Onlayn ictimai-siyasi qəzet
Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1967-ci il təvəllüdlü, III qrup əlil Mirzəmməd Məsumovun müəmmalı şəraitdə ağır xəsarət alması ilə bağlı ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib. Onun bacısı Dilarə Məsumova baş verən hadisənin yol-nəqliyyat qəzası kimi təqdim olunmasına baxmayaraq, hadisənin bütün detallarının ailədən gizlədildiyini iddia edir.
Musavat.com-a danışan Dilarə Məsumovanın səlahiyyətli nümayəndəsi Vüqar Əmirov bildirib ki, Mirzəmməd Məsumov həyat yoldaşı ilə birlikdə Xəzər rayonunun Hövsan qəsəbəsində yaşayır. Valideynləri vəfat etdiyindən onun ən yaxın qohumu yalnız bacısıdır.
Vüqar Əmirovun sözlərinə görə, müəmmalı hadisəyə qədər Mirzəmməd Məsumov, demək olar ki, hər gün bacısına baş çəkirmiş. Lakin iyulun 11-dən etibarən onun gəlməməsi bacısında narahatlıq yaradıb.
"Bacı qardaşına zəng vuranda telefonu həyat yoldaşı açıb və bildirib ki, Mirzəmməd qəza keçirib, Sabunçu Tibb Mərkəzində (3 saylı şəhər xəstəxanası) müalicə olunur. Dilarə Məsumova xəstəxanaya getsə də, qardaşı ilə görüşməsinə imkan verilməyib. Ona bildirilib ki, Mirzəmməd komadadır, ağır kəllə-beyin travması alıb, beyninə qan sızıb", – deyə nümayəndə bildirib.
Onun sözlərinə görə, ailədə hadisənin həqiqətən yol-nəqliyyat qəzası olub-olmaması ilə bağlı ciddi şübhələr yaranıb.
"Bacı iddia edir ki, qardaşının görüntüləri yalnız həyat yoldaşına göstərilir, ona isə heç bir məlumat verilmir. Bu da ailədə əsaslı şübhələr yaradıb. Dilarə xanım mənə etibarnamə verdi və mən onun nümayəndəsi kimi araşdırmalara başladım", – deyə Vüqar Əmirov qeyd edib.
Nümayəndənin sözlərinə görə, o, Sabunçu Tibb Mərkəzində travmatologiya şöbəsinin həkimi Namiqlə görüşüb.
"Həkim bildirdi ki, Mirzəmməd Məsumov ağır kəllə-beyin travması diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Onun vəziyyəti son dərəcə ağırdır və həyatda qalıb-qalmayacağı barədə proqnoz verməyin mümkün olmadığını dedi", – deyə Vüqar Əmirov bildirib.
Nümayəndə daxili işlər naziri cənab Vilayət Eyvazova müraciət edərək baş vermiş hadisənin nəzarətə götürülməsini, zərərçəkmişin bacısı Dilarə Məsumovaya qardaşının başına nə gəlməsi ilə bağlı məlumat verilməsini və obyektiv araşdırmanın aparılmasını xahiş edib.
E.Məmmədəliyev,
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ