Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ahlat Prezident Kompleksində keçirilən Nazirlər Kabinetinin iclasından sonra ölkənin gündəmindəki mühüm məsələlərlə bağlı açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Ərdoğan iclasda xarici siyasət, ticarət, təhlükəsizlik və “Terrorsuz Türkiyə” prosesi başda olmaqla ölkəni maraqlandıran kritik məsələlərin müzakirə edildiyini bildirib.
Prezident hökumətin Türkiyənin ətrafında davam edən münaqişələrə baxmayaraq, ölkəni inkişaf və rifah yolunda saxlamaq üçün intensiv çalışdığını deyib.
“Bölgəmizdəki iqtisadi böhranlar bütün dünya kimi bizə də təsir etsə də, məşğulluqdan ixraca, kənd təsərrüfatından turizmə qədər hədəflərimizə sadiq qalmağa davam edirik. Türkiyə Allahın izni ilə doğru yoldadır. İstiqaməti bəllidir və gec-tez mənzil başına çatacaq”, – deyə Ərdoğan bildirib.
O, ölkənin təhlükəsizliyi ilə bağlı da qəti mesaj verib:
“Türkiyə təhlükəsizdir. 86 milyonun əmanəti etibarlı əllərdədir. Bu müqəddəs əmanətə heç bir şəkildə kölgə düşməsinə imkan verməyəcəyik”, – deyə Prezident vurğulayıb.
Ərdoğan İran-ABŞ gərginliyinin qlobal iqtisadiyyatda yaratdığı şok dalğasına da toxunub. Onun sözlərinə görə, bu təsir zamanla zəiflədikcə gündəlik həyata nəticələrini daha aydın görmək mümkün olacaq.
Prezident Türkiyə Böyük Millət Məclisində 467 “hə” səsi ilə ölkə üçün həyati əhəmiyyət daşıyan qanunun qəbul edilməsini xüsusi vurğulayıb:
“Qazi Məclisimiz tarixi bir razılaşma nümunəsi göstərərək 467 ‘hə’ səsi ilə Türkiyə üçün həyati əhəmiyyət daşıyan qanunu qəbul etdi”, – deyə Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə siyasətində dönüş nöqtəsi olan bu böyük razılaşma “Terrorsuz Türkiyə” prosesinə inamı artırıb və ona çox ciddi güc qazandırıb.
“Gündəlik siyasi hesablar əvəzinə ölkəni və milləti mərkəzə alan anlayışla hərəkət edildikdə Türkiyə demokratiyası istənilən düyünü açacaq yetkinliyə sahibdir”, – deyə Prezident vurğulayıb.
Ərdoğan siyasi mövqeyindən asılı olmayaraq hər kəsi prosesin bir hissəsi olmağa çağırıb:
“Bu, iqtidar və ittifaq olaraq yalnız bizim məsələmiz deyil, dövlət məsələsidir. 86 milyonun məsələsidir. Millətimiz bunun daimi şəkildə həll edilməsini istəyir. Gəlin, Türkiyəni terrordan xilas edərək şəhidlərimizə və qazilərimizə olan minnətdarlıq borcumuzu layiqincə ödəyək”, – deyə Ərdoğan bildirib.
Türkiyə lideri prosesi çətinləşdirən, təxribata çəkən və onun qarşısında dayanan bütün təşəbbüslərin tarix qarşısında məsuliyyət daşıyacağını bildirib.
“Türkiyə öz vətəndaşları ilə birlikdə bölgədəki hər kəs üçün sülh istədikcə, qətl şəbəkələrinin qan və qarşıdurma üzərində qurduğu planlar pozulur. Bölgəmizlə bağlı hansı qanlı ssenarilərin yazılmağa çalışıldığını görürük. Allahın izni ilə bunların həyata keçirilməsinə imkan verməyəcəyik. Biriləri istəmir, narahat olur, birilərinin planları pozulur deyə bölgəmizdə sülhün bərqərar olması uğrunda mübarizədən geri çəkilməyəcəyik”, – deyə Prezident vurğulayıb.
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ