Onlayn ictimai-siyasi qəzet
Azərbaycana gələn əcnəbilərin sayı azalmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında ölkəyə 191 dövlətdən 1 milyon 342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azdır. Xüsusilə Körfəz ölkələrindən gələnlərin sayında 32,8 faizlik kəskin azalma diqqət çəkir. Halbuki, turizm Azərbaycan iqtisadiyyatının əsas gəlir mənbələrindən biri hesab olunur.
Digər tərəfdən, Avropa İttifaqı və MDB ölkələrindən gələnlərin sayında artım qeydə alınıb.
Bəs ümumi turist axınının azalmasının səbəbi nədir? Azərbaycan xarici turistlər üçün əvvəlki qədər cəlbedici deyil, yoxsa qiymətlər, nəqliyyat və digər amillər ölkəyə səfərlərə təsir edir? Turist axınını yenidən artırmaq üçün hansı addımlar atılmalıdır?

Turizm üzrə ekspert Ceyhun Aşurov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Turist sayının azalmasının bir çox səbəbi var. Lakin bazara ən çox təsir edən amillərdən biri ilin əvvəlində baş verən İran-İsrail münaqişəsi oldu. Hava məkanının qapanması təkcə İran və İsrail istiqamətlərinə deyil, eyni zamanda, Körfəz ölkələrindən həyata keçirilən birbaşa uçuşlara da mənfi təsir göstərdi. Bu da Azərbaycana ən çox səfər edən Körfəz ölkələri turistlərinin sayında 30 faizdən çox azalma ilə nəticələndi. Çünki əvvəllər 3 saatlıq uçuş məsafəsində olan marşrutlar hava məkanının qapalı olması səbəbindən 7 saata qədər uzandı. Nəticədə turistlər alternativ bazarlara yönəlmək məcburiyyətində qaldılar.
Dünyada turistlər üçün 200-dən çox turizm destinasiyası var və onların seçim etməsi, qərar verməsi üçün alternativ kifayət qədər çoxdur. Bu mənada Azərbaycan turistlərin məhz bizim ölkəni seçməsi üçün daha çox əsas və cəlbedici səbəblər yaratmalıdır. Əlverişli şərait və cəlbedici amilləri nə qədər çox formalaşdıra bilsək, ölkəyə turist axınını da bir o qədər artıra bilərik”.
Ekspertə görə, bazarı yenidən turist cəlb etmək üçün hansı addımların atıldığına diqqət yetirmək vacibdir: “Bu istiqamətdə avqustun 20-də cənab Prezident tərəfindən 2026–2030-cu illəri əhatə edən Turizmin İnkişafı Proqramı təsdiqlənib. Düşünürəm ki, həmin sənəddə nəzərdə tutulan bir sıra mühüm məsələlər öz əksini tapıb. Bura regionlardakı hava limanlarının səmərəli fəaliyyətinin təmin olunması, lazımi infrastrukturun yaradılması, mikro və kiçik sahibkarlığın dəstəklənməsi, eləcə də ölkəyə xaricdən turist gətirən turoperatorların təşviq edilməsi daxildir. Bununla yanaşı, iri miqyaslı tədbirlərin və təşəbbüslərin keçirilməsi, ölkənin həm rəqəmsal platformalarda, həm də real müstəvidə tanıdılması istiqamətində ciddi işlərin görülməsi nəzərdə tutulur.
Bu çərçivədə kontentlərin hazırlanması və xarici bloqerlərin cəlb olunması kimi vacib addımlar da proqramda əksini tapıb. Sənəddə subsidiyalaşdırma siyasəti, ölkəyə uçuşların həyata keçirilməsi istiqamətində çarter reyslərinin subsidiyalaşdırılması, müntəzəm reyslərin təşkili və hava nəqliyyatı biletlərinin daha əlçatan edilməsi kimi bir çox vacib məsələlər ətraflı şəkildə öz əksini tapıb.
Həmçinin kadrların yetişdirilməsi, hava limanlarının fəaliyyəti, regionlarda infrastruktur sisteminin təkmilləşdirilməsi, kənd evləri, eləcə də viza məsələləri və vizanın bir sıra yeni alt növlərinin təqdim olunması kimi mövzular geniş əhatə olunub. Düşünürəm ki, bu addımlar mərhələli şəkildə həyata keçirilərsə, proqramda nəzərdə tutulduğu kimi, 2030-cu ilə qədər ölkəyə gələn turist axınını 4 milyon nəfərə çatdırmaq mümkün olacaq”.
Ceyhun Aşurov sona qeyd edib ki, MDB məkanından – əsasən də Qazaxıstan və Özbəkistandan gələnlərin sayında müəyyən dərəcədə artım müşahidə olunur: “Bu da son dövrlərdə birbaşa uçuşların artması, habelə sözügedən ölkələr arasında siyasi və iqtisadi əlaqələrin daha da yaxınlaşması ilə bağlıdır. Avropa İttifaqı ölkələrindən gələnlərin sayı ümumilikdə az olsa da, ölkəmizdə keçirilən iri miqyaslı tədbirlər bu göstəriciyə müsbət təsirini göstərib. Analoji vəziyyəti Çin bazarına da aid etmək olar. Hələ ki, bu rəqəmlər o qədər də böyük və ya həlledici olmasa da, əvvəlki dövrlərlə müqayisədə dinamikada müsbət artımın olduğu aydın görünür”.
Afaq Mirayiq,
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ