Onlayn ictimai-siyasi qəzet
Ermənistanda keçmiş prezidentlərə qarşı başladılan genişmiqyaslı cinayət təqibi Serj Sarqsyanı da əhatə edib. Robert Koçaryanla bağlı Antikorrupsiya Komitəsində araşdırılan cinayət işi çərçivəsində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana rəsmi ittiham irəli sürülüb.
Musavat.com bildirir ki, News.am-a bu barədə Ermənistan Antikorrupsiya Komitəsindən məlumat verilib.
Sarqsyan 2003-cü ildə qəbul edilmiş Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur. Bu əməl qüvvədə olan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndinə uyğun gəlir və vəzifəli şəxsin hakimiyyət və ya qulluq səlahiyyətlərindən, yaxud həmin səlahiyyətlərdən irəli gələn təsir imkanlarından sui-istifadəsi və ya səlahiyyət həddini aşması ilə bağlıdır.
Bundan əvvəl Ermənistan Baş Prokurorluğu avqustun 24-də ikinci prezident Robert Köçəryan barəsində üç epizod üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə, iki epizod üzrə xüsusilə külli miqdarda rüşvət alma və dörd epizod üzrə xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə cinayət təqibinə başlandığını açıqlamışdı.
Eyni iş çərçivəsində daha 9 nəfər barəsində cinayət təqibi başlanıb. Onların arasında Köçəryanın oğlu Sedrak Köçəryan, Serj Sarkisyan, keçmiş baş nazir Andranik Marqaryan, İrəvanın keçmiş meri Qagik Beqlaryan və iş adamı Samvel Mayrapetyan da var.
Səhər saatlarında hüquq-mühafizə orqanları deputat Levon Koçaryanın evinə daxil olub, Robert Koçaryan isə Antikorrupsiya Komitəsinə aparılıb. Daha sonra Robert Köçəryan və böyük oğlu Sedrak Koçaryanın saxlanıldığı məlum olub.
Araşdırma Koçaryan ailəsi ilə əlaqələndirilən bizneslərə də uzanıb. İrəvandakı “Toyota” şirkətinin ofisinin vergi orqanları tərəfindən möhürləndiyi, “Orange Fitness” klubu və “Play City” əyləncə mərkəzində, eləcə də onların rəhbərlərinin mənzillərində istintaq hərəkətlərinin aparıldığı bildirilir.
Xatırladaq ki, bundan bir gün əvvəl baş nazir Nikol Paşinyan hüquq-mühafizə orqanlarına Robert Köçəryan və Serj Sarkisyanın əmlaklarının müsadirəsi istiqamətində tədbirlər görülməsi barədə tapşırıq vermişdi.
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ