Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalanıb. Müqaviləyə əsasən, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır, öz milli reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini dəstəkləyir.
Azərbaycan və Özbəkistan həmçinin digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı bloklarda və ya ittifaqlarda iştirak etməməyi, öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər tərəfin dövlət suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə, eləcə də öz ərazilərində digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran təşkilatların və qrupların yaradılmasına və fəaliyyətinə yol verməməyi öhdələrinə götürürlər. Bundan başqa, tərəflər bir sıra sahələr üzrə əməkdaşlığa dair öhdəlik götürür.
Müqavilənin özəlliyi və önəmi nədədir? Niyə Türkiyə yox, məhz Özbəkistanla ilk belə sənəd imzalandı? Azərbaycan başqa Türk dövlətləri ilə də “əbədi dostluq” haqda müqavilə imzalayacaqmı?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.
Politoloq qeyd edib ki, iki ölkə arasında münasibətlərin bu səviyyəyə yüksəlməsində İlham Əliyevlə Şövkət Mirziyoyev arasındakı isti münasibətlərin mühüm rolu var:
“Son illər Azərbaycanla Özbəkistan arasında strateji əlaqələr tamamilə yeni və daha yüksək mərhələyə yüksəlib. Əlbəttə, Azərbaycan və Özbəkistan müstəqilliklərini əldə etdikləri ilk dövrlərdən etibarən tərəfdaşlıq münasibətlərinə malik olub. Lakin açıq desək, münasibətlər indiki qədər yaxın və intensiv olmayıb.
Prezident İlham Əliyevlə Prezident Şövkət Mirziyoyev arasında formalaşan isti və səmimi münasibətlər, eləcə də iki xalq arasında tarixi və mədəni bağların daha da möhkəmlənməsi Azərbaycan-Özbəkistan əlaqələrinin strateji tərəfdaşlıqdan daha yüksək səviyyəyə yüksəlməsinə ciddi təkan verib”.
Politoloqa görə, Özbəkistanın Qarabağdakı fəaliyyəti yalnız bir layihə ilə məhdudlaşmayıb: “Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində ilk dəstək göstərən ölkələrdən biri, bəlkə də ilk ölkə məhz Özbəkistan olub. Özbəkistan yalnız Füzulidə məktəb tikintisi ilə kifayətlənməyib, Xankəndidə də böyük bir sənaye müəssisəsinin yaradılmasına və fəaliyyətə başlamasına öz töhfəsini verib. Bu, sadəcə iqtisadi və humanitar layihə deyil, eyni zamanda Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə və Qarabağın Azərbaycan torpağı olduğuna verdiyi siyasi dəstəyin mühüm göstəricisidir.
Münasibətlərin daha yüksək səviyyəyə qalxmasının səbəblərindən biri də məhz budur. Azərbaycan Qarabağın bərpası və yenidən qurulması prosesinə dəstək verən, bu ərazilərə investisiya yatıran və ərazi bütövlüyümüzü birmənalı şəkildə dəstəkləyən ölkələrlə münasibətlərə xüsusi əhəmiyyət verir. Bu baxımdan Özbəkistanın mövqeyi olduqca aydın və ardıcıl olub. Özbəkistan həm keçmişdə, həm də bu gün Azərbaycanın ərazi bütövlüyünü müdafiə eləməklə Qarabağın Azərbaycana məxsusluğunu siyasi və praktiki müstəvidə təsdiqləyən ölkələrdən biridir.
Məhz buna görə də Azərbaycan-Özbəkistan münasibətləri son illərdə daha üst səviyyəyə qalxıb. Liderlərin qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər və imzalanan sənədlər iki ölkə arasındakı münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib. Eyni zamanda, Azərbaycanın Özbəkistanda həyata keçirdiyi və həyata keçirməyi planlaşdırdığı böyük investisiya layihələri də bu əlaqələrin yalnız siyasi deyil, həm də iqtisadi baxımdan uzunmüddətli xarakter daşıdığını göstərir”.

Elxan Şahinoğlu hesab edir ki, “Əbədi müttəfiqlik” anlayışının əsas mahiyyəti iki ölkənin bir-birinə müxtəlif istiqamətlərdə qarşılıqlı dəstəyinin daha da gücləndirilməsidir: ““Əbədi müttəfiqlik” anlayışının mahiyyəti də məhz qarşılıqlı dəstəkdən, beynəlxalq təşkilatlarda bir-birinin mövqelərinin müdafiə edilməsindən, siyasi həmrəyliyin gücləndirilməsindən, iqtisadi əlaqələrin və qarşılıqlı investisiyaların artırılmasından ibarətdir.
Bununla yanaşı, Azərbaycanın dənizə çıxışı olmayan Özbəkistana Xəzər dənizinə və daha geniş nəqliyyat-logistika imkanlarına çıxış yaratması da iki ölkənin strateji əməkdaşlığının mühüm istiqamətlərindən biridir. Bütün bunlar, əlbəttə ki, müttəfiqliyin yalnız siyasi sənəddən ibarət olmadığını, real iqtisadi, nəqliyyat, investisiya və geosiyasi məzmun daşıdığını göstərir.
Hesab edirəm ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi bundan sonra da daha da güclənəcək. Çünki bu münasibətlərin arxasında yalnız dövlətlərarası siyasi maraqlar deyil, eyni zamanda, xalqlarımızı birləşdirən tarixi, mədəni və mənəvi bağlar dayanır.
Qazaxıstanla da Azərbaycanın çox sıx və strateji əlaqələri var. Lakin Özbəkistanı Azərbaycanın Mərkəzi Asiyadakı ən yaxın və əsas tərəfdaşlarından biri kimi ilk sıralara qoymaq mümkündür. Burada başqa mühüm məqam da var. Azərbaycanın Mərkəzi Asiya dövlətlərinin əməkdaşlıq formatlarına daha fəal şəkildə qoşulmasında Özbəkistanın və Prezident Şövkət Mirziyoyevin məxsusi dəstəyi olub. Xüsusilə Mərkəzi Asiya dövlət başçılarının toplantısına Prezident İlham Əliyevin də dəvət olunmasına ilk dəstək verən ölkələrdən biri məhz Özbəkistan və onun lideridir”.
Ekspertin fikrincə, Azərbaycan-Özbəkistan arasında əldə olunan bu yüksək səviyyəli müttəfiqlik modeli gələcəkdə digər Mərkəzi Asiya ölkələri ilə münasibətlərə də təsir göstərə bilər: ““Əbədi müttəfiqlik” məsələsinə gəldikdə isə bu, olduqca mühüm və güclü siyasi sazişdir. Belə sənədlər iki ölkə arasında çox nadir hallarda imzalanır. Çünki söhbət yalnız bugünkü münasibətlərdən deyil, gələcək siyasi nəsillər üçün də strateji istiqamətin müəyyənləşdirilməsindən gedir. Yəni, bu sənəd həm də liderlər dəyişdikdən sonra belə, iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin davamlı və dayanıqlı olacağının göstəricisidir.
Mümkündür ki, Azərbaycan–Özbəkistan “Əbədi müttəfiqlik” bəyannaməsi gələcəkdə digər Mərkəzi Asiya ölkələri üçün də bir nümunəyə çevrilsin. Məsələn, Qazaxıstan və Qırğızıstanın da Azərbaycanla daha yüksək səviyyəli müttəfiqlik sazişləri imzalaması mümkündür. Zatən Azərbaycanın həm Qazaxıstanla, həm də Qırğızıstanla çox yaxın, strateji və müttəfiqlik münasibətləri, eləcə də müxtəlif sahələri əhatə edən sazişləri mövcuddur. Lakin Özbəkistanın Azərbaycanla münasibətlərdə daha irəli addım ataraq “Əbədi müttəfiqlik” formatını təsbit etməsi digər Mərkəzi Asiya dövlətlərini də Azərbaycanla münasibətləri daha yüksək siyasi və hüquqi səviyyəyə qaldırmağa sövq edə bilər. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətlərində əldə olunan yeni mərhələ təkcə iki ölkə üçün deyil, bütövlükdə Azərbaycanla Mərkəzi Asiya arasında strateji əlaqələrin gələcəyi baxımından böyük əhəmiyyət daşıyır.
Əslində, burada daha geniş bir geosiyasi prosesdən danışmaq mümkündür. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi həmrəylik, qarşılıqlı investisiyalar, nəqliyyat və logistika layihələri, enerji əməkdaşlığı, ticarət əlaqələri və beynəlxalq platformalarda qarşılıqlı dəstək artdıqca, bu münasibətlərin müttəfiqlik səviyyəsində daha da möhkəmlənməsi tamamilə təbii prosesdir. Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü dinamikası da göstərir ki, iki ölkə arasında əməkdaşlıq bundan sonra yalnız mövcud səviyyəni qorumaqla kifayətlənməyəcək, daha da dərinləşəcək və uzunmüddətli strateji tərəfdaşlıq modelinə çevriləcək”.
Xalidə Gəray,
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ