Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
Musavat.com xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verdi.
Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də bu qəsəbədə olub.
Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumi sahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidində qəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla, ümumilikdə 2531 sakin var. Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ