Onlayn ictimai-siyasi qəzet
İranla ABŞ və İsrail arasında qarşıdurmanın yeni və daha təhlükəli mərhələyə keçə biləcəyi barədə ciddi siqnallar gəlir. Tehranın mümkün yeni müharibəyə hazırlaşdığı, SEPAH-ın səlahiyyətlərinin genişləndirildiyi, raket və dron istehsalının sürətləndirildiyi, eyni zamanda ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarının yerləşdiyi ölkələrə qarşı mümkün cavab ssenarilərinin nəzərdən keçirildiyi bildirilir.
“The Wall Street Journal” ərəb ölkələrinin bir sıra kəşfiyyat xidmətlərinin məlumatlarına istinadən İran hakimiyyətinin ABŞ və İsraillə qarşıdurmanı genişləndirməyə dair gizli plan hazırladığını yazıb.
Məlumata görə, Tehran qarşı tərəfə elə ağır zərbə vurmağı hədəfləyir ki, İran ərazisinə əvvəlki müharibələr zamanı olduğu kimi genişmiqyaslı hücumların təkrarlanmasının qarşısını ala bilsin.
Tehran bu mesajlarla Vaşinqton və Təl-Əvivə çəkindirici siqnal göndərir?

Musavat.com-un xəbərinə əsasən, politoloq Rəhman Bayramov hesab edir ki, İran ətrafında baş verən son proseslərə yalnız “Tehran yeni müharibəyə hazırlaşırmı?” sualı ilə yanaşmaq kifayət deyil:
“Burada əsas sual budur: İran mümkün növbəti qarşıdurmanın qaydalarını dəyişməyə çalışır? “The Wall Street Journal”ın yaydığı məlumatlar kifayət qədər ciddi mənzərə ortaya qoyur. İddialara görə, Tehran raket və pilotsuz uçuş aparatı istehsalını artırır, hərbi idarəetmədə SEPAH-ın mövqelərini gücləndirir, İran-İraq müharibəsi təcrübəsi olan veteranları mühüm vəzifələrə gətirir və qarşıdurmanın İran sərhədlərindən kənara çıxmasını nəzərdə tutan variantlar üzərində işləyir. Mənim qənaətimcə, burada “İran yeni müharibəyə hazırlaşır” fikri ilə “İran yeni müharibə istəyir” fikrini bir-birindən ayırmaq lazımdır. Bunlar eyni məna daşımır. Tehran mümkün müharibəyə hazırlaşmaqla əslində qarşı tərəfi həmin müharibədən çəkindirməyə çalışa bilər. İranın son hərbi qarşıdurmalardan çıxardığı ən mühüm nəticələrdən biri budur ki, yalnız öz ərazisini müdafiə etməklə ABŞ və İsrail qarşısında effektiv çəkindirmə yaratmaq çətindir. ABŞ və İsrail aviasiya, kəşfiyyat, elektron müharibə, peyk imkanları və yüksək dəqiqlikli silahlar baxımından İrandan əhəmiyyətli dərəcədə üstündür. Tehran bu reallığı bilir və buna görə rəqiblərinin üstün olduğu klassik müharibə modelini dəyişməyə çalışır. İranın alternativi müharibənin coğrafiyasını genişləndirməkdir. Yəni İran ərazisinə genişmiqyaslı hücum olacağı təqdirdə qarşıdurmanın yalnız Tehran, İsfahan, Təbriz, nüvə obyektləri və raket bazaları ilə məhdudlaşmayacağı mesajı verilir. ABŞ-nin Körfəzdəki hərbi bazaları, enerji infrastrukturu, limanlar, dəniz yolları, Hörmüz boğazı və hətta rəqəmsal kommunikasiya infrastrukturu potensial qarşıdurmanın elementlərinə çevrilə bilər. Başqa sözlə, İran Vaşinqtona demək istəyir: siz müharibənin nə vaxt başlayacağını müəyyən edə bilərsiniz, amma onun coğrafiyasını və iqtisadi nəticələrinin haraya qədər yayılacağını tam müəyyən edə bilməyəcəksiniz. Məncə, İranın yeni çəkindirmə strategiyasının əsas fəlsəfəsi məhz budur. SEPAH-ın səlahiyyətlərinin genişləndirilməsi də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Çünki SEPAH adi hərbi təşkilat deyil. O, İranın raket proqramından xarici əməliyyatlara, kəşfiyyatdan iqtisadi strukturlara qədər çox geniş imkanlara malik siyasi-hərbi institutdur. SEPAH-ın nizami ordu üzərində təsir imkanlarının artırılması İran dövlətinin tədricən müharibə dövrü idarəetmə modelinə keçməsinin əlamətidir. Bu tendensiya davam edərsə, İran daxilində siyasi güc balansında ciddi dəyişiklik yarana bilər. Prezident, hökumət, parlament, nizami ordu, dini hakimiyyət və SEPAH arasında mövcud mürəkkəb balans təhlükəsizlik strukturlarının xeyrinə dəyişə bilər. Nəticədə İranın dövlət idarəçiliyində hərbi-təhlükəsizlik məntiqinin çəkisi daha da artar. Bunun xarici siyasətə də təsiri olacaq. Təhlükəsizlik strukturlarının qərarvermədə çəkisi artdıqca diplomatik kompromis imkanları darala bilər. Çünki hərbi strukturlar üçün əsas məsələ diplomatik güzəştdən daha çox təhlükənin neytrallaşdırılması və çəkindirmənin qorunmasıdır”.
Politoloq burada digər mühüm məsələ kimi Hörmüz boğazını əsas görür:
“Hörmüz uzun illər əsasən neft və qaz kontekstində müzakirə olunurdu. Halbuki bu coğrafiyanın strateji əhəmiyyəti enerji daşımalarından daha genişdir. Asiya, Avropa və Körfəz ölkələrini birləşdirən mühüm sualtı fiber-optik kommunikasiya xətlərinin bir hissəsi də bu regiondan keçir. Müharibə şəraitində belə infrastruktura qarşı diversiya, təsadüfi zədələnmə və ya təmir imkanlarının məhdudlaşması yalnız regional internet problemi yaratmaz. Bank əməliyyatları, beynəlxalq ödəniş sistemləri, bulud xidmətləri, logistika, elektron ticarət, data-mərkəzlər və transmilli şirkətlərin fəaliyyəti də təsirlənə bilər. Burada çox mühüm yeni strateji reallıq meydana çıxır: XXI əsrdə Hörmüz yalnız enerji boğazı deyil, müəyyən mənada rəqəmsal kommunikasiya boğazıdır. Əgər hər hansı böyük qarşıdurmada enerji daşımalarına və rəqəmsal infrastruktura eyni vaxtda ciddi zərbə dəyərsə, nəticələr Yaxın Şərqin sərhədlərini aşacaq. Neft və qaz qiymətlərinin yüksəlməsi inflyasiyaya təzyiq göstərə, daşımaların sığorta xərcləri arta, maliyyə və logistika sistemlərində gecikmələr yarana bilər. Yəni İranın coğrafi mövqeyi onun hərbi gücündən daha böyük iqtisadi çəkindirmə imkanları yaradır. Küveyt və Bəhreyn məsələsi isə xüsusilə həssasdır. ABŞ-nin həmin ölkələrdə mühüm hərbi infrastrukturu mövcuddur. Tehran bu ölkələrə dolayı şəkildə belə mesaj verməyə çalışa bilər: əraziniz İran əleyhinə hərbi əməliyyatlarda istifadə olunarsa, müharibədən tam kənarda qalacağınıza təminat yoxdur. Lakin bu strategiyanın İran üçün ciddi riski var. Tehran Körfəz ölkələrini ABŞ-yə təzyiq göstərməyə sövq etmək istəyərkən əks nəticə əldə edə bilər. İran təhlükəsi artdıqca Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ təhlükəsizliklərini ABŞ ilə daha sıx hərbi əməkdaşlıqda görə bilərlər. Belə olarsa, İran ABŞ-nin regiondakı mövcudluğunu zəiflətmək əvəzinə onun siyasi legitimliyini gücləndirmiş olar. Körfəz ölkələri arasında İran təhlükəsinə qarşı daha koordinasiyalı təhlükəsizlik mexanizminin formalaşması da mümkündür. Məhz buna görə Tehran çox incə və təhlükəli xətt üzərində hərəkət edir. Mən İranın hazırkı əsas məqsədinin geniş regional müharibə başlatmaq olduğunu düşünmürəm. Tehranın daha fundamental məqsədləri var: dövlət sisteminin və hakimiyyətin təhlükəsizliyini qorumaq, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının qiymətini yüksəltmək, İranın regional təsir imkanlarını saxlamaq və gələcək danışıqlarda əlini gücləndirmək. Başqa sözlə, İran ABŞ ilə klassik müharibədə qalib gəlməyi planlaşdırmır. Tehran belə müharibədə qüvvələr nisbətinin onun xeyrinə olmadığını çox yaxşı anlayır. İranın daha real strategiyası ABŞ-nin hərbi üstünlüyünün qiymətini artırmaqdır. Vaşinqtonda belə bir sual yaratmaq istəyir: İrana qarşı genişmiqyaslı əməliyyat nəticəsində əldə ediləcək hərbi nəticə Hörmüzdə yaranacaq böhrana, ABŞ bazalarına hücumlara, neft qiymətlərinin yüksəlməsinə, Körfəz ölkələrinin destabilizasiyasına və dünya iqtisadiyyatına dəyəcək zərərə dəyərmi?
Əgər Tehran Vaşinqtonu bu hesablamanı aparmağa məcbur edirsə, özündən qat-qat güclü rəqib qarşısında müəyyən strateji çəkindirmə yaratmış olur. Bəs Tehran blef edirmi? Qismən, əlbəttə, informasiya və psixoloji müharibə elementi mövcuddur. Lakin problem ondadır ki, bu blefin arxasında real raketlər, real dronlar, real coğrafi imkanlar və ABŞ-nin real regional bazaları dayanır. Çəkindirmənin işləməsi üçün qarşı tərəf təhdidin müəyyən hissəsinin həyata keçirilə biləcəyinə inanmalıdır. Əgər Vaşinqton və Təl-Əviv İranın heç vaxt Hörmüzə, ABŞ bazalarına və strateji infrastruktura toxunmayacağı qənaətinə gəlsələr, Tehranın çəkindirmə mexanizmi zəifləyər. Ona görə İran müəyyən hərbi imkanlarını nümayiş etdirməyə məcburdur. Lakin ən böyük təhlükə də məhz burada başlayır. İran deyir: “Mən siz hücum etməyəsiniz deyə silahlanıram”. ABŞ və İsrail isə həmin prosesi “İran daha böyük müharibəyə hazırlaşır” kimi oxuya bilər. Nəticədə ABŞ və İsrail öz hərbi hazırlığını artırır. Tehran bunu yeni hücumun hazırlığı kimi qəbul edir və daha çox raket, dron və müdafiə sistemi istehsal edir. Bununla klassik təhlükəsizlik dilemması yaranır: hər tərəfin öz təhlükəsizliyini artırmaq üçün atdığı addım qarşı tərəfin təhlükəsizlik hissini azaldır. Məncə, Yaxın Şərq üçün əsas təhlükə İran rəhbərliyinin bir gün regional müharibəyə başlamaq qərarı verməsindən daha çox, idarə olunan eskalasiyanın idarəolunmaz eskalasiyaya çevrilməsidir. Bir raketin yanlış hədəfə düşməsi, ABŞ bazasında böyük insan itkisinin yaranması, Hörmüzdə tankerə hücum, mühüm sualtı kabelin sıradan çıxması və yaxud İsrailin İran daxilində strateji obyektə ağır zərbə endirməsi qarşılıqlı cavab zəncirini işə sala bilər. O zaman tərəflərin geri çəkilməsi siyasi baxımdan daha çətin olacaq. Çünki qarşıdurmanın müəyyən mərhələsindən sonra məsələ yalnız hərbi məqsədlərlə deyil, nüfuz, daxili ictimai rəy və hakimiyyətlərin siyasi legitimliyi ilə əlaqələnir. Daha böyük geosiyasi mənzərədə isə İranın mübarizəsi yalnız İsraillə qarşıdurmadan ibarət deyil. Tehran ABŞ-nin onilliklər ərzində Yaxın Şərqdə qurduğu təhlükəsizlik sistemində özünə daha böyük yer açmağa çalışır. Bu sistem ABŞ hərbi bazaları, Körfəz monarxiyaları ilə təhlükəsizlik əməkdaşlığı, enerji marşrutlarının qorunması və İsrailin hərbi üstünlüyü üzərində qurulub. İran bu sistemi birbaşa dağıda bilməz. Bunun üçün kifayət qədər iqtisadi və hərbi gücü yoxdur. Lakin həmin sistemin fəaliyyət xərclərini yüksəldə bilər. Mənim qənaətimcə, İran strategiyasının əsas məntiqini bir cümlə ilə belə ifadə etmək olar: Tehran müharibəyə başlamaqdan daha çox, mümkün növbəti müharibənin qaydalarını dəyişməyə hazırlaşır. İran istəyir ki, Vaşinqton və Təl-Əviv növbəti dəfə İrana qarşı böyük əməliyyatı nəzərdən keçirərkən yalnız İran ordusunun cavabını hesablamasın. Hörmüzü, neft və qaz qiymətlərini, ABŞ bazalarını, Körfəz dövlətlərini, dəniz yollarını, sualtı kommunikasiya kabellərini və qlobal iqtisadi nəticələri də həmin hesablamaya daxil etsin. Bu, müəyyən mənada rasional çəkindirmə strategiyasıdır. Amma eyni zamanda son dərəcə təhlükəlidir. Çünki çəkindirmə qarşı tərəfin riskin böyüklüyünü görərək geri çəkiləcəyi fərziyyəsinə əsaslanır. Əgər Tehran Vaşinqtonun geri çəkiləcəyinə, Vaşinqton isə Tehranın son anda geri addım atacağına həddindən artıq inanarsa, çəkindirmə mexanizmi əks nəticə verə bilər. Belə vəziyyətdə böyük müharibənin başlanması üçün tərəflərdən heç birinin əvvəlcədən böyük müharibə istəməsi belə lazım deyil. Yanlış hesablama, yanlış kəşfiyyat məlumatı və ya həddindən artıq sərt cavab kifayət edə bilər. Ona görə də hazırkı mərhələdə ən təhlükəli məsələ İranın müharibə istəyib-istəməməsi deyil. Əsas təhlükə odur ki, bütün tərəflər müharibəyə hazırlaşaraq müharibənin qarşısını almağa çalışırlar. Tarixdə isə məhz belə qarşıdurmaların nəzarətdən çıxması çox ağır nəticələr doğurub”.
Cavanşir Abbaslı
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ