İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın dron sənayesində daha bir böyük yeyinti

Rusiyada dövlət büdcəsindən böyük vəsaitlər alan pilotsuz uçuş aparatları istehsalçıları ətrafında korrupsiya və dələduzluq qalmaqalı genişlənir. Qısa müddət ərzində artıq üçüncü dron istehsalçısının rəhbərliyi hüquq-mühafizə orqanlarının hədəfinə çevrilib.

Musavat.com xəbər verir ki, “TulaDron” elmi-istehsalat mərkəzinin baş direktoru Yevgeni Qriqoryev xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinərək saxlanılıb.

“Tulskie novosti”nin məlumatına görə, məhkəmə onun iki ay müddətinə həbsinə qərar verib.

“TulaDron” Rusiyanın “Pilotsuz aviasiya sistemləri” milli layihəsi çərçivəsində yaradılıb. 2025-ci ildə şirkət Sənaye və Ticarət Nazirliyindən pilotsuz texnologiyalar üzrə sınaq mərkəzi statusu alıb. Mərkəzin yaradılmasına 1 milyard rubldan çox vəsait, bunun təxminən 700 milyon rublu isə federal büdcədən ayrılmışdı. Tula vilayətinin Rusiyanın on ən böyük dron istehsalı və inkişafı mərkəzindən birinə çevrilməsi planlaşdırılırdı.

Qriqoryevin həbsi dron sənayesində daha iki böyük cinayət işi fonunda baş verib.

İyulda “Transport buduşeqo” layihəsi ilə əlaqəli bir neçə yüksək vəzifəli şəxs, o cümlədən “Efko” şirkətinin rəhbərləri saxlanılıb. Eyni iş üzrə Rusiya Sənaye və Ticarət Nazirliyinin Pilotsuz Sistemlər və Robototexnika İdarəsinin rəhbər müavini Alla Polovçenya da həbsxanaya göndərilib. Onun xüsusilə külli miqdarda mənimsəmədə şübhəli bilindiyi bildirilir.

Avqustun 9-da isə Moskva məhkəməsi “Dron Solyuşns” şirkətinin hazırkı və keçmiş baş direktorları Vyaçeslav Barbasov və İrakli Xazaliyanı həbs edib. Onlar da xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinirlər.

Beləliklə, cəmi bir neçə həftə ərzində Rusiyanın dövlət dəstəyi alan üç dron istehsalçısı – “Transport buduşeqo”, “Dron Solyuşns” və “TulaDron” ətrafında iri cinayət işləri açılıb. Hadisələr xüsusilə diqqət çəkir, çünki Ukrayna müharibəsi fonunda pilotsuz sistemlərin inkişafı Moskvanın prioritet hərbi-sənaye istiqamətlərindən birinə çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR