərəfin hekayəsi?

BBC Azərbaycan haqqında yazmaq istəyirsə, yaza bilər. Amma Azərbaycan xalqının tarixini də yazmalıdır. İşğalı da qeyd etməlidir. Xocalını da unutmamalıdır. 1990-cı illərin məcburi köçkünlərini də, 2020-ci ildə Azərbaycanın şəhərlərinə və mülki əhalisinə edilən hücumları da xatırlamalıdır. Azərbaycan Prezidentinin 2020-ci ildə BBC-nin özünə verdiyi müsahibədə səsləndirdiyi arqumentləri də oxucuya çatdırmalı, COP29 zamanı Azərbaycana qarşı aparılan kampaniyanı da araşdırmalıdır. Qərb mediasının Azərbaycanla bağlı niyə eyni mövzuları təkrar-təkrar ön plana çıxardığını da soruşmalıdır.

Çünki jurnalistika yalnız hakimiyyətə sual vermək deyil. Jurnalistika həm də öz mənbələrinə, yanaşmasına və standartlarına sual verməkdir. BBC Azərbaycanı tənqid edə bilər. Amma Azərbaycanı tənqid etmək adı altında seçilmiş faktlarla birtərəfli siyasi portret yaratmaq başqa məsələdir.

Bu gün Azərbaycan əvvəlki Azərbaycan deyil. 2020-ci il müharibəsindən sonra ölkənin geosiyasi çəkisi dəyişib. Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnib. COP29 Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanını nümayiş etdirib. Dünya liderlərinin Bakıya gəlməsi isə Azərbaycanın beynəlxalq sistemdən təcrid olunması barədə tezisləri ciddi sual altında qoyub. Ona görə də BBC-nin Azərbaycanla bağlı hər yeni “demokratiya hesabatı” əvvəlcə bir sualla qarşılaşmalıdır:

Niyə Azərbaycanı yalnız tənqid ediləcək tərəf kimi görürsünüz, amma onun özünün illərdir səsləndirdiyi arqumentləri, üzləşdiyi informasiya təzyiqlərini və beynəlxalq ikili standartları eyni ciddiyyətlə araşdırmırsınız?

Azərbaycanın da sual vermək haqqı var. BBC Azərbaycan haqqında yazdığı hər materialda bu suallara cavab verməlidir.

Cavanşir Abbaslı

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR