Onlayn ictimai-siyasi qəzet
İlon Maskın şirkətləri ABŞ-nin Texas ştatında sahəsi kiçik şəhərlə müqayisə edilə biləcək nəhəng istehsal kompleksi qurmağı planlaşdırır.
Musavat.com xəbər verir ki, Tesla və SpaceX-in Terafab layihəsinin ümumi sahəsinin təxminən 9,3 milyon kvadratmetr, yəni 9,3 kvadratkilometr olması nəzərdə tutulur.
Nəhəng kompleksdə avtomobillər, robotlar və digər yüksək texnologiyalı sistemlər üçün çip və mikrosxemlərin istehsalı planlaşdırılır. Burada Tesla-nın avtomobilləri və Optimus humanoid robotları, eləcə də SpaceX-in layihələri üçün lazım olan qabaqcıl texnologiyaların hazırlanması nəzərdə tutulur.
Layihənin bütün mərhələləri həyata keçirilərsə, Terafab-a yatırılacaq ümumi sərmayənin 119 milyard dollara qədər yüksələ biləcəyi bildirilir.
9,3 kvadratkilometrlik kompleks nəzərdə tutulan miqyasda inşa edilərsə, Terafab dünyanın ən böyük sənaye obyektlərindən birinə çevrilə bilər.
SpaceX layihə çərçivəsində ətraf mühitə təsirin azaldılacağını və daha ekoloji istehsal üsullarından istifadə ediləcəyini bildirir.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ