İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçında MÜHÜM görüş – Bakı və İrəvan BU MESAJI verir

Avqustun 25-də Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib.

Nazirlər Kabinetindən Musavat.com-a bildirilib ki, görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər.

Xəyal Bəşirov: Azərbaycan qlobal problemlərin həlli istiqamətində  təşəbbüslər ortaya qoyur - AZƏRTAC

Politoloq Xəyal Bəşirov Musavat.com-a bildirib ki, belə bir görüş iki ölkə arasında münasibətlərin normallaşması baxımından mühüm hadisədir: “Bu görüşü işğaldan azad edilmiş ərazilərdə Azərbaycan və Ermənistan dövlət strukturlarının nümayəndələri arasında keçirilən ilk belə işgüzar təmas kimi qiymətləndirmək mümkündür.

Burada “ilk” ifadəsini iki ölkə arasında bütün təmasların ilk görüşü kimi deyil, məhz Azərbaycanın suverenliyinin bərpa edildiyi ərazidə Azərbaycan və Ermənistanın dövlət qurumlarının birbaşa və praktiki məsələləri müzakirə etdiyi görüş kimi qəbul etmək daha doğrudur.

Görüşün məhz Laçında keçirilməsi də xüsusi siyasi və psixoloji əhəmiyyət daşıyır. Uzun illər Azərbaycan-Ermənistan qarşıdurmasının əsas mövzularından biri olmuş ərazilərdən birində indi iki ölkənin nümayəndələri qarşıdurma məsələlərini deyil, enerji əməkdaşlığının mümkün mexanizmlərini müzakirə edirlər. Bu, regionda yaranmış yeni reallığın mühüm göstəricisidir”.

Ekspert digər mühüm məqam kimi görüşün gündəliyini qeyd edib: “Azərbaycan-Ermənistan münasibətlərində uzun müddət əsas müzakirə mövzuları təhlükəsizlik, sərhədlərin delimitasiyası, ərazi bütövlüyü və sülh sazişi olub. Laçın görüşündə isə artıq konkret iqtisadi və texniki əməkdaşlıq məsələsi-elektrik enerjisinin qarşılıqlı mübadiləsi və enerji sistemlərinin əlaqələndirilməsi müzakirə edilir. Əgər bu müzakirələr gələcəkdə konkret layihələrə çevrilərsə, bunun Azərbaycan və Ermənistan arasında qarşılıqlı iqtisadi asılılığın formalaşmasına mühüm təsiri ola bilər.

Enerji infrastrukturlarının əlaqələndirilməsi iki ölkə arasında yalnız iqtisadi deyil, həm də texniki və institusional əlaqələrin yaranmasına gətirib çıxara bilər. Bu baxımdan Laçın görüşünü Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələyə keçidin mühüm göstəricisi hesab etmək olar. Ancaq bunu hələ tam normallaşmanın başa çatması və ya sülh prosesinin bütün problemlərinin həll edilməsi kimi qiymətləndirmək düzgün olmaz. Qarşıda hələ siyasi və hüquqi xarakterli bir sıra məsələlər qalır”.

X.Bəşirovun sözlərinə görə, prosesin istiqaməti əhəmiyyətlidir, Azərbaycan və Ermənistan nümayəndələrinin artıq Azərbaycanın azad edilmiş ərazisində konkret iqtisadi və infrastruktur məsələlərini müzakirə etməsi göstərir ki, münasibətlər tədricən münaqişənin nəticələrinin müzakirəsindən postmünaqişə əməkdaşlığının qurulmasına doğru dəyişir: “Laçın görüşünün əsas siyasi mesajı da məhz bundan ibarətdir ki, bir vaxtlar qarşıdurmanın simvolu olan ərazilər artıq regional əməkdaşlığın və qarşılıqlı iqtisadi maraqların formalaşdığı məkanlara çevrilə bilər”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR