Onlayn ictimai-siyasi qəzet
Bakıda sosial şəbəkələr üzərindən qurulduğu iddia edilən gizli əlaqələr şəbəkəsi ilə bağlı qalmaqallı cinayət işi üzrə hökm çıxarılıb. Bir zamanlar tarixi paylaşımlar edən gənc kimi tanınan şəxs indi dövlətə xəyanətdə ittiham olunaraq uzun illər azadlıqdan məhrum edilib.
Musavat.com xəbər verir ki, ittihama görə, Bakı sakini 1992-ci il təvəllüdlü Bəxtiyar İbrahimov (ad, soyad şərtidir) ilk baxışda adi sosial şəbəkə istifadəçisi olub. Lakin onun “Instagram” hesabında etdiyi dini və milli mövzulu paylaşımlar diqqətdən yayınmayıb. İstintaqın qənaətinə görə, məhz bu paylaşımlar nəticəsində o, xarici ölkənin xüsusi xidmət orqanlarının maraq dairəsinə düşüb və daha sonra məxfi əməkdaşlığa cəlb olunub.
Bununla da sosial şəbəkə fəaliyyəti adi ünsiyyətdən çıxaraq təhlükəli istiqamətə yönəlib.
Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs xarici kuratorlardan aldığı tapşırıqları yerinə yetirib, “Telegram” və “Instagram” hesablarında ölkənin parçalanmasına çağırışlar edib, separatçı məzmunlu materiallar yayıb, milli və dini zəmində qarşıdurma yaratmağa çalışıb. İşin daha təhlükəli tərəfi isə burada bitmir. İstintaqın versiyasına görə, o, Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərlə də təmasda olub və hətta sərhəd bölgələri ilə bağlı məlumatlar toplayaraq ötürüb. Cinayət işində ən çox müzakirə olunan məqamlardan biri “Kərimə dövləti” adlı ideoloji çağırışdır. İddialara görə, təqsirləndirilən şəxs bu ideyanı açıq şəkildə təbliğ edib, divarlara şüarlar yazıb, şəkillərini çəkərək xaricə göndərib və Azərbaycanda dini əsaslı dövlət qurulmasını istəyib. Ekspertiza rəylərində isə qeyd olunub ki, onun paylaşdığı materiallarda separatçılıq, milli nifrət və dövlət əleyhinə çağırış elementləri mövcuddur.
Maraqlıdır ki, təqsirləndirilən şəxs məhkəmədə özünü günahsız elan edib. O bildirib ki, xarici şəxslərlə əlaqələri sadəcə təsadüfi və şəxsi xarakterli olub, paylaşımlarını emosional vəziyyətdə edib, istintaqda verdiyi etirafedici ifadələr isə təzyiq altında alınıb. Lakin məhkəmə bu arqumentləri qəbul etməyib və onları cəzadan yayınmaq cəhdi kimi qiymətləndirib.
İş materiallarına görə, təqsirləndirilən şəxsin mobil telefonunda müxtəlif sosial şəbəkə hesabları, xarici istifadəçilərlə yazışmalar və istintaqın dövlət əleyhinə hesab etdiyi paylaşımlar aşkarlanıb. Ekspertiza rəylərində onun “Instagram”, “TikTok”, “Telegram” və digər platformalardakı fəaliyyəti ayrıca araşdırılıb və məhkəmə həmin materialları sübut kimi qəbul edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, dövlətə xəyanətdə, dövlət əleyhinə çağırışlarda və milli nifrətin salınmasında təqsirli bilinib. Cəzalar toplanaraq ona 16 il azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
E.Məmmədəliyev,
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ