Onlayn ictimai-siyasi qəzet
Yəqin ki, bizdə yay tətilinin bitməsini istəməyənlərin başında nazirlər durur. Yox, yanlış anlaşılmasın, onlar bütün yayı çimərlikdə qarğıdalı, qarpız gəmirib, dondurma yalayıb, günəşdə qaralmırlar. Vacib işlərlə məşğul olmaqda davam edirlər. Məsələn, yollara motosikletli təcili yardım buraxılır, rayonda şərab festivalı keçirilir, məktəblər optimallaşdırılır, örüşlər mallaşdırılır, jurnalistlər araşdırılır və sairə.
Qafiyəsi yaxşı gəlirdi deyə yazdım, çox dərin mənasını axtarmaq lazım deyil. Ona qalsa, Tramp da ABŞ-da jurnalistləri Ağ Evə buraxmır. Ümumiyyətlə, mən siyasətə qarışmıram, əlaqədar orqanlar bunu nəzərə alsın.
Şərab festivalı yazdım, yaxşı yadıma düşdü. Rəsmi statistikaya inansaq, 2024-cü ildə Azərbaycanda 1 milyon 38 min dekalitr üzüm şərabı istehsal olunmuşdu. Keçən ilin, 2025-ci ilin hesabatında isə cəmi 554 min dekalitr. Azalma hardasa 50 faizdən çox idi. Belə çıxır ki, bizdə hökumət şərab festivalı keçirdikcə şərab istehsalı daha da aşağı düşür. Qəribədir, deyilmi? Ancaq mən uşaq deyiləm və yaşım sovet hökumətini görməyə çatıb. O zaman da rayonlarda belə “Məhsul bayramları” şıdırğı keçirilərdi. Raykom katibi tribunada dururdu, fermadan gətirilən şərti “Gülsənəm xala” lafetin üstündə ala inəyi sağa-sağa paraddan keçirdi. Füzuli rayonundakı bir məhsul bayramında lafetin üzərində quraşdırılan əsl üzüm tənəyi və guya ordan məhsul yığan kəndlilərin nümayişi, fəxri keçidi indiyəcən gözümün qabağındadır.
Yəni, “hər inəkdən 1000 ton süd”, hər koldan “1 milyon ton pambıq” yığılırdı, ancaq camaat nə yağ tapırdı, nə köynək. İndiki “nar-qoz-bal-şərab” festivalları da həmin gözdən pərdə asma ənənələrinin davam etdirilməsindən başqa şey deyil. Yaxşı olar hökumət kənd təsərrüfatını dirçəltmək üçün ciddi işlər görsün.
Yeri gəlmişkən, dünən deputat Zahid müəllimin bir çıxışını oxudum, deyir, camaatı kəndə qaytarmalıyıq. Məncə, bu, çağdaş dövrün tələblərindən anlayışı olmamağın tipik örnəyidir. Belə söhbətləri hansısa diletant söyləsə yola verməliyik, deputat deyəndə pis görünür. Çünki dünyada şəhərləşmə gedir və kənd sıradan çıxmağa məhkumdur. Qabaqlar minlərlə kəndlinin əlləşdiyi sahəni indi üç-beş nəfər, ən yeni texnoloji avadanlıqla becərir, məhsul əldə edir. Sadəcə, hamının Bakıya yığılmasını önləmək üçün respublikanın başqa şəhərlərinə maya qoyulmalıdır, ta kənd-kəsəyə deyil. Elə etmək lazımdır ki, Azərbaycanda 4 milyon əhalisi olan 1 şəhər yox, 500 min -1 milyon əhalisi olan və regional baxımdan bərabər paylanmış bir neçə şəhərimiz olsun. Regional planlaşdırma budur. Yoxsa “hamını kəndə qaytaraq, gedin dana otarın” – bu, cahil söhbətidir. İndi dünyada danaları robotlar – dronlar otarır.
Elə bu cür avam deyinmə temalarından biri də bəzi camaatın “rayonlarda zavod açsınlar, əhali gedib işləsin” söhbətidir. Sanki Bakıda zavod açılıbmış, xəbərimiz yoxdur...
Söhbət uzandı, nazirlərin yay tətili mövzusuna qayıdıram. Onlar elə bu deputatların əlindən payızın gəlməsini istəmirlər! Çünki Milli Məclis təzədən toplaşmağa başlayır, deputatlar da tökülüşürlər yazıq nazirlərin üstünə. Biri deyir, tıxacda qalmışam, yol naziri hara baxır. O biri deyir həkimbaşı məni qəbul eləmir, müəllimlərin naziri isə ümumiyyətlə, telefonuma “adboy” verir. Sitat: “Sənə zəng edən hansısa Həsən, Hüseyn yox, deputatdır!”
Bax, bu, heç olmadı... Deputat niyə özünü seçicisi “Həsən və Hüseyndən” üstün sayır? Nazirlərin qəbul saatı var, zəhmət çək, sən də o vaxt get, şikayətini elə. Hələ ifadə tərzinə baxın: “hansısa”...
Mən təklif edirəm gələn seçkidə Həsən və Hüseyn bu deputata səs verməsin. Məcbur olsun, nazirlərdən səs istəsin.
P.S. Təsadüfən bu gün bütün saytlar eks-nazir-səfir Həsən Həsənovun açıqlamaları ilə daşırdı. Sən demə, o, tarix elmləri doktoru imiş.
22 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ