İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ev alması çətin olan ölkələr SİYAHISINDA

Dünyanın bir sıra ölkələrində mənzil qiymətləri ilə əhalinin gəlirləri arasındakı fərq ev sahibi olmağı ciddi şəkildə çətinləşdirir.

"AzPolitika" xəbər verir ki, ölkədəki qiymət–gəlir nisbətinə görə ev əldə etməyin ən çətin olduğu ölkə Nigeriyadır. Nigeriyanın indeksi 116,3 təşkil edir ki, bu göstərici siyahıdakı digər ölkələrdən kəskin şəkildə yüksəkdir.

İkinci yerdə Şri-Lanka – 55,4, üçüncü yerdə isə Qana – 49 göstəricisi ilə qərarlaşıb.
İlk 10-luqda həmçinin Kuba (48,4), Kamerun (46), Nepal (39,5), Honq Konq (35,2), Kamboca (35), Filippin (34,5) və Vyetnam (32,7) yer alır.

Siyahıda Azərbaycan 17,6 göstəricisi ilə 19-cu yerdədir. Bu o deməkdir ki, ölkədə mənzil qiymətləri orta illik gəlirlə müqayisədə kifayət qədər yüksəkdir.

Azərbaycanın qonşuları arasında siyahıda İran, Ermənistan və Gürcüstan yer alır. Türkiyə isə təqdim olunan 50 ölkəlik siyahıda yoxdur.

İran – 16 göstərici ilə 24-cü, Ermənistan – 15,4 göstərici ilə 26-cı, Gürcüstan isə 12,2 göstərici ilə 50-ci yerdədir. Göründüyü kimi, Azərbaycan üç qonşusundan daha yüksək qiymət–gəlir nisbətinə malikdir.


   Gələcəkdə Azərbaycanda heç kim ev ala bilməyəcək - Səbəblər açıqlandı

Bu rəqəmlər əsasında əsas diqqətçəkən məqam odur ki, Azərbaycan mənzil əlçatanlığı baxımından regiondakı bir sıra ölkələrdən daha pis vəziyyətdədir. 17,6-lıq qiymət–gəlir nisbəti Azərbaycanı siyahıda 19-cu yerə çıxarır.

Xüsusilə maraqlıdır ki, Azərbaycan İrandan (16), Ermənistandan (15,4) və Gürcüstandan (12,2) daha yüksək göstəriciyə malikdir. Yəni orta gəlirin mənzil qiymətlərinə nisbəti baxımından Azərbaycanda ev almaq qonşu ölkələrin bu göstəricilərinə nisbətən daha çətindir. Azərbaycanda mənzil qiymətləri ilə əhalinin gəlirləri arasındakı bu böyük fərqin əsas səbəbi nədir və yaxın illərdə mənzillərin əhali üçün daha əlçatan olması real görünürmü?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb. İqtisadçı qeyd edib ki, mənzil qiymətlərinin formalaşmasında torpaq, tikinti xərcləri və tələb amillərinin payının dəqiq faizlərlə müəyyənləşdirilməsi üçün ölçmələr aparılmalı, statistik müşahidələr və müvafiq datalara çıxış olmalıdır: “Hazırda tikinti şirkətlərinin özlərindən başqa mənzil qiymətinin formalaşmasında ayrı-ayrı amillərin payını dəqiq görmək və müəyyənləşdirmək çətindir. Amma hesab edirəm ki, tikinti xərcləri və tələb amillərinin içərisində əsas amillərdən biri torpağın qiymətidir. Xüsusən də şəhərin mərkəzində, əhalinin tələbinin olduğu və infrastrukturun yaxşı inkişaf etdiyi ərazilərdə torpağın qiyməti tikintinin maya dəyərinin çox böyük hissəsini təşkil edir. Yəni torpaq bahadır. Tikintiyə yararlı torpaq azdır və həddən artıq bahadır”.


İqtisadçı Xalid Kərimli quru sərhədlərinin bağlı olması haqda danışır

İqtisadçının sözlərinə görə, mənzil tikintisinin maya dəyərini yalnız beton, kubik və digər tikinti materiallarının qiyməti ilə ölçmək olmaz. Kommunal və infrastruktur xərcləri də sahibkarların qarşılaşdığı mühüm xərclərdəndir: “İşıq, su, qaz, enerji və digər xidmətlər, yəni kommunal infrastruktura qoşulma xərcləri var. Sahibkarın qarşılaşdığı böyük əhəmiyyətli xərclərdən biri də torpaqdan sonra məhz infrastruktura qoşulma xərcləridir.
Maliyyə xərcləri də var. Pulun maya dəyəri var, sahibkarlar pul cəlb edirlər, kredit götürürlər, maliyyələşmə xərcləri yaranır. Tikinti materiallarının, işçi qüvvəsinin, eləcə də digər inzibati xərclərin qiyməti var. Yəni bütün bu məqamlar tikintinin əsas maya dəyərini təşkil edir”.

İqtisadçı Azərbaycanı Ermənistan və Gürcüstandan fərqləndirən əsas məqamlardan birinin Bakıda tələbin daha çox cəmləşməsi olduğunu vurğulayıb:

“Gürcüstanda Tiflis ilə yanaşı, Batumi, Kutaisi kimi şəhərlər də yaxşı inkişaf edib və tələb müəyyən qədər paylanıb. Amma Azərbaycanda Bakıdan başqa hər hansı bir rayon və ya şəhər yoxdur ki, orada tikinti bumu o qədər inkişaf etsin və əhali həmin şəhərdən mənzil almağa can atsın. Yəni ən böyük və mühüm təsirlərdən biri bütün iqtisadiyyatın, iş yerlərinin Bakıda yerləşməsidir. Bakıda da xüsusən mərkəzə yönələn ərazilərdə torpağın baha olması mənzil qiymətlərini artırır”.

Xalid Kərimli qeyd edib ki, əvvəllər də torpağın qiyməti yüksək olsa da, son illərdə tikinti standartlarının sərtləşməsi torpaq faktorunun maya dəyərindəki payını daha da artırıb: “Əvvəllər də torpaq baha idi. Amma məsələ ondan ibarətdir ki, sonradan, elə xatırlayıramsa, təxminən 7-8 il bundan əvvəl tikintidə standartlara daha ciddi riayət olunmağa başlandı. Əvvəlki tikilən binalara baxın: bir-birinə sıx, hündür və s. Amma son tikilən binalarda binalar arasındakı məsafə daha genişdir və daha çox standartlara uyğundur. Sanki o baxımdan torpağın maya dəyərində payı daha çox artdı. Yəni daha böyük əraziyə ehtiyacın var ki, müəyyən sayda mənzil tikəsən. Standartlara diqqət də artıb”.

İqtisadçı bildirib ki, mənzil əlçatanlığını qiymətləndirərkən əhalinin gəlirləri ilə daşınmaz əmlakın qiyməti arasındakı əlaqəyə də diqqət yetirilməlidir:

“2024-cü ildə Mərkəzi Bank bizim üçün bu statistik göstəricini elan etmişdi. Amma 2025-ci il Maliyyə Sabitliyi Hesabatına baxdım, orada bu göstərici yoxdur. Yəni bir il ərzində bu göstəricinin necə dəyişdiyi, mənzil əlçatanlığının hansı istiqamətdə dəyişdiyi barədə məlumat təqdim edilməyib. Başqa indeks veriblər”.

Xalid Kərimli bildirib ki, son illərdə Ermənistan və Gürcüstanda əhalinin gəlirləri daha sürətlə artıb: “Ermənistanda və Gürcüstanda son illərdə gəlirlər, əhali gəlirləri sürətlə artmağa başlayıb. Məsələn, biz orada orta aylıq əməkhaqqının hazırda Azərbaycandan daha yüksək olduğunu bilirik. Orta aylıq əməkhaqqının artım sürəti, tempi də daha yüksəkdir. Adambaşına düşən ümumi daxili məhsul daha yüksəkdir. Amma real rəqəmlər göstərir ki, gəlirlərin artımı baxımından Azərbaycan bir qədər geri qalır”.


Friendhouse daşınmaz əmlak şirkətinin elanları

İqtisadçı həmçinin, mənzil almaq üçün neçə illik gəlirin tələb olunmasının bazarın vəziyyətini qiymətləndirmək üçün təkbaşına kifayət edən meyar olmadığını deyib. Onun sözlərinə görə bu göstəricini təkbaşına əsas götürərək Azərbaycan mənzil bazarında vəziyyətin pis olduğunu demək düzgün deyil:

“Bakıdan da, Azərbaycandan da daha pis göstəriciləri olan və inkişaf etmiş Avropa ölkələri var və onlar az deyil. Vətəndaşların mənzil alarkən yalnız rəsmi əməkhaqqından deyil, yığımlardan, xaricdən gələn vəsaitlərdən və digər gəlir mənbələrindən də istifadə etməsi qiymətləndirmədə nəzərə alınmalıdır. Məsələn, tutaq ki, sizin qohumunuz xaricdən sizə hər ay pul göndərirsə, bu, sizin rəsmi aylıq gəlirləriniz hesablanarkən nəzərə alınmaya bilər. Orta aylıq gəliriniz başqa rəqəm olacaq. O baxımdan müxtəlif amillər var və qiymətlərin dəyişməsi təkcə vətəndaşın gəlirindən asılı olmur. Məsələn, Rusiyada işləyən vətəndaşlar Azərbaycana pul göndərə bilər və burada həmin vəsait hesabına mənzil alına bilər, qiymətlər qalxa bilər. Əvvəllər bunun təsiri daha çox olurdu. İndi Rusiyada vəziyyət pisləşəndən sonra o qədər də təsir yoxdur. Orada da soydaşlarımızın vəziyyəti pisləşib. Beləliklə, mənzil bazarında qiymətlərə yalnız yerli əhalinin tələbi təsir etmir, kənar faktorlar da rol oynaya bilər”.

Xalid Kərimli yaxın illərdə mənzil qiymətlərinin manat ifadəsində aşağı düşməsi ehtimalını da aşağı qiymətləndirir. Onun sözlərinə görə, qiymət artımının sürəti zəifləyə bilər, lakin bu, qiymətlərin ucuzlaşacağı anlamına gəlmir: “Mən yaxın 2-3 ildə manat ifadəsində əmlakların ucuzlaşması ehtimalını az hesab edirəm. Güman edirəm ki, əvvəlki, məsələn, keçən il 12 faizdən çox bahalaşmışdı, hesab edirəm ki, bu temp əhəmiyyətli dərəcədə aşağı düşəcək, yəni artım tempi azalacaq. Amma hesab etmirəm ki, qiymətlər düşəcək”.

Xalidə Gəray
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR