İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni ABŞ-İran müharibəsinin Azərbaycan üçün riskləri

ABŞ ordusunun Hörmüz boğazını minalamaq cəhdinin qarşısını almaq üçün Lark adasındakı İran hərbi hədəflərinə zərbələr endirməsindən sonra ABŞ və İran arasında qarşıdurma yenidən birbaşa hərbi əməliyyatlarla müşayiət olunmağa başlayıb.

Tehran İordaniyadakı Amerika hərbi obyektlərinə ballistik raketlər, Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Minhad bazasına dronlar göndərdiyini açıqlayıb.

Beləliklə region yenidən böyük və təhlükəli müharibə riski ilə üz-üzə qalmaqdadır. ABŞ-la İran arasında müharibənin yenidən alovlanmasının bütün regiona müxtəlif formalarda təsir edəcəyi şübhəsizdir. Bəs, belə bir müharibənin Azərbaycan üçün gətirə biləcəyi mümkün risklər varmı? Mümkün qaçqın axını, hava məkanının bağlanması və Şimal–Cənub dəhlizində fasilə Azərbaycana necə təsir edər?

İran müharibəsi haqqında ən çox yayılan 10 böyük mif - Globalinfo.az

Azərbaycan-İran sərhədində təhlükəsizlik rejiminin dəyişdirilməsi barədə Bakıdan rəsmi açıqlama verilməyib. Bununla belə, ekspertlər hesab edir ki, müharibənin İranın şimalına doğru genişlənməsi sərhəd təhlükəsizliyi, qaçqın axını, hava marşrutları və Şimal–Cənub nəqliyyat dəhlizi üçün risk yarada bilər. Neftin bahalaşması Azərbaycanın ixrac gəlirlərini artıra bilər. Ancaq regional müharibə eyni zamanda daşınma, sığorta, idxal və aviasiya xərclərini yüksəldər.

Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması bütün Yaxın Şərqdə olduğu kimi, Azərbaycan üçün də müəyyən təhlükələr yaradır. Azərbaycan birbaşa münaqişə tərəfi olmasa da, İranla uzun sərhədə malik olması və regionun mühüm nəqliyyat-kommunikasiya qovşaqlarından birinə çevrilməsi səbəbindən proseslərdən kənarda qala bilməz: “Ən ciddi risklərdən biri mümkün qaçqın axını ehtimalıdır. Müharibə genişlənərsə, xüsusilə İranın şimal əyalətlərindən Azərbaycana keçidlərin artması mümkündür. Bu isə sərhəd-keçid məntəqələrində əlavə yük və humanitar idarəetmə ehtiyacı yarada bilər. Bununla belə, ilkin mərhələdə söhbətin daha çox məhdud və idarəolunan axından gedəcəyi ehtimalı yüksəkdir.
Digər məsələ hava məkanının təhlükəsizliyidir. İranın hava məkanının bağlanması Azərbaycan üzərindən alternativ uçuş marşrutlarına tələbi artıra bilər. Bu, Azərbaycanın aviasiya və tranzit imkanları baxımından müəyyən üstünlük yaradır. Lakin hərbi əməliyyatların coğrafiyası genişlənərsə, hava nəqliyyatı və təhlükəsizlik baxımından əlavə risklər də ortaya çıxa bilər. Şimal-Cənub dəhlizi baxımından vəziyyət daha mürəkkəbdir. İran ərazisində hərbi əməliyyatların genişlənməsi bu marşrut üzrə yükdaşımaların azalmasına və logistika xərclərinin artmasına səbəb ola bilər. Digər tərəfdən, İran istiqamətində problemlər yarandıqca alternativ olaraq Azərbaycan üzərindən keçən Orta Dəhlizə maraq arta bilər. Yəni eyni proses Şimal-Cənub üçün risk, Orta Dəhliz üçün isə əlavə imkan yarada bilər”.
Professor hesab edir ki, ümumilikdə, ABŞ-İran müharibəsinin alovlanmasının Azərbaycan üçün ən böyük təhlükəsi müharibənin regional miqyas alması ola bilər: “Buna görə Bakı üçün əsas vəzifə sərhəd təhlükəsizliyini qorumaq, mümkün humanitar axını idarə etmək, nəqliyyat dəhlizlərinin fasiləsizliyini təmin etmək və balanslaşdırılmış xarici siyasəti davam etdirməkdir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR