İnsanlara hürriyət, millətlərə istiqlal!

Sığorta sektorunda xidmət UÇURUMU: Yığım 1 milyardı keçdi, narazılıq isə səngimir

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 1 milyard 6 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz çoxdur. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən ilin yanvar-iyul aylarında sığorta haqlarının həcmi 937 milyon 658 min manat təşkil edib. Eyni zamanda, sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği də əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu ilin ilk 7 ayında ödənişlər 671 milyon 436 min manata çatıb ki, bu da illik müqayisədə 27 faiz çoxdur. 2025-ci ilin müvafiq dövründə bu göstərici 529 milyon 307 min manat olub.

Rəqəmlər sığorta bazarında həm yığımların, həm də ödənişlərin artdığını göstərir. Lakin vətəndaşların sığorta şirkətlərinin xidmət səviyyəsi, ödənişlərin verilməsi və müraciətlərə yanaşma ilə bağlı narazılıqları da zaman-zaman gündəmə gəlir. Bu isə bazarın maliyyə göstəricilərinin artması ilə yanaşı, göstərilən xidmətlərin keyfiyyətinin də nə dərəcədə yüksəldiyi sualını ortaya çıxarır.

Şirkətlər üzrə göstəricilərdə isə fərqli mənzərə müşahidə olunur. 2026-cı ilin yanvar-iyul aylarında müqayisə olunan 15 sığorta şirkətindən 10-nun sığorta haqları artıb, 5 şirkətdə isə azalma qeydə alınıb.

Ən yüksək artım “Meqa Həyat Sığorta”da olub. Şirkətin sığorta haqları bir il ərzində 85 faiz artaraq 17 milyon 413 min manata çatıb. “İpək Yolu Sığorta”da artım 50 faiz, “Atəşgah Sığorta”da 36 faiz, “Aqrar Sığorta”da isə 26 faiz təşkil edib.

cde8ac26-2ef7-4a47-870c-ad031fff129a_1200.jpg (33 KB)

“Paşa Həyat Sığorta” 472 milyon 142 min manatlıq yığımla şirkətlər arasında ən yüksək göstəriciyə sahib olub. Şirkətin sığorta haqları illik müqayisədə 9 faiz artıb. “Paşa Sığorta”nın yığımları isə 11 faiz artaraq 248 milyon 908 min manata yüksəlib.

Digər tərəfdən, bəzi şirkətlərdə sığorta haqlarının azalması qeydə alınıb. Ən böyük geriləmə “Qala Sığorta”da olub – şirkətin yığımları 30 faiz azalaraq 37 milyon 518 min manata düşüb. “Azərbaycan Sənaye Sığorta”da 13 faiz, “AzSığorta”da 9 faiz, “Qala Həyat Sığorta”da 4 faiz, “Xalq Sığorta”da isə 2 faiz azalma qeydə alınıb.

Beləliklə, sığorta bazarında ümumi yığımlar və ödənişlər artsa da, ayrı-ayrı şirkətlərin nəticələri eyni deyil. Əsas sual isə budur: sığorta bazarının böyüməsi və yığımların artması vətəndaşın aldığı xidmətin keyfiyyətində də özünü göstərirmi?

f05f0d40-b485-4267-8e30-4ae238594888.jpg (53 KB)

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Azərbaycan Mərkəzi Bankı sığorta sektorunda standartları kifayət qədər sürətlə yüksəldir, lakin sığorta şirkətləri hələ həmin səviyyəyə tam çata bilmirlər. Rəqəmlərə baxanda Azərbaycanın sığorta bazarında müsbət dinamika müşahidə olunur. 2026-cı ilin ilk 7 ayında sığorta haqları 1 milyard manatı keçib, ödənişlər isə 671 milyon manata çatıb. Bu, bazarın böyüdüyünü, maliyyə tutumunun artdığını və sığorta sektorunun iqtisadiyyatda rolunun getdikcə genişləndiyini göstərir. Bu prosesdə Azərbaycan Mərkəzi Bankının rolunu xüsusi qeyd etmək lazımdır. Mərkəzi Bank son illərdə, xüsusilə 2022-ci ildən sonra sığorta sektorunun daha şəffaf, dayanıqlı və beynəlxalq yanaşmalara uyğun sistemə çevrilməsi istiqamətində ciddi addımlar atır. Tənzimləmənin gücləndirilməsi, risk əsaslı yanaşmanın tətbiqi, istehlakçı hüquqlarının qorunması, korporativ idarəetmənin təkmilləşdirilməsi və bazarın maliyyə dayanıqlığının artırılması istiqamətində görülən işlər sığorta sektorunun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Amma burada əsas problem də məhz bundan sonra başlayır. Mərkəzi Bankın yaratmaq və tətbiq etmək istədiyi standartlarla sığorta şirkətlərinin faktiki xidmət səviyyəsi arasında hələ ciddi məsafə mövcuddur. Başqa sözlə, tənzimləyici qurumun baxışı artıq beynəlxalq standartlara doğru gedir, amma bazarın bəzi iştirakçıları hələ də köhnə düşüncə və köhnə xidmət modeli ilə işləyirlər”.

Ekspert hesab edir ki, sığorta sektorunun qarşısında ən böyük çağırış artıq yalnız kapitalın və sığorta haqlarının artırılması deyil:

“Əsas çağırış beynəlxalq idarəetmə standartlarına uyğun xidmət mədəniyyətinin formalaşdırılmasıdır. Beynəlxalq səviyyəli sığorta bazarında şirkətin uğuru yalnız nə qədər sığorta haqqı toplaması ilə ölçülmür. Burada müştəriyə münasibət, ödənişlərin sürəti, qərarların şəffaflığı, risklərin idarə olunması, şikayətlərin həlli, rəqəmsal xidmətlərin səviyyəsi, korporativ idarəetmə və istehlakçı hüquqlarının qorunması da əsas göstəricilər hesab olunur. Bizdə isə hələ də vətəndaşın sığorta şirkətlərinə münasibətində müəyyən inamsızlıq müşahidə olunur. İnsan sığorta haqqını ödəyərkən şirkətin müştərisidir, amma sığorta hadisəsi baş verdikdə bəzən öz haqqını almaq üçün uzun prosedurlardan keçməli olduğunu düşünür. Bu isə beynəlxalq standartlara uyğun sığorta mədəniyyəti deyil. Mən Mərkəzi Bankın bu istiqamətdəki siyasətini müsbət qiymətləndirirəm. Çünki tənzimləyici qurumun qarşısına daha yüksək standart qoyması bazarın inkişafı üçün zəruridir. Ancaq standartı yüksəltməklə iş bitmir. Sığorta şirkətləri də həmin standartın arxasınca getməlidir. Bu gün 1 milyard manatlıq yığım haqqında danışırıq. Sabah isə başqa rəqəmlər haqqında danışmalıyıq: sığorta hadisəsi neçə saata qeydiyyata alınır, ödəniş neçə günə həyata keçirilir, neçə müraciət rədd edilir, neçə müştəri şikayət edir, həmin şikayətlərin neçə faizi həll olunur və müştərinin şirkətə müraciətindən nəticəyə qədər keçən müddət nə qədərdir”.

Asif İbrahimova görə, Mərkəzi Bankın növbəti mərhələdə əsas hədəflərindən biri sığorta şirkətlərinin beynəlxalq xidmət və idarəetmə standartlarına real uyğunluğunun ölçülməsi olmalıdır:

“Çünki kağız üzərində standarta uyğun olmaq başqa şeydir, həmin standartı vətəndaşa real xidmət kimi göstərmək tamam başqa. Burada sığorta şirkətlərinin özlərinə də ciddi mesaj var. Mərkəzi Bank tənzimləmə çərçivəsini beynəlxalq səviyyəyə yaxınlaşdırırsa, şirkətlər də öz daxili idarəetmə sistemlərini, işçi heyətinin peşəkarlığını, risklərin idarə edilməsini, müştəri xidmətlərini, rəqəmsal həllərini və ödəniş mexanizmlərini eyni sürətlə inkişaf etdirməlidirlər. Çünki bazarın böyüməsi yalnız sığorta haqlarının artması demək deyil. Əsl inkişaf şirkətin müştəri qarşısında öhdəliyini necə yerinə yetirməsində görünür. Mərkəzi Bank beynəlxalq səviyyəli sığorta sistemi qurmağa çalışır. İndi top sığorta şirkətlərinin meydanındadır. Onlar da bu tempə çatmalıdırlar. Əgər tənzimləyici qurum XXI əsrin sığorta modelini qurmağa çalışırsa, amma bazarın bəzi iştirakçıları hələ də XX əsrin xidmət fəlsəfəsi ilə işləyirsə, bu məsafə mütləq aradan qaldırılmalıdır. Çünki beynəlxalq standartlara çatmaq sertifikat almaqdan yox, vətəndaşın sığorta şirkətinə güvənməsindən başlayır. 1 milyard manatlıq yığım yaxşı göstəricidir. Amma Azərbaycanın sığorta bazarının əsl uğuru o zaman olacaq ki, vətəndaş sığorta polisinin sadəcə bir sənəd deyil, real maliyyə təminatı olduğuna inansın”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR