Onlayn ictimai-siyasi qəzet
“SP”: “Seçkilərin legitimliyiniun sual altına düşməsi halında....”
Ermənistanda keçiriləcək 7 iyun parlament seçkiləri ölkənin gələcək siyasi istiqamətini müəyyənləşdirəcək mühüm hadisə kimi qiymətləndirilir. Son illərdə baş verən geosiyasi dəyişikliklər, xüsusilə Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıq fonunda rəsmi İrəvanın xarici siyasət kursu həm region, həm də beynəlxalq güclər tərəfindən diqqətlə izlənilir.
Musavat.com xəbər verir ki, Rusiyanın “Svobdnaya Pressa”nəşri bu barədə geniş məqalə dərc edib.
“Mövcud vəziyyət göstərir ki, Ermənistan artıq əvvəlki kimi təkcə Rusiya yönümlü siyasət yürütmür. Hakimiyyət, xüsusilə baş nazir Nikol Paşinyan komandası, paralel olaraq Qərb strukturları ilə əlaqələri genişləndirməyə çalışır. Bu isə ölkənin strateji istiqamətində tədrici dəyişikliklərin baş verdiyini göstərir.

Hazırkı vəziyyətə əsasən, seçkilərdən sonra üç əsas ssenari mümkündür. Birinci və ən real ssenari Paşinyanın hakimiyyətdə qalmasıdır. Bu halda Ermənistanın siyasətində kəskin dönüş gözlənilmir, lakin Qərbə doğru istiqamətlənmiş kurs davam edəcək. Rəsmi İrəvan Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirəcək, ABŞ-la münasibətləri dərinləşdirəcək, eyni zamanda Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar ata bilər. Bununla yanaşı, ölkə Avrasiya İqtisadi İttifaqından dərhal çıxmayacaq, lakin bu qurumun Ermənistan üçün əhəmiyyəti tədricən azalacaq.
İkinci ssenari müxalif qüvvələrin güclənməsi ilə bağlıdır. Əgər Robert Köçəryan, Qaqik Tsarukyan və digər müxalif bloklar ciddi nəticə əldə etsələr, Ermənistanın xarici siyasətində müəyyən korrektələr edilə bilər. Bu halda Rusiya ilə münasibətlərin bərpasına cəhdlər ediləcək, Qərbə inteqrasiya prosesi ləngiyə bilər. Lakin tam geri dönüş ehtimalı zəifdir, çünki artıq geosiyasi kursda dəyişiklik baş verib.
Üçüncü və ən riskli ssenari seçkilərin legitimliyinin sual altına düşməsi ilə bağlıdır. Əgər seçkilər ədalətsiz hesab olunarsa, ölkədə daxili siyasi gərginlik arta, etiraz aksiyaları başlaya bilər. Bu isə Ermənistanı xarici təsirlərə daha açıq və həssas vəziyyətə sala bilər.
Rusiya nəşrinə görə, Ermənistanda son dövrlərdə Avropa İttifaqına inteqrasiya və Avrasiya İqtisadi İttifaqından çıxış mövzusu geniş müzakirə olunur. Lakin bu proseslərin tez bir zamanda reallaşması real görünmür. Avropa bazarına çıxış ciddi texniki və iqtisadi tələblər tələb edir. Ermənistan iqtisadiyyatı isə hələ bu standartlara tam uyğun deyil.
“Digər tərəfdən, Qərb ölkələrinin verdiyi vədlərin uzunmüddətli olub-olmayacağı da sual altındadır. Ukrayna nümunəsi göstərir ki, inteqrasiya prosesləri uzun illər çəkə və gözlənilən nəticələri verməyə bilər” deyə, təhlildə bildirilir.
Daha sonra bildirilir: “Ermənistanın Rusiya ilə iqtisadi əlaqələri hələ də çox güclüdür. Minlərlə erməni vətəndaşı Rusiyada işləyir və hər il ölkəyə milyardlarla dollar pul köçürür. Bu vəsaitlər Ermənistan iqtisadiyyatının mühüm hissəsini təşkil edir.
Ümumilikdə, 7 iyun seçkilərindən sonra Ermənistanın siyasətində kəskin dönüş deyil, tədrici dəyişikliklər gözlənilir. Ölkə balans siyasətini qorumağa çalışacaq: bir tərəfdən Qərbə yaxınlaşacaq, digər tərəfdən isə Rusiya ilə iqtisadi və siyasi əlaqələri tam qoparmayacaq.
Əsas tendensiya ondan ibarətdir ki, Ermənistan artıq əvvəlki geosiyasi modeldən uzaqlaşır və yeni, daha mürəkkəb və çoxvektorlu siyasət qurmağa çalışır. Bu proses isə həm daxili sabitlikdən, həm də xarici güclərin təsirindən asılı olaraq formalaşacaq. Bundan əlavə, Ermənistanın ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi də Rusiya ilə bağlıdır. Bu səbəbdən, rəsmi İrəvanın birdən-birə Rusiyadan uzaqlaşması iqtisadi baxımdan ciddi risklər yarada bilər.
Eyni zamanda, Ermənistan son illərdə Çin, BƏƏ və Yaxın Şərq ölkələri ilə iqtisadi əlaqələri genişləndirərək alternativ istiqamətlər formalaşdırmağa çalışır”.
Region üçün nəticələrinə gəlincə, “SP”-yə görə, Ermənistanın siyasi kursundakı dəyişikliklər təkcə bu ölkə üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün əhəmiyyətlidir. Xüsusilə Azərbaycan, Türkiyə və İran bu prosesləri diqqətlə izləyir: “Əgər Ermənistan Qərbə daha çox inteqrasiya edərsə, regionda yeni iqtisadi və nəqliyyat layihələrinin formalaşması mümkündür. Eyni zamanda, bu dəyişikliklər yeni geosiyasi balansın yaranmasına səbəb ola bilər.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ