Onlayn ictimai-siyasi qəzet
BDYPİ-nin xəbərdarlığının arxasında duran böyük problem: sükan arxasında telefonla məşğul olan sürücü əslində nə edir?
BDYPİ-dən yol hərəkəti iştirakçılarına növbəti dəfə müraciət edib. Müraciət "Telefon diqqətinizi yoldan ayırmasın!" nidası ilə başlayır.
"Müasir dövrdə mobil telefon gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, yol hərəkəti zamanı ondan diqqətsiz istifadə ciddi təhlükələrə səbəb ola bilər. Xüsusilə nəqliyyat vasitəsini idarə edərkən diqqətin telefona yönəldilməsi ətrafda baş verənləri vaxtında görməyə və yaranan təhlükəni düzgün qiymətləndirməyə mane olur.
Sükan arxasında mobil telefondan istifadə sürücünün diqqətini yayındırır, reaksiyasını ləngidir, nəqliyyat vasitəsinə nəzarəti zəiflədir və qəfil yaranan təhlükəyə gec reaksiya verməsinə səbəb ola bilər.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri sükan arxasında mobil telefondan istifadə etməməyə, diqqətlərini yalnız yola və nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasına yönəltməyə çağırır. Eyni zamanda, piyadalar da yolu müəyyən edilmiş keçidlərdən keçərkən mobil telefondan mümkün qədər az istifadə etməli, diqqətlərini yol şəraitinə və yaxınlaşan nəqliyyat vasitələrinə yönəltməlidirlər.
Unutmayın: Yolda bir anlıq diqqətsizlik geri dönüşü olmayan nəticələrə səbəb ola bilər!" - deyə bildirilir.
Düşün ki, sən sükan arxasında telefonunu götürüb baxırsan, qarşıdan piyada keçir, işıqfor dəyişir, qabaqdakı maşın qəfil əyləci basır, yan tərəfdən başqa avtomobil çıxır. Amma bizim sürücünün gözündə həmin an yol yox, 6-7 düymlük ekran var.
Və ən maraqlısı budur ki, bu adam özünü təhlükəli sürücü hesab etmir.
Əksinə, çox vaxt deyir:
“Mən yaxşı sürürəm, telefona da nəzarət edirəm.”
Elə faciə də buradan başlayır.
Çünki telefonla yol eyni vaxtda idarə olunan iki ayrı dünya deyil. İnsan beyninin diqqəti bölünür. Bir neçə saniyəlik telefon baxışı isə avtomobilin “dayanıb gözləməsi” demək deyil.
Məsələn, avtomobil 90 kilometr/saat sürətlə gedirsə, saniyədə təxminən 25 metr yol qət edir.
Telefonun ekranına 3 saniyə baxdın?
75 metr.
Yetmiş beş metr!
Sən telefonda bir mesaj oxuyana qədər maşın təxminən bir futbol meydançasına yaxın məsafəni yol nəzarətsiz qət edib.
Amma sürücü deyir:
– Cəmi bir saniyə baxdım...
Bəli, bir saniyə.
Amma avtomobilin də öz riyaziyyatı var. O, sənin “bir saniyə” anlayışına hörmət etmir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda 1 252 yol-nəqliyyat hadisəsi baş verib. 689 nəfər ölüb, 1 026 nəfər yaralanıb. Bu rəqəmləri oxuyuruq. Sonra başqa xəbərə keçirik. Amma 689 rəqəminin arxasında 689 insan, 689 ailə, bir o qədər yarımçıq söhbət, “kaş ki”... nidası var.
Bu qəzaların neçəsində sürücü qəza anında telefona baxırdı?
Biz bunu dəqiq bilirikmi? Telefon yol qəzalarının rəsmi statistikasında ayrıca nə qədər görünür?
Bəlkə telefon qəzanın səbəblərindən biridir, amma biz onu “diqqətsizlik”, “idarəetməni itirmə”, “manevr qaydasının pozulması” kimi başqa başlıqların altında itiririk?
Dünya təcrübəsi göstərir ki, diqqətin yayınmasını qəza baş verdikdən sonra sübut etmək heç də asan deyil.
Qəzadan sonra kimsə
“Bəli, mən qəza vaxtı Instagram-a baxırdım” demir. Deməyəcək. Kim deyər?
Əvvəllər telefonla yalnız danışırdıq.
İndi telefon hər şeydir. WhatsApp, Telegram, Instagram , TikTok, YouTube, Bank, mail, xəbər, iş, dost və s. var. Hamısı bir ekranın içindədir.
Bütün bu dünyanın içində olan cihazı götürüb avtomobil idarə edirsiniz. Sürücünün bədəni avtomobildədir.nAmma fikri bəzən tamam başqa yerdədir.
“Hands-free” bizi xilas edəcək?
Tam yox. Çünki məsələ yalnız telefonu əldə saxlamaq deyil. Məsələ diqqətdir.
Ümumdünya Səhiyyə Təşkilatı mobil telefondan istifadə edən sürücülərdə qəza riskinin təxminən 4 dəfə artdığını bildirir.
Deməli, problem telefonun qulağa yapışdırılmasından daha böyükdür.
Sən telefonu avtomobilin panelinə də qoya bilərsən. Amma ekranda mesaj açılıbsa, yenə baxacaqsan. Bildiriş gəlibsə, yenə maraqlanacaqsan. Video açılıbsa, bir saniyə də olsa baxmaq istəyəcəksən. İnsan təbiətidir.
Amma yolun da öz qanunu var:
Sən ona baxmasan, o sənə güzəşt etməyəcək.
Bir telefon, bir piyada, bir saniyə...
Piyada keçidinə yaxınlaşırsınız, telefonunuza mesaj gəlir. Siz cəmi 2 saniyə ekrana baxırsınız.
Cəmi 2 saniyə. Həmin 2saniyədə piyada bir neçə addım atır.
Siz də bir neçə on metr gedirsiniz. Başınızı qaldıranda artıq çox gecdir.
Burada ən dəhşətli söz “qəza” deyil.
Ən dəhşətli söz: “Kaş telefona baxmayaydım...”
Amma “kaş”ın avtomobildə əyləc pedalı yoxdur.
Azərbaycan qanunvericiliyində nəqliyyat vasitəsini idarə edərkən telefonu əldə saxlamaqla istifadə etmək qadağandır.
İnzibati Xətalar Məcəlləsində bunun üçün 50 manat cərimə nəzərdə tutulur.
Bir mesajın qiyməti 50 manatdırmı?
Əlbəttə, yox. Çünki mesajın qiyməti bəzən bir insan həyatıdır. Bir insan həyatının isə nə cəriməsi var, nə də bazar qiyməti.
Çünki hamımız düşünürük ki, qəza başqasının başına gələcək. Amma yol qəzasının ən təhlükəli tərəfi də budur. O, sürücüdən əvvəlcədən icazə almır.
Bəlkə telefonla bağlı qəzaları ayrıca hesablayaq?
Əgər dövlət qurumları hər il yol qəzalarının statistikasını açıqlayırsa, onda bir sual da ayrıca cavablandırılmalıdır: Neçə qəzanın səbəbi sürücünün mobil telefondan istifadəsi olub?
Bu rəqəmləri ayrıca görsək, bəlkə telefonun sükan arxasındakı “günahsız” görünüşü də dəyişər.
Sürücü üçün ən yaxşı telefon rejimi – “təyyarə rejimi”
Bəzən ən mürəkkəb texnoloji problemin ən sadə həlli olur. Maşına oturdun, telefonu səssizə al, sosial şəbəkəni unut. Çünki heç bir mesaj səndən vacib deyil. Əgər kimsə sənə həqiqətən vacib bir söz demək istəyirsə, 20 dəqiqə gözləyə bilər. Amma yol gözləmir.
BDYPİ-nin sürücülərə müraciətində bir cümlə var ki, əslində bütün kampaniyanın şüarı ola bilər:
“Yolda bir anlıq diqqətsizlik geri dönüşü olmayan nəticələrə səbəb ola bilər”.
E.Məmmədəliyev,
Musavat.com
26 Avqust 2026
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ