İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Rusiyanın İrəvandakı dayaqlarını silkələdi - Onun da qapısı döyüldü

Bu gün səhər saatlarında Ermənistanda siyasi gərginlik yeni müstəviyə qədəm qoyub. Ölkənin keçmiş prezidenti, müxalifətdəki “Ermənistan” fraksiyasının lideri Robert Köçəryan və oğlu saxlanılaraq Antikorrupsiya Komitəsinə aparılıblar.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi başladılan cinayət işi ilə bağlı məlumat yayıb. Bu proses çərçivəsində 6 nəfər saxlanılıb.

ce27a7fb-e841-31fa-9c14-8251ec059484_1200.jpg (66 KB)

Ermənistan mediasında yayılan son məlumatlara görə, Robert Köçəryanın böyük oğlu Sedrakın həbs edilməsinə dair vəsatət təqdim olunub və özünün isə xəstəxanaya yerləşdirildiyi bildirilir. Sabiq prezidentin təcili yardım maşınında MTX əməkdaşlarının müşayiəti ilə xəstəxanaya çatdırıldığı qeyd olunur. Amma bütün bunlar onun həbsdən yaxa qurtardığı anlamına gəlmir.

Qeyd edək ki, bu həbs sıradan bir hadisə deyil. Robert Köçəryan Ermənistanın siyasi tarixində mühüm yer tutan fiqurlardan biridir. O, 1998-2008-ci illərdə Ermənistan prezidenti olub. Hazırda isə ölkənin əsas müxalifət qüvvələrindən biri hesab olunan “Ermənistan” fraksiyasına rəhbərlik edir.

Köçəryanın siyasi fəaliyyətinin davam etdiyi bir vaxtda onun evində axtarış aparılması və ardınca Milli Təhlükəsizlik Xidmətinə aparılması, xəstəxanaya yerləşdirilməsi Ermənistanın daxili siyasi gündəmini yenidən hərəkətləndirə bilər. Xüsusilə də hadisənin keçmiş prezident və parlamentdəki əsas müxalifət qüvvəsinin lideri ilə bağlı olması diqqəti daha da artırır.

Bu addım Ermənistanın daxili siyasi mübarizəsində yeni mərhələnin başlanğıcıdır? Nikol Paşinyan hakimiyyəti ilə Köçəryanın rəhbərlik etdiyi müxalifət arasında qarşıdurma daha da dərinləşəcəkmi?

MEHEMMED.jpg (68 KB)

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın hələ seçki marafonu vaxtı səsləndirdiyi fikirlərdən sitat gətirib:

“O demişdi: “Mən icazə verməyəcəyəm ki, Robert Köçəryan, Qaqik Sarukyan və Samvel Karapetyan siyasətlə məşğul olsunlar və onları Ermənistan siyasətindən silib-süpürmək lazımdır”. Paşinyan həmçinin söz vermişdi ki, Köçəryan da çöldə qalmayacaq. Çünki xalqın tələbi ondan ibarətdir ki, o, çöldə qalmamalı, həbs olunmalıdır. Çünki onun kifayət qədər cinayət işləri var.

Göründüyü kimi, keçmiş prezident və oğlu konkret olaraq Ermənistanda növbəti hakimiyyət çevrilişini Rusiyanın əli ilə həyata keçirmək istəyiblər. Qaqik Sarukyan və Samvel Karapetyan artıq həbs olunub və təbii ki, Robert Köçəryanın da həbsi gözlənilirdi. Çünki hər üç şəxs Rusiya ilə bağlıdır və onların əsas planı parlamentin işini pozmaq, ölkədə xaos yaratmaq, konstitusiya referendumuna mane olmaq və birbaşa Rusiyanın narrativləri ilə hərəkət etmək idi. Ona görə də Robert Köçəryanın timsalında, ümumiyyətlə, Rusiya siyasətini Ermənistan siyasətindən silmək istiqamətində addımlar atılır. Hesab edirəm ki, bu, bir növ Nikol Paşinyanla onun müxalifəti arasında gedən siyasi mübarizədir. Paşinyan rusiyapərəst qüvvələri sıradan çıxarır və düşünmürəm ki, bu, Ermənistanda siyasi xaosa gətirib çıxaracaq. Bu, bir növ hakimiyyət uğrunda mübarizədir. Bundan əlavə, Ermənistan tamamilə Qərbə inteqrasiya siyasətini həyata keçirir və bu üçbaşlı müxalifətin də missiyası Ermənistanı Rusiyanın yedəyində aparmaq olub, hazırda da bu istiqamətdə planları var. Ona görə də Nikol Paşinyan qarşısındakı bu əngəlləri sıradan çıxarmaq üçün belə addımlar atır”.

Politoloqun fikrincə, Köçəryanın korrupsiya məsələsində dindirilməsi və onun dövlət çevrilişi ilə bağlı fəaliyyətinin araşdırılması da təsadüfi deyil:

“Onun oğlu Levonun da bu məsələyə cəlb edilməsi istisna deyil. Düşünmürəm ki, bu, Ermənistanda daxili xaosa gətirib çıxaracaq. Əksinə, hesab edirəm ki, bu, daha çox daxili sabitliyin təmin olunmasına gətirib çıxaracaq. Bir növ Paşinyan da deyir ki, xalq “Real Ermənistan” ideologiyasına səs verir və onların da tələbi budur ki, bu üçbaşlı müxalifət, eləcə də Robert Köçəryan siyasi meydanda olmamalıdır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR