İnsanlara hürriyət, millətlərə istiqlal!

İldə 24 İH başçısı tutulsa, bəlkə onda...

Çox oxumuş adamlar deyir ki, əslində rayon, şəhər rəhbərlərini birbaşa xalq özü seçməlidir.

Çox gəzmiş adamlar onların sözünə qüvvət verir, deyirlər, Avropa ölkələrində, hətta qardaş Türkiyədə də elədir.

Çox yaşamış (bu ölkədə) adamlar isə gülümsəyirlər, deyirlər, ağlınız başqa yerlərə getməsin, bu ölkədə elə bir şey mümkün deyil.

“Qan davası düşər”, deyirlər, “klanlar bir-birinə girər”, deyirlər, yaxşı söz demirlər.

Misal gətirənlər var: “1995-də bir seçki dairəsində iki sabiq İH başçısı deputat olmaq üstündə qan saldılar, qohumları seçki məntəqəsində qırğına çıxdı, ölənlər oldu”.

Yaxşı, bəs necə olsun? Nə vaxta qədər bizdə rayon rəhbərləri təyinatla olacaq? Belə deyənlər də var, “indiki sistem özünü doğrultmur” deyə əlavə edənlər də.

“Baxın, gündə bir başçını qandallayırlar, amma bu, qandallanmayanlara dərs olmur” deyənlərin qabağında durmaq çətindir.

Bu yerdə qandallanan başçıların qandallanmayanlardan qat-qat az olmasına görə gözəgörünməzə şükür edənlər də var, hərçənd, prinsipcə, birincilərin sayını ikincilərin hesabına maksimuma qədər artırmaq olar.

Demaqoq adamlar deyir ki, İH başçılarını öz vicdanları və insaflarına buraxmaq olmaz, effektiv bir mexanizm lazımdır.

Oxumuş adamlar o mexanizmin seçki olduğunu bildirirlər. Guya ki, rayon rəhbərini birbaşa xalq seçsə, seçilmiş adam xalqın qarşısında məsuliyyət daşıyar, ona hesabat verər və canı çıxar, düz işləyər, əliəyrilik etməz, dövlət büdcəsini və xalqın cibini talamaq hesabına milyonçu olmaz.

Bu mülahizənin tərəfdarları deyirlər, hərgah o neqativ işlərlə məşğul olsa, gələn dəfə xalq onu yox, başqasını, halal adam saydığını seçər.

Skeptik adamlar isə deyir ki, yaramazın biri bir dəfə seçilib milyonçu olandan sonra ikinci dəfə seçilsə, nə olacaq, seçilməsə - nə. Həmin o “yeyib-doymuş” şəxs yığdığını götürüb başqa yerə gedəcək, ya bisnesmen olacaq, ya da özünə təzə vəzifə alacaq. Yerinə isə yeyib-doymağa hərisin biri gələcək, bir müddət də o yeyəcək. Sonra o biri...

Bu xüsusda bir pritça var, bir dəfə də yazmışam. Danışırlar ki, keçmiş zamanlarda bir vilayətin əzazil və acgöz valisinin padşah tərəfindən işdən çıxarıldığı elan edilir. Xalq sevinir, o dövrün sosial şəbəkələrində - bazarda coşqu yaşanır. Vilayətin fəalları (trollar) atlanırlar, padşah tərəfindən göndərilən yeni valini qarşılamağa gedirlər. Şəhərin müdrik şəxsiyyəti pişvaza gedənlərə deyir ki, çox da sevinməyin, hələ bir baxın görün, o yeni valinin ağzı varmı. Atlılar deyirlər, ağsaqqal, ağızsız adam olarmı, əlbəttə, onun da ağzı var. Bu zaman müdrik ağsaqqal deyir, elədirsə, nəyə sevinirsiniz, gələn valinin ağzı varsa, demək, o da yeməyə gəlir.

İndi onun sözü olmasın, müasir dövrdə də vəzifəyə yeni təyin olunanların hamısının ağzı da var, brend məmulat geymək, “Lamborgini” sürmək, Avropada oxumaq, İbizada istirahət etmək istəyən oğul-uşağı da, tender udub bir ayın içində milyonçu olmaq istəyən qohum-əqrəbası (qardaşlar, əmioğlular, bibiuşaqları, xalaqızılar, dayıoğlular, yeznələr, kürəkənlər və sair və ilaxır lap yaxın, bir az yaxın, orta yaxın, bir az uzaq simsarlar) da.

Namxuda, bizə qaydadır: 18 il internatda böyümüş, daha 18 il kasıbçılıqla, zülm-zillətlə yaşamış, nəhayət, şansı üzünə gülmüş və birtəhər əli çörəyə çatmış biri yaşının 36-da babat bir vəzifəyə təyin olunanda, 3 gün çəkmir, birdən-birə 365 qohumu peyda olur. Hamısı da ortaya sənəd qoyur, şəcərəyə istinad edir.

Ona görə də çətindir. Rayon rəhbəri seçkiylə olsa da, çətindir, təyinatla olsa da. Tox ölkələrə, işli-güclü cəmiyyətlərə baxmayın, ac ölkələrdə, var-dövlətə həris cəmiyyətlərdə yüksək vəzifəyə heç kim tək gəlmir, nəsl-nəcabəti, kənd-kəsəyi ilə birlikdə gəlir.

O gün Çeçenistana dair bir xəbər vardı, deyilirdi ki, muxtar respublikanın böyüyü Ramzan Kadırov 96 qohumuna yüksək vəzifə verib. Belə anlaşılır ki, adam orta məktəbdə bir dəfə yazı taxtasına çıxıb dərs danışmayan simsarlarını da başa keçirib. O vəzifədən gedəndən sonra, təbii ki, hamısını işdən çıxaracaqlar. Hakimiyyətə başqa bir 90 kadrlı klan gələcək.

Hətta ola bilər ki, hakimiyyət dəyişikliyi olanda klanlar qırğına çıxacaqlar, teyplər bir-birinə girəcək.

Ona görə də bu paralellərdə kimlərinsə ya seçkiylə, ya da təyinatla rayon, vilayət rəhbəri olmasının xalqa isti-soyuğu yoxdur.

Amma o da faktdır ki, qandal qorxusu güclü olmalıdır. Çində elədir. Ona görə də onlarda rayon başçıları pis-yaxşı dürüst işləyirlər. İşləməyəni isə əvvəlcə dışlayırlar, sonra da damlayırlar.

Təklif budur ki, ildə ən azı 24 İH başçısı tutulsun. 15 gündən bir. Növbəti ildə baxarsınız ki, heç birindən şikayət yoxdur.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR