Onlayn ictimai-siyasi qəzet
ABŞ ilə Çin arasında ticarət savaşı yeni mərhələyə keçib. Vaşinqton hesab edir ki, Pekinə qarşı tətbiq edilən yüksək tariflərdən yayınmaq üçün Çin dünyanın müxtəlif ölkələrində özünə “arxa qapılar” yaradıb.
Maraqlıdır ki, həmin “xəritədə” Azərbaycan da var. Donald Tramp administrasiyasının Ağ Ev Ticarət və İstehsal Siyasəti Ofisi tərəfindən hazırlanan “The Great Transshipment Scam” adlı hesabatda 40-dan çox ölkə Çindən ABŞ-a gedən malların tariflərdən yayınmaq məqsədilə üçüncü ölkələr üzərindən keçirilməsi baxımından riskli istiqamətlər kimi göstərilir. Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistan isə hesabatın III Səviyyəsinə – “kiçik, opportunist Çin hədəfləri” qrupuna daxil edilib.
Vaşinqton bu ölkələrin hökumətlərini konkret olaraq qanunsuz tarif yayınmasında ittiham etmir. Söhbət daha çox onların logistika imkanlarının Çin mənşəli məhsulların başqa ölkə məhsulu kimi ABŞ bazarına çıxarılması üçün potensial yaratmasından gedir. Başqa sözlə, ABŞ-ın mesajı belədir: “Siz bu sxemin iştirakçısı olmaya bilərsiniz, amma belə bir sxem üçün əlverişli coğrafiyaya və infrastruktura maliksiniz”.
Hesabatın Azərbaycanla bağlı hissəsi xüsusilə diqqətçəkəndir. Vaşinqton Azərbaycanın dəmir yolu və quru liman infrastrukturu, yük konsolidasiyası və quru nəqliyyatının dəniz yolları ilə əlaqələndirilməsi imkanlarını vurğulayır. Eyni yanaşma Gürcüstana da tətbiq olunur. Əslində, burada Azərbaycanın son illərdə təqdim etdiyi nəqliyyat konsepsiyası ilə ABŞ-ın narahatlığı eyni nöqtədə toqquşur. Azərbaycan Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas halqalarından biridir. Çin mallarının Mərkəzi Asiyadan Xəzər dənizinə, oradan Azərbaycana, daha sonra Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınması Bakının nəqliyyat strategiyasının əsas istiqamətlərindən biridir. Vaşinqton isə eyni infrastruktura başqa prizmadan baxır – həmin marşrutlar qanuni tranzit üçün olduğu qədər, mənşəyi dəyişdirilmiş və ya gömrük sənədləri başqa cür rəsmiləşdirilmiş malların hərəkəti üçün də istifadə oluna bilərmi?

ABŞ hesabatının təsvir etdiyi mexanizm əslində mürəkkəb deyil. Çində istehsal olunan məhsul birbaşa ABŞ-yə göndəriləndə yüksək tariflə üzləşir. Bunun əvəzinə həmin məhsul üçüncü ölkəyə aparılır. Orada ona kiçik dəyişiklik edilir, yenidən qablaşdırılır, etiket dəyişdirilir, sənədlərdə faktura və ya marşrut başqa cür göstərilir. Məhsulun böyük hissəsi yenə Çində hazırlanmış olur. Amma kağız üzərində artıq başqa ölkənin məhsulu təsiri yaranır. Hesabatda məhz bu səbəbdən “yeni mənşə ölkəsi görüntüsü” yaradılmasından danışılır. Çinlə bağlı yüksək tariflərin yaratdığı fərqdən istifadə edən ixracatçı beləcə, ABŞ bazarına daha aşağı rüsumla daxil ola bilər. Vaşinqtona görə, məsələ artıq ayrı-ayrı şirkətlərin gömrük hiyləsi səviyyəsindən çıxaraq qlobal logistika şəbəkəsinə çevrilib.
ABŞ Çinlə əlaqəli qanunsuz transshipment, yəni, malların üçüncü ölkələr üzərindən tariflərdən yayınmaq məqsədilə keçirilməsi nəticəsində dövlət xəzinəsinin itkilərinin müxtəlif metodologiyalara əsasən illik təxminən 40 milyard dollardan 303 milyard dollara qədər dəyişə biləcəyini bildirir. Rəqəmlər arasındakı bu nəhəng fərq özü göstərir ki, söhbət dəqiq hesablanmış zərərdən yox, müxtəlif ssenarilər əsasında aparılan qiymətləndirmədən gedir. Amma Vaşinqton üçün problem yalnız gömrük rüsumlarının itirilməsi deyil.
Ağ Ev hesab edir ki, Çin mallarının üçüncü ölkələr üzərindən ABŞ bazarına daxil olması Amerika istehsalçılarının rəqabət imkanlarını zəiflədir, ticarət kəsirini artırır, iqtisadi artıma və federal vergi gəlirlərinə mənfi təsir göstərir. ABŞ-da hazırlanan hesabatda Azərbaycanda qanunsuz fəaliyyət göstərildiyini sübut edən konkret fakt ortaya qoymur. Azərbaycanın ABŞ bazarına Çin mallarını saxta mənşə ilə çıxardığını təsdiqləyən konkret şirkət, yük və ya əməliyyat da göstərilmir. Bununla belə, Azərbaycan “riskli tranzit qovşağı” kimi təqdim olunur. Bu isə ABŞ gömrüyünün Azərbaycan mənşəli və ya Azərbaycandan tranzit keçən yüklərə münasibətinə təsir edə bilər. Xüsusilə də Çinlə əlaqəli malların mənşəyi, sənədləri, marşrutu və həmin məhsula Azərbaycanda hansı əlavə dəyərin yaradıldığı daha ciddi araşdırıla bilər.
Bu, Orta Dəhlizin gələcəyi baxımından da əhəmiyyətlidir. Azərbaycan son illərdə tranzit ölkə olmaqdan daha çox, regional logistika mərkəzinə çevrilmək iddiasındadır. Bakı-Tiflis-Qars, Ələt limanı, quru limanlar, dəmir yolu bağlantıları və Xəzər üzərindən daşımalar bu strategiyanın əsas elementləridir. İndi isə həmin üstünlüklərin bir hissəsi ABŞ-ın hesabatında potensial zəif nöqtə kimi təqdim edilir.
Hesabatda habelə vurğulanır ki, Çin üçüncü ölkələrdə nə qədər çox logistika, istehsal və ticarət infrastrukturu yaradırsa, həmin ölkələrin Pekindən iqtisadi asılılığı da arta bilər. Bu baxımdan ABŞ Çinlə “Bir Kəmər, Bir Yol” təşəbbüsü arasında əlaqə qurur. Hesabatda qanunsuz transshipment mexanizmlərinin Çinin digər ölkələrdə yaratdığı kommersiya və logistika asılılıqlarını daha da gücləndirə biləcəyi də bildirilir. Bu baxımdan ölkəmiz üçün maraqlı paradoks yaranır: Azərbaycan bir tərəfdən Çinlə iqtisadi və nəqliyyat əlaqələrini inkişaf etdirir, digər tərəfdən Qərblə strateji münasibətlərini dərinləşdirir. Orta Dəhliz də məhz bu iki istiqamətin kəsişdiyi nöqtələrdən biridir.
Vaşinqtonun cavabı isə süni intellektdir. Tramp administrasiyası ABŞ Gömrük və Sərhəd Mühafizəsinin fəaliyyətində “America’s Detective Border” adlandırılan süni intellekt əsaslı sistemdən istifadə etməyi planlaşdırır. Bu sistemin müxtəlif ölkələrdən gələn yüklərin mənşəyini, marşrutunu, komponentlərini, şirkətlər arasındakı əlaqələri və digər ticarət məlumatlarını analiz etməsi nəzərdə tutulur. Məqsəd sənədlərdəki uyğunsuzluqları insanın görə bilməyəcəyi miqyasda avtomatik aşkarlamaqdır. Yəni, gələcəkdə ABŞ gömrükçüsü, sadəcə, “bu mal harada istehsal olunub” sualını verməyəcək. Sistem daha mürəkkəb suallar ünvanlayacaq.
Məsələn, bu məhsulun komponentləri haradan gəlib? Şirkətin istehsal gücü belə bir ixrac həcminə imkan verirmi? Məhsulun əvvəlki marşrutu necə olub? Bu şirkətlə Çindəki hansı şirkətlərin əlaqəsi var? Məhsul niyə birdən-birə həmin ölkədən ABŞ-a ixrac edilməyə başlayıb? Beləliklə, tarif müharibəsi getdikcə süni intellektlə təchiz olunmuş gömrük müharibəsinə çevrilir...
E.Məmmədəliyev,
Musavat.com
26 Avqust 2026
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ