Onlayn ictimai-siyasi qəzet
Xorvatiyada əhalinin azaldığı bəzi ərazilərdə bələdiyyələr gənc ailələri bölgəyə cəlb etmək üçün torpaq və evlərlə bağlı xüsusi təşviq proqramları həyata keçirir.
Musavat.com xəbər verir ki, bu proqramlar bütün ölkə üzrə tətbiq olunmur və yalnız əhali itkisi yaşayan müəyyən yaşayış məntəqələrini əhatə edir.
Leqrad və Vodnyan kimi bəzi bələdiyyələrdə istifadəsiz qalmış evlər və torpaq sahələri simvolik qiymətlərlə satışa çıxarılır və ya uzunmüddətli icarəyə verilir.
Bəzi hallarda qiymət cəmi 0,13 avrodan başlayır. Mülk əldə edən ailələrə evlərin təmir edilərək yaşayış üçün yararlı vəziyyətə gətirilməsi məqsədilə maliyyə yardımı və qrantlar da təqdim olunur.
Proqramdan kimlər yararlana bilər?
Təşviq proqramlarının şərtləri bələdiyyədən asılı olaraq dəyişsə də, əsas tələblər arasında bunlar yer alır:
Ərizəçinin və ya cütlüyün 40 yaşdan aşağı olması;
Alınan və ya ayrılan evdə ən azı 10-15 il yaşamaq öhdəliyi;
Torpaq sahəsi əldə edənlərin 2-3 il ərzində tikintini başa çatdırması;
Ev alanların isə müəyyən müddət ərzində əmlakı yaşayış üçün yararlı vəziyyətə gətirməsi.
Bəzi proqramlarda üstünlük Xorvatiya vətəndaşlarına, Avropa İttifaqı vətəndaşlarına və ölkədə qanuni uzunmüddətli yaşayış icazəsi olan şəxslərə verilir.
Mütəxəssislər bu təşəbbüslərin məqsədinin pulsuz və şərtsiz şəkildə əmlak paylamaq deyil, kənd və kiçik yaşayış məntəqələrində əhali azalmasının qarşısını almaq, gənc ailələri bölgələrə cəlb etmək və yerli iqtisadiyyatı canlandırmaq olduğunu bildirirlər.
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ